Mahnının sözlərini əzbər bilənlər

4-08-2015, 04:48
0
Mahnının sözlərini əzbər bilənlər

Uşaqlığımızın və yeniyetməlik çağımızın kino təcrübəsindən təbəssüm və ironiya ilə xatırladığım bir məqamı heç vaxt unutmuram. Sovet əhalisi üçün xarici filmlərin sayı çox məhdud dairəni keçmirdi. Ideologiya imkan vermirdi buna, çünki sovet adamı hər estetika ilə, hər mövzu ilə üz-üzə qala bilməzdi. Birdən ekrandan burjua ölkəsinin xeyrinə olan nəsə görünə bilərdi, yaxud sovet quruluşunun və ya sosializmin ziddinə. Bircə hind filmlərindən bolluq idi. Hamısının da süjeti məhəbbətlə bağlı idi, yaxud kasıb oğlan böyüyüb uğur qazanır, mafiyadakı düşmənlərinə dərs verirdi.
Hind filmləri həm də çox sayda musiqi ilə davam edirdi. Nə hikmət idisə, bu hind filmlərində mahnının sözlərini hamı bilirdi, oxuyan qəhrəmanlar küçədə kimə yaxınlaşırdı, onlar da dərhal həmin mahnını oxuyur, yaxud nəqaratı təkrar edirdilər. Küçədə dilənən, su satan, uşaq, cavan, qoca, hətta polis işçisi ona yaxınlaşan qəhrəmanlara qoşulub oxuyur və rəqs edirdi. Mən də düşünürdüm ki, bunlar hamısı mahnının sözlərini haradan bilirlər. Necə var, eləcə də təkrar edirlər.
Indi də Əliyevlər hakimiyyətinin uydurduğu nağılların sözlərini, ən müxtəlif adamlar necə də əzbər bilir, necə də sərrast təkrar edirlər. Ən müxtəlif media orqanları eyni şeyi yazır, ən müxtəlif partiyalardan olan müdriklər, tənha dahilər, vətən və dövlətçilik qayğısı çəkməkdən beli hind rahibi kimi əyilənlər, ziyalılar, ziyalı olmayanlar eyni havaya oynayır, eyni yalanı bülbül kimi ötürlər...
Son günlərin repressiya olaylarını götürək. Qənimət Zahidin və Emin Millinin qohumları intiqamın hədəfi olduqdan sonra onların hər ikisinin üzərinə hər tərəfdən eyni dəlillərlə gəldilər. Bəs deməzsənmi, onlar özləri rahat yerdə oturub, qohumlarını zərbə altında qoyurlar. Baxın, eyni sözlər, eyni yalan ən müxtəlif ünvanlardan dövriyyəyə buraxıldı. Halbuki, hamı bilir ki, heç bir rahatlıq axtarışından söhbət gedə bilməz, çünki bu adamların hər ikisi siyasi məhbusluqdan keçmiş adamlardır və müstəqil TV yaratmaq üçün xaricə üz tutmaqdan başqa bir yol yoxdur.
Ümumən müxalifət əleyhinə olan arqumentlər, yaxud istənilən tənqidi mövqeli adama qarşı deyilənlər və yazılanlar ən müxtəlif ağızlarda, mənbələrdə, necə deyərlər, ən müxtəlif alətlərdə tam eyni səslənir. Həm də iş təkcə müxaliflərə bitmir. Məsələn, baxırsan ki, bəlli ansambl Rusiyanın Qarabağı Azərbaycana qaytarması barədə şayiə yayır. Ən fərqli mənbələr eyni şeyi elə təkrar edir ki, sanki hamısı dünən axşam Putunin qonaqlığında olublar... Sabahısı isə JEK-dən informasiya ala bilməyən bu mənbələrin hamısı “üsyançı diplomat” adlandırdıqları səfirin Rusiya adamı olduğunu yazdılar.
...Leyla Yunus isə ona görə son fotosunda pis görünür ki, özünə baxmır. Ölkədə isə indi sabitlikdir, 1993-cü ildə küçələrdə atışma idi. Günah xalqdadır, biz düzəlməyəcəyik. Dövlətçilik hər şeydən vacibdir, bunların tikdikləri isə xalqa qalacaq. Avropa Oyunları isə ölkəmizi tanımaq üçün çox mühüm tədbirdir və belə tədbiri keçirmək böyük bacarıq tələb edir. Prezident də təyyarə biletlərinin ucuzlaşmasını istədi, amma AZAL ağ eləyib. Ermənistanda da insan haqları pozulur, gör heç dillənən varmı? Biz Ukraynanın gününə düşə bilmərik. Hər halda ölkədə gedən abadlıq işlərini danmaq olmaz....
Mahnıların sözləri eyni, onu oxuyanlar isə müxtəlifdir...
Əzəni qoyub, əziləni ələşdirənlər, problemləri qoyub, Bakının gözəlləşməsindən danışanlar, insan haqlarının pozulmasını qoyub, Avropaya qaçan mühacirlərə sərt münasibətdən söz açanlar həmişə çox mənfur görünürlər. Həm də hamısının eyni sözlərlə, eyni mahnı ilə çıxış etməsinə görə!

 

 

ŞAHVƏLƏD ÇOBANOĞLU

скачать dle 12.1