Müxalifət liderləri də həbs oluna bilər

10-12-2015, 13:13
0
Müxalifət liderləri də həbs oluna bilər
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da həbs edildi. Daha bir siyasi fəal çoxsaylı siyasi məhbuslar ordusu siyahısına daxil edildi. Artıq siyasi və ictimai fəalların həbsi ilə kimlərisə təəccübləndirmək mümkün deyil. Prosesin ardının da olacağı ehtimalı xeyli dərəcədə böyükdür. Həbslər əslində qarşıdan gələn iqtisadi böhrana hesablanmış addım kimi də təqdim oluna bilər.
Siyasətdə rəqiblərinə qarşı ən müxtəlif üsullarla mübarizə aparmaq təcrübəsi həmişə mövcud olub. Lakin heç bir zaman siyasi rəqiblərə qarşı bu dərəcədə aşırı amansızlıqla mübarizə aparılmayıb. Belə metodların sonu da yoxdur və beynəlxalq ictimaiyyət tərəfindən mənfi qarşılanır.
Cəmiyyətdə bu dərəcədə gərginlik, qarşıdurmanın yaradılması bədbin proqnozlara əsas verir. Məsələ ondadır ki, cəmiyyəti daha çox sıxmaq və kütləvi qorxu mühiti yaratmaq cəhdləri hakimiyyətin daha böyük planlarından xəbər verir. Yaxın gələcəkdə daha genişmiqyaslı  həbslərin ola biləcəyini də ehtimal edə bilərik. Bu baxımdan, ehtimal edə bilərik ki, Fuad Qəhrəmanlının həbs olunması ilə məsələ yekunlaşmayacaq. Kənardan baxış nəticəsində belə fikir irəli sürmək olar ki, hakimiyyət daha iri həbslərə hazırlaşır və təqiblər bu dəfə yalnız müxalifətçilərə ünvanlanmayacaq.  “Qara siyahı”da iriçaplı məmurlar da ola bilər, bəzi müxalifət liderləri də.
Bir sözlə, yeni ssenari işə düşüb. Təqiblər baş verənlərin mənzərəsini yaratmağa imkan verir. O da istisna deyil ki, hakimiyyət çalışacaq ki, bəzi məmurların müxalifətlə əlaqələrini “sübut” edə bilsin.
Bir sözlə, Azərbaycan hakimiyyəti beynəlxalq öhdəliklərə və ölkə qanunlarına hörmətsizlik nümayişini davam etdirir.
Cəmiyyət iki dilemma qarşısındadır. Ya həbslərin yeni dalğasını gözləməli və ölkənin sürətlə demokratiyadan uzaqlaşmasına boyun əyməli, ya da bu prosesləri durdurmalıdır. Bəyanat vermək, müdafiə komitələri yaratmaq ümumi prosesin yalnız tərkib hissəsi kimi qəbul oluna bilər. Təqibləri durdurmaq üçün daha çevik addımların atılması zəruridir.
Hakimiyyət iqtisadi böhranla bağlı yaxınlarda baş verə biləcək narazılıqdan ehtiyat edir. Hansısa narazılıq edənin dərhal həbs ediləcəyini və təqiblərə məruz qalacağını nümayiş etdirir. Qanunvericiliyin son zamanlar xeyli sərtləşdirilməsi də yəqin ki, bu amilə xidmət edir.
Əgər, yaxın gələcəkdə ölkədə narazılıqlar daha da artarsa, hakimiyyət hətta siyasi liderləri həbs etmək addımına belə gedə bilər. Amma insanların qorxu altında saxlanması bumeranq effekti də verə bilər. Bu baxımdan  hakimiyyət baş qaldıran narazılıqların qarşısını  təqiblər, xof yolu ilə deyil, islahatlar yolu ilə alsa daha yaxşı olar.
İqtidar daha sərt idarəçiliyə keçir. Siyasi müstəvidə vintləri sıxılır və əsas hədəfdə də tənqidçi medianın, müxalifət partiyalarının, sosial şəbəkələrin və özlərini müstəqil aparmağa başlayan məmurların sıradan çıxarılması durur. Odur ki, dəqiq deyə bilərik: qarşıda bizi olduqca sərt dövr  gözləyir. Vəziyyət daha kritik çalar alır. İqtisadi böhran daha da dərinləşməkdədir.  İqtisadi böhranın nə ilə sonuclanacağı bəlli deyil. Hakimiyyət vəziyyətdən çıxış yolları axtarır. Hələ ki təzyiqlərlə ictimai rəyə nəzarət edə bilir. Lakin hakim komandanın daxilində olan narazılıq iqtidarı labirintə sürükləyir.
Qərb isə baş verənlərə sadəcə, sakit reaksiya verir. Bu dəfə də “narahatıq”, “çox narahatıq”, “üzülürük” ifadəsindən o yana keçməyən bəyanatların səslənəcəyi ehtimalı az deyil. Bu isə onu deməyə əsas verir ki, Qərb siyasi dairələri ilə rəsmi Bakı arasında ictimaiyyətə məlum olmayan hansısa  razılaşma  mövcuddur. Rəsmi Bakı bu həbslərin müqabilində Qərb qarşısında hansı güzəştə gedəcək, onu indidən demək çox çətindir.
Lakin Qərbdə də anlayırlar ki, hakimiyyət müxalifətsiz Azərbaycan modeli qurur. Bu isə demokratik dünya üçün yolverilməzdir. Odur ki, iqtidar siyasi məhbus problemini həll etmək zorundadır...
скачать dle 12.1