Azərbaycanın geriyə yolu yoxdur

14-09-2015, 10:15
0
Azərbaycanın geriyə yolu yoxdur

Avropa Parlamenti Azərbaycan hakimiyyətinə qarşı sərt qətnamə qəbul edib. Elə bir qətnamə ki, hər bəndi hakim komanda üzvlərində ondan da sərt reaksiya doğurdu. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsonov Avropa Parlamentinin qəbul etdiyi qətnaməni ölkəmiz üçün heç bir önəm daşımayan quru kağız parçası adlandırdı. Fuad Ələsgərov Avropa yetkililərinin bu addımını siyasi idiotizm, yəni əbləhlik kimi dəyərləndirdi. Baş nazirin müavini Əli Əhmədov qətnaməni Azərbaycana qarşı yönəlmiş qərəzli, ədalətsiz və yersiz bir münasibət kimi qiymətləndirdi.

Rəsmi görəvlilərin və YAP funksonerlərinin də bu qətnamə ilə bağlı səsləndirdikləri sərt bəyanatları nəzərə alsaq, hakim komandanın yekdilliklə Avropa Parlamentinə qarşı başlatdığı hücum kampaniyasının xeyli vaxt gündəmdə qalacağını güman etmək olar. Əgər bu qətnamənin qəbul edilməsi şimal qonşumuzdan gözlənilən aqressiyanın, təhdidlərin, ölkəmizi öz siyasi nüfuz dairəsinə salmaq planlarının qaşısının alınmasına hesablanmış birgə siyas manevr deyilsə, onda Azərbaycan hakimiyyəti Qərbdən gələn basqıların ciddiliyini mütləq nəzərə almalıdır.

Doğrudan da müstəqillik əldə etdiyimiz və Avropa strukturları ilə əməkdaşlığa başladığımız dönəmdən üzü bəri hakimiyyətə qarşı hələ bu qədər sərt məzmunlu və ittiham dolu akt irəli sürülməmişdir. Hərçənd ki, son vaxtlar ard-arda beynəlxalq təşkilatlar və ayrı-ayrı qərb dölətlərinin ölkəmizdə insan haqlarının pozulması ilə bağlı hazırladığı hesabatlar, qəbul etdiyi sənədlər, sonda bu cür qətnamənin qəbul ediləcəyinə işarələr idi.

Qətnamə geniş məzmunludur və korrupsiya faktlarının araşdırılmasından tutmuş, sərbəst toplaşma, söz-fikir azadlığı, siyasi məhbus problemi, jurnalistlərin və siyasi fəalların repressiya və həbsə məruz qoyulması, vətəndaş cəmiyyəti institutlarının təqib edilməsi də daxil olmaqla, demokratiya və insan haqlarının pozulmasına qədər böyük bir qrafik üzrə tərtib edilib. Nə deyəsən, hər bir halda ölkə adına yaraşan iş deyil və gərək hakimiyyət Avroatlantik məkana inteqrasiyanın yollarını əngəlləyən bu cür qətnamənin qəbul edilməsinə imkan verməyəydi.

Azərbaycandakı ictimai-siyasi vəziyyət, ölkənin demokratik yöndən inkişaf edib-etməməsi, insan haqları, demokratiya məsələləri nə dərəcədə avropa standartlarına uyğunlaşıb, əlbəttə bunlar, yaxından ya uzaqdan siyasi həyatı izləyən hər kəsə tam aydındır. Ola bilsin ki, bir neçə detalları çıxmaq şərti ilə qətnamədə əksini tapan iradlar Azərbaycan gerçəkliyini düzgün əks etdirir. Ola bilsin ki, hakimiyyət yetkililərinin insan haqlarına yanaşmada Qərbin ikili standartlara yol verməsi ilə bağlı iradları da yerindədir.

Lakin söhbət bu gün baş verənlər fonunda Azərbaycan və Avropa İttifaqı arasında yaranmış gərginlikdən və onun Azərbaycana gətirəcəyi ağır siyasi nəticələrdən gedir. Kim ki, bu münasibətlərin korlanmasından Avropanın daha çox itirəcəyi qənaətindədir, biz onlara artıq enerji ehtiyatları ilə bizdən dəfələrlə zəngin olan İranın qapılarının Avropaya açılmasını xatırlatmaq zorundayıq.

Avropa heç Rusiyanın təbii qaz və neft yataqlarının da üzünə bağlanmasından narahat olmayıb və Ukrayna məsələsində adı çəkilən dövlətə təzyiqlərini davam etdirir. Qərb, o cümlədən ABŞ dünya iqtisadiyyatının, demokratik idarə etmənin, elmin və tərəqqinin, müasir texnologiyanın, inkişafı pik həddinə çatan səhiyyənin, kosmik nailiyyətlərin ən yüksək inkişaf zirvəsinə çatan bir özgür dünyadır və onun yüz il də bundan sonra üçün iqtisadi, siyasi potensialı tükənməz görünür.

Siyasi ehtiraslarını cilovlaya bilməyən, Avropanın guya bizdən asılı olduğunu iddia edən bəzi hakimiyyət nümayəndələrinə sual ola bilər ki, elm Azərbaycanda yüksək inkişaf edibsə, niyə öz övladlarını təhsil haqqı yüz minllərlə hesablanan Avropa təhsil ocaqlarına göndərirlər? Niyə mərhum ölkə başçısı H.Əliyev də daxil olmaqla, ağır xəstəliyə düçar olanlar səhiyyəmizə güvənməyib, Qərb ölkələrinə üz tuturlar? Bu gün neftin hasilatı, nəqli üzrə əldə etdiyimiz ən yüksək texnoloji nailiyyətlər, Xəzərin dərinliyindən neft və qazın elmi-texnoloji üsullarla hasil edilməsi bəlkə Qərbin deyil, iqtisadi geriliklər içində çabalayan Rusiyanın hesabına əldə edilib?

Əsrin neft kontraktlarına imza atan qərb şirkətləri deyildimi, Rusiyanın Azərbaycanla bağlı qorxulu çevriliş planlarını əngəlləyən? İndi nə oldu ki, hansı böyük iqtisadi, siyasi nəhəng gücə yiyələndik ki, bizi İran xofundan, Rusiya təhlükəsindən sığortalayan, ictimai-siyasi həyatımıza demokratik dolğunluq gətirən Qərb adlı məkandan imtina etmək barədə absurd fikirlər sələndirilir?

Azərbaycanın geriyə yolu yoxdur, Qərbin yanında yer almalıdır, Avroatlantik məkana inteqrasiyadan bir addım geri durmamalıdır və Qərblə münasibətlərində iqtisadi, siyasi əməkdaşlıqla yanaşı, demokratik dəyərləri də prioritet olaraq qəbul etməlidir. Bunun üçün tək bir addım lazımdır. İnsan haqları, demokratiya, düşüncə özgürlüyü, siyasi plüralizm, fərdi azadlıqlar, demokratik dəyərlər, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi, söz, mətbuat, sərbəst toplaşma azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək və Avropa ilə qarşılıqlı əməkdaşlığa söykənən siyasət izləmək.

Balıyev Tanrı

скачать dle 12.1