Azərbaycan – oğurlanmış ölkə

15-02-2016, 16:41
0
Azərbaycan – oğurlanmış ölkə

Xaliq Bahadır

Klinika ilə bağlı bilgidən qabaq klinikanın yaradıcısı Fərman Ceyranlı ilə bağlı bilgi verəcəm. Internetdə istər doktorla, istərsə də klinika ilə bağlı geniş bilgilər olduğundan mən oxucularımıza qısa, ancaq daha önəmli bilgilər verməyə çalışacam.

başlanğıcı 10 fevral sayımızda

“Lanset” klinikası

Borçalıda doğulmuş Fərman Ceyranlı 1980-ci ildə Azərbaycan Dövlət Tibb Institutunu bitirib. 1982-92-ci illərdə I.M.Seçenov adına Moskva Tibb Akademiyasında çalışıb. 1990-cı ildə tibb elmləri doktoru adını alıb. 1993-cü ildən o, Azərbaycana qayıdıb, qabaqca Səhiyyə Nazirliyində Elm idarəsinin rəisi, 1994-cü ildə Mustafa Topçubaşov adına cərrahlıq institutunda direktor yardımçısı, 1995-ci ildən institutun direktoru olub, bununla yanaşı Səhiyə Nazirliyinin baş cərrahı görəvini yerinə yetirib. 2004-cü ildə o, respublikada ilk özəl klinikalardan birini – “Lanset” klinikasını yaradıb. Tibb alanında bir çox uğurlu işləri ulə tanınan, yalnız Azərbaycanda deyil, Azərbaycandan uzaqlarda da saylıb-seçilən F.Ceyranlı 2014-cü ildə Azərbaycandan yığışıb getməli olub. Gedib, Tiflisdə indi adı Tiflisdən çox-çox uzaqlarda tanınan “Lanset” klinikasını yaradıb. Bu yerdə yada ünlü Şəhriyarın “Heydərbaba” poemasından bir neçə qatar söz düşür:

Heydərbaba, səni Vətən bilmişdim,

Vətən deyib, baş götürüb gəlmişdim,

Səni görüb, göz yaşımı silmişdim,

Halbuki, lap qəmli qürbət səndəymiş,

Qara zindan, acı şərbət səndəymiş.

Beləcə, bizim Vətən sevgimiz çox çağ hansısa sevgisiz-duyğusuz “divarlara” dəyib çilik-çilik olur. Ancaq biz əl-ayağımızdan qat-qat artıq ürəyimizi qanadan o Vətən sevgisini də aldığımız çoxsaylı zərbələr üzündən arada saxlaya bilmədiyimiz göz yaşlarımızla suvarıb yaşatmağa çalışırıq!

Klinikanın yaranma tarixindən

F.Ceyranlı gənc prezident M.Saakaşvilidən başlayan Gürcüstan qanunlarına uyğun olaraq, bələdiyəyə tikilməsini planlaşdırdığı klinikanın projesini verir. Projeyə görə klinikada 300 adam çalışmalıymış. Klinikaya yer ayrılması ilə bağlı projenin doğrulanması azacıq gecikməklə iş gedib Saakaşviliyə çıxıb. “Bu projenin gerçəkləşməsi ilə mənim 300 vətəndaşıma iş yeri açılır”,- deyən Saakaşvili klinika üçün prezident fondundan 1,5 hektar (hektar yarım!) yer ayırıb. Bundan sonra F.Ceyranlı özünün tikinti firmasını yaratmaqla tikinti işlərinə başlayıb. Orada özəl tikinti firması yaratmağın öz nədəni var: sən hansısa projeni özünün tikinti firmanla gerçəkləşdirirsənsə, dövlət tikinti işləri ilə bağlı səndən vergi tutmur. Beləliklə, hektar yarımlıq bir yerdə 10 qatlı böyük bir klinika kompleksi yaradılıb – içində hotel olmaqla. Yüksək həkim professionallığı, eləcə də qiymətlərin başqalarından aşağı olması ilə bağlı klinika az bir arada regional xarakter almağa başlayıb. Indi bu klinikaya Azərbaycan başda olmaqla bütün Qafqazdan axın yaranıb. Klinikada Türkiyədən, bir sıra başqa ölkələrdən də gəlib çalışan həkim-professionallar var. Klinikaya tibbin, demək olar, bütün yönləri üzrə çağdaş avadanlıqlar alınıb. Bu gün klinikanın personalı proje göstəricisindən çox uzağa gedərək 630-a çatıb.

Klinikanın tikintisi 25 milyona başa gəlib. Bugünkü Azərbaycanda belə bir klinikanı 100 milyon dollara da başa gətirmək olmazdı. Nədən? Rüşvət-korrupsiya-oğurluq- soyğunçuluq-monopoliya kimi dağıdıcı neqativlərin DÖVLƏT SIYASƏTINƏ dönüşdürülməsi üzündən. Istər Fərman Ceyranlı olsun, istərsə də professionallıq baxımından ondan qat-qat üstün başqa birisi olsun: bu gün Bakıda hektar yarım nədi, 5 sot yeri də pulsuz alıb klinika, klinika kimi xalqa gərəkli nəsə tikmək olmaz. Bundan ötrü ən birncisi rejimin bütünlüklə inandığı, bütünlüklə rejimə bağlı kimsə olmalısan. Ikincisi, yerin, obyektin böyük-kiçikliyindən asılı olaraq bir çox yerlərə pul ötürməlisən. Başqa, daha əlverişli çıxış yolu ölkədəki ən yüksək posta yol tapmaqdır, bu isə çoxlarının yetəcəyi yetənək deyil. Tiflisdə Saakaşvilinin F.Ceyranlıya pulsuz verdiyi hektar yarım yeri Bakıda almaq üçün qabaqca yuxarıya yol tapmaq, sonra da az qala 100 milyonluq rüşvət vermək gərəkdir.

Gürcüstanda Azərbaycandakı antixalq siyasətləri yerinə xalqa yönəlik siyasətlər yürüdüldüyü üçün Tiflisin özündən tutmuş sınır gömrüyünədək qanunçuluq yüksəkdə dayanlr. Bu üzdən də Gürcüstanda tikinti materialları bizdəkindən çox ucuzdur. Bütün bunlara görə bizdəki hakimiyət adamları Gürcüstanda çeşidli tikinti işlərini – tikinti bizneslərini durmadan genişləndirirlər. Onlar total qanunsuzluq axarında Azərbaycan dövlətindən, Azərbaycan xalqından oğurladıqları milyonları, milyardları Gürcüstanda çox asan, eləcə də çox ucuz başa gələn tikinti biznesinə yatırırlar. Üstəlik, onlar Gürcüstan hökumətinin Saakaşvilidən qalma başlıca qoşullarından birini yerinə yetirmiş olurlar: Gürcüstan vətəndaşlarına iş yeri açmaq. Fövqəladə Pullar Nazirliyi başda olmaqla Azərbaycanda olan bir çox dövlət qurumlarından Gürcüstanda da var, ancaq o qurumların biri də Gürcüstan vətəndaşlarının irili-xırdalı biznesinə yaxın düşə bilməz.

Bizdə çoxu oğru-korrupsioner yığını olan əlaltı parlamentdən antixalq xarakteri daşıyan qondarma çox qanunlar keçirir, sonra da polis başda olmaqla bir çox bəlli soyğunçu dövlət qurumlarına bu qanunların “icrasına nəzarət” etmək tapşırılır. Beləliklə, yuxarıdan aşağıya “legitim” soyğunçuluq mexanizmi yaradılır. Beləliklə, xalq “legitim” olaraq soyulur. Saakaşviliyədək Azərbaycandan qat-qat acınacaqlı durumda olan, rüşvət-korrupsiya bataqlığına batan Gürcüstanda indi gerçək bir hakimiyət-xalq birliyi var; bu birlik üzündən də ölkədə xalqın soyulması faktına son qoyulub. Bizdə 23 ildi (gerçəkdə 50 ildi!) Əliyevlər rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq- monopoliya kimi neqativlərlə durmadan “mübarizə” aparırlar. Ancaq… nəyə görəsə bu neqativlər Azərbaycanda durmadan çiçəklənir, durmadan daha dönməz xarakter alır. Bütün bu neqativlərə bizdə “prezident təkdir, neyləsin”, “prezident yaxşıdır, ətrafı pisdir” kimi düşük don geydirilir. Bir daha demək gərəkir: rüşvət-korrupsiya bataqlığına batmaq baxımından Azərbaycandan qat-qat ağır-acınacaqlı durumda olan Gürcüstanı gənc Saakaşvili təkbaşına demokratiya yoluna çıxardı, təkbaşına düzgün yola döndərdi. Bu gün Gürcüstan dönməz demokratiya-qanunçuluq, buna uyğun olaraq da gəlişmə-yüksəliş yolundadır!

Klinikada qaldığım günlərdə Fərman doktor istər klinika ilə, istərsə də bütövlükdə Gürcüstanda gündəlik baş verənlərlə bağlı söhbətlərində tez-tez sevinərək belə deyirdi: “Bax, demokratiyanın gözəlliyi budur, bundadır!” Onun dediyi gözəllik demokratiyanın, demokratik prinsiplərin doğurduğu özgürlük, qanunçuluq görsənişləri idi: o boyda biznesin yiyəsi olan F.Ceyranlının işinə yalnız vergi orqanı qarışa bilər, o da pul qoparmaq üçün deyil, yalnız qanunçuluqla bağlı – Gürcüstan qanunlarının düzgün yerinə yetirilib-yetirilməməsi ilə bağlı. Istər-istəməz demək gərəkir: budur demokratiyanın gözəlliyi! Gürcüstan faktiki olaraq belə bir gözəllik yolundadır – adamları daha da adamlaşdıran, içindən, içkin olaraq sağlamlaşdıran gözəllik yolunda!!

Fərman Ceyranlının dövləti

Buddizmdə deyilir: “Hər bir insan dövlət olmalıdır”. Bu deyimin dərinliyinə varmadan bildirirəm: “Lanset” kliikası Fərman Ceyranlının təkbaşına yaratdığı dövlətdir – dövlətçilik düşüncəsiylə yaradılan dövlət!. F.Ceyranlı özünün hektar yarımlıq dövlətində prezident I.Əliyevin 80 min kvadratmetrlik, 10 milyonluq Azərbaycanda yaratdığı iş yerindən daha artıq, daha üstün iş yeri yaradıb – 630 iş yeri. Bu, 630 ailə deməkdir. I.Əliyev “Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur”, desə də, Fərman doktor bir belə iş yerini Azərbaycanda aça bilməzdi – bizdə bütün fundamental azadlıqlar, başqa cür desək, bütün fundamental hüquqlar bir adamın, bir ailənin əlində olduğu üçün! Yuxarıda dediyim kimi, biz doktorla arada oturub söhbətləşirdik. O söhbətlər boyunca onun kabinetinə gürcülər, azərbaycanlılar gəlib-gedirdilər. Necə? Gürcülər hamısı dik duruşlu, şax-şux, azərbaycanlılarsa əzilmiş-üzülmüş, yenilmiş durumda, yoxsulluq içində. Neçəsi pulu çatmadığından müalicəsini yarımçıq qoyub getmək istəyirkən, Fərman doktor: “Müalicəni yarımçıq qoymaq olmaz, qalan pulu mən ödəyərəm”, deyə onları geri qaytarırdı. Gerçək dövlət də, gerçək dövlət başçısı da belə olur: “bizimkilər”, “onlar” bölgüsü bilib-tanımır, dövlətindəkilərin hamısına qayğı, sayğı göstərir – özü də… sözdə yox, işdə!

Ikinci göz operasiyası

Ikinci gözümlə bağlı operasiya xərcini Gürcüstandakı “Insan çətinlikdə” qurumu üzəriunə götürmüşdü. Başında bir gürcü qadınının dayandığı avropaya bağlı bu qurum nəyə görəsə bizi günlərlə aldadandan sonra klinikaya pul çöçürməkdən boyun qaçırdı. Buna görə Bakıdan mənə pul tapıb gətirməli oldular. (Mənim bu qurumla çəkişməm qarşıdadır). Iki aylıq get-gəl boyunca mənə çoxlu köməyi dəymiş jurnalist dostumuz Əfqan Muxtarlı çox çalışsa da, “Insan çətinlikdə” qurumunun boynuna götürdüyü yardımı gerçəkləşdirmə şalışmaları boşa çıxdı. “Insan çətinlikdə” qurumu bizi beləcə gözlənilməz çətinliyə saldı…

Açıqbaşla başıbağlı Azərbaycanın başqalıqları

AzTV-lər elə hey qonşu “Ermənistan”ın dağılıb-batdığı ilə bağlı yalançı sücetlər göstərirlər. Ancaq, qonşu Gürcüstanla bağlı susqunluqdur. Qabaqca “Ermənistan”dan başlayaq. Doğal resurslar sarıdan yoxsul “Ermənistan” bir çox göstəricilərinə görə doğal resursları aşıb-daşan Azərbaycanı üstələyir. Bir fakt: elm, təhsil göstəricilərinə görə “Ermənistan” 74-cü, Azərbaycan 104-cü yerdədir. Başqa, kiçicik bir fakt: “Ermənistan” məktəblərində uşaqlara isti yemək verilir, Azərbaycan məktəblərində… uşaqlardan süpürgə pulu yığılır!

Gürcüstana gəlincə, rejim televiziyalarının Gürcüstanla bağlı susqunluğu iki fakta söykənir. 1) Gürcüstanda Əliyevlər ailəsinin, bu ailəyə bağlı nazir-oliqarxların bütün Gürcüstanı bürüyən biznesi var; 2) demokratiya yolunda olan, bu yolda durmadan irəliləyən Gürcüstan əliyevçi hakimiyət üçün olduqca əlverişsiz örnəkdir. Baxın, Gürcüstanda çoxdan tibb sığortası uyğulanmaqdadır. Tibb sığortası Gürcüstan vətəndaşlarına ayrıca sağlamlıq güvənci yaradır. Bu yöndə bir neçə fakt.

Gürcüstanda Səhiyə Nazirliyi çoxdan Sosial Nazirliyin içində əridilib. Mən Gürcüstan vətəndaşı olsaydım, Gürcüstanda istədiyim xəstəxanaya, eləcə də özəl klinikaya pul sorunu ilə üzləşmədən, arxayınlıqla gedə bilərdim: mənim sağlamlıq sorunu ilə bağlı xərclərimin 70 faizini köçürmə yoluyla dövlət ödəyəcəkdi. Bu 70 faizli dövlət ödənişi hamı üçündür. Gürcüstanda müəllim 100 faiz ödənişlidir. Başqa cür desək, xəstəxanaya (klinikaya) üz tutmalı olan müəllimin xərcini 100 faiz dövlət ödəyir. Eləcə də “tezyardım”la (ərəbcə olan “təcili… yardım” yerinə bu termini qullanmağı gərəkli sayıram) xəstəxanaya, klinikaya çatdırılan xəstə 100 faiz ödənişlidir – başına birdən iş gəlib deyə!

Bizdə, doğal resursları aşaıb-daşan Azərbaycanda, necədir? “Azərbaycan demokratiya yolundadır. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyatımız var”,- bunu Azərbaycan prezidenti adlanan I.Əliyev deyir. Başdan-ayağa yalandır: bizdə indiyədək bircə dənə də demokratik “təsisat” qurulmayıb; bu baxımdan bütünlüklə uğursuzluq içindəyik. Belə olmasaydı, bizdə də Gürcüstandakı kimi seçkilər demokratik keçirilər, xalq demokratiyanın nə olduğunu, necə olduğunu, dadını-tamını gündəlik yaşamında görər, duyar, sezərdi. Ikinci, bizdə “güclü iqtisadiyyatın” konkret faktı neft milyardlarının kəsilməsiylə manatın kəskin ucuzlaşması kimi danılmaz bir görsənişdir. Üçüncüsü, bizdə tibb sığortasının olmaması, bircə elə bu üzdən də xalqın bütünlüklə düşkün duruma salınması faktı.

Hansı faktlardan çıxış etdiyi bəlli olmayan I.Əliyev deyir: “Biz bu gün insan kapitalına sərnayə yatırırıq”. Başqaları bir yana, 200-300 manat aylıq alan müəllim, alim dövlət qurumlarından tutmuş xəstəxana-klinikalaradək hər yerdə soyulursa, pulsuzluqdan qorxa-qorxa girdiyi ət dükanında onu qapının girəcəyinə yazılıb vurulmuş “NISYƏ ƏT VERILMIR” uyarısı qarşılayırsa, sizin sözdə “sərmayə” qoyduğunuz insan kapitalı yalnız soyub-yağmalamaqla əldə etdiyiniz qazanc baxımından kapital sayıla bilər – canlı kapital! Doğal resurslardan yoxsul Gürcüstanda bir dənə də mağazada “Nisyə mal verilmir” uyarısı görmək olmaz. Azərbaycanın hər yerində belə uyarılar görmək olar. Bizim köylərimizdəsə, aldıqları malın pulunu aylarla verə bilməyən pensiyaçılar pensiya kartlarını biryolluq mağaza yiyələrinə “bağışlamaqla”, bəlkə də, dünyanın ən acınacaqlı INSAN KAPITALINA çevriliblər!

ardı var

скачать dle 12.1