Öldürürlər, biz isə susmalıyıq…

30-03-2016, 18:06
0
Öldürürlər, biz isə susmalıyıq…

Şahvələd Çobanoğlu

Polisdə işgəncə ilə öldürürlər. Orduda özbaşınalıq gənclərin ölümünə səbəb olur. Həbsxanalarda istədikləri halda insanı qarışqa kimi məhv edirlər…

Bununla bitmir!

Ədalətsiz məhkəmə qərarları insanları talesiz hala salır. Haqqını qoruya bilməyənlər həyatlarını dəyişən itkilərlə üzləşirlər. Qeyri-bərabər yanaşmalar, ayrı-seçkilik insanı toplumdan, kollektivdən, həyat yolundan çıxdaş edir. Insanın iqbalı tərsinə dönür: maddi itkilər, sıxıntılar, haqsızlığın qəzəbi, səni üzən küskünlük və dərd o qədər ağır olur ki, çətin ayaq üstə dura bilirsən.

Bununla da bitmir!

Oğru məmur doymadan ictimai sərvətləri sümürür. Toplumun az bir hissəsi zənginləşir, həm də zalımlaşır. Toplumun böyük qisminin isə üzləşdiyi kasıblıq, səfalət, işsizlik vəbunlardan yaranan ailə dramaları, qovğalar, xəstəliklər, qarşıdurmalar, xəyanətlər, cinayətlər öldürməkdə davam edir. Intiharlar da bir yandan!

Yenə də bitmir!

Pis idarəçilik və korrupsiya ölkəni geriliyin məhvərində saxlayır. Normal səhiyyəyoxdur, tibbi sığorta yoxdur. Ziyanlı və keyfiyyətsiz qidalar da öldürür. Böyük pullara başa gəlmiş su kəməri ilə evlərə su da gəlmədi, hətta təmiz su da içmir adamlar. Öldürürlər.

Amma bütün bunları deyənləri düşmən elan ediblər illərdir. Azad olunan və olunmayan siyasi məhbuslar kimlərdir bəs? hakim rejimin öldürəəməllərinə sus deyənlər.

NIDA-çı gənclər “Əsgər ölümlərinə yox!” aksiyalarından sonra həbs edildilər. Onlar ölümə yox demişdilər. Həmin aksiyaların sosial şəbəkələrində dəvət-çağırışını yaradan Ilkin Rüstəmzadə indi də həbsdədir.

Anar Məmmədli seçki saxtakarlığını müşahidə edən və ortaya çıxaran bir mərkəzərəhbərlik edirdi. Bu saxtakarlıq ölkəni indiki bəlalardan çıxmağa qoymur. IntiqamƏliyev isə hüquqların yorulmaz müdafiəçisi idi. O, hökumətin hədələrini qəbul etməyib, ədaləti müdafiə edən hüquqşünasların simvoluna çevrilib. Susmur vəməhkəmələrin öldürülməsini ifşa edirdi.

Xədicə Ismayıl korrupsiyanı xirtdəyindən tutdu. Elə faktları üzə çıxardı ki, elə bil Prometey odu allahlardan oğurlayın insanlar gətirmişdi. Seymur Həzi bu ölkədə haqqın səsini duyuranların ön cərgəsində idi. Fuad Qəhrəmanlı sosial şəbəkədə yazdığı bir neçə cümləlik qeydinə görə həbsə atıldı.

Məqsəd fəalları, onların timsalında fəal kəsimi və bütünlüklə cəmiyyəti susdurmaqdır. Bunlar deyir ki, talasınlar, yesinlər və hətta öldürsünlər, amma biz susaq.

Bunlar deyir: “Biz sizi məhv edək, amma siz susun!”

Ilk baxışdan hakimiyyətə dəxli olmayan bir problemə diqqət ayıraq. Yol qəzalarına. Televiziyalar bu qəzalardakı ölümləri elə qələmə verir ki, sanki günahkar “trafik canavarıdır”. Bəs hökumətin sorumluluğu yoxdurmu? Bu arada mənim də üzvü olduğum Sivil Toplum Platforması yol qəzaları ilə bağlı sənəd yaydı. Sənəddən bəlli olur ki, bir çox ölkələrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində yol qəzalarının sayı minimuma enib, xəsarət alanların və ölənlərin sayı hədsiz azalıb. Bu tendensiyanın bütün dünyada müşahidə edilməsindən ruhlanan BMT Baş Assambleyası 2010-cu ildəyol-nəqliyyat hadisələri zamanı ölüm hallarının iki dəfə azaldılması barədə “Onillik Fəaliyyət Proqramı” qəbul edib və Dünya Səhiyyə Təşkilatı da bunun əsasında üzv ölkələr üçün proqramı hazırlayıb. Bir çox ölkələrdə artıq kəskin irəliləyiş əldə ediblər. Azalma ilbəil müşahidə edilməkdədir. 2010-cu ildən bu yana ölüm halları bütün Avropa üzrə ümumilikdə 8,1% azalıb. Azərbaycanda isə rəsmi rəqəmlər heç bir azalmadan xəbər vermir. 2010-cu ildə yol qəzalarında həlak olanları sayı 925 nəfər olmuşdusa, 2014-cü ildə 1124 nəfərdir.

Hətta yollarda insanları öldürməkdə davam edirlər. Səbəblərdən biri kimi, təkcə yol polisindəki rüşvəti göz önünə gətirin. Məgər yalandır? Bu da müxalifətin, QHT təmsilçilərinin, jurnalistlərin uydurmasıdır?

скачать dle 12.1