Ləyaqətli atalar günü…

30-06-2016, 19:55
0
Ləyaqətli atalar günü…

Rövşən Hacıbəyli

Formula-1 yarışları bitdi. Kimin nə qazanmasının sadə Azərbaycan vətəndaşına heç istisi-soyuğu yoxdur. Çünki onun itirdikləri ölçüyə gələsi, hansısa maşın sürənin qazandıqlarının yanında dilə gətiriləsi deyil…

Düz iki ay qabaq ölkənin gündəmi başqaydı, hamının gözü Qarabağdaydı, baxmayaraq ki, bir çoxları elə ilk gündən bunun növbəti oyun, xalqa qarşı təxribat olduğunu deyirdi. Vətənşüvənlər də öz işindəydi. Onların bəziləri Göyçə gölü sahillərinə enmək uğrunda mübarizə aparırdılar; Qarabağ artıq bizdəydi… Torpaq həsrəti, yurd yanğısıyla yananlara təbii ki, bu dediklərimizin dəxli yoxdur. Ancaq küyə gedənlərimiz də az deyildi, onlar bu savaşın həm də iki devalvasiya şokunu yaşayan əhali üçün oyun olduğunu deyənləri parçalamağa hazır idilər. Hakimiyyətin, ali baş komandanın arxasında olduqlarını deyən bu adamların çoxu fərari, Qarabağ savaşı vaxtı Iranda-Turanda qaçıb gizlənənlər, ya da yaşı ötmüşlərdi. Sosial şəbəkələrdə sözlərini də deyirdilər, çoxlu “vətən xaini” də tapmışdılar. Az keçməmiş sular duruldu və elə ali baş komandan səviyyəsində onlara cavab verildi. Əvvəlcə Putinin xahişi ilə “müharibənin” dayandırıldığı deyilsə də, sonradan bu xahişin Sərkisyandan gəldiyi bildirildi. Səsləri elə o batandı. Elə bil vətən xaininin kimlər olduğunu dərk edəcək durumda olduqları görünürlər. Ancaq bütün bunlar nəyi dəyişir ki?! 100-ə yaxın say-seçmə oğullar itirdik, illərlə döyüş hazırlığı keçmiş oğullar, körpə balalarını doyunca görməyən, qayğısını çəkməyən, bağrına basmayan və bir də heç zaman onların saçını sığallamayacaq atalar…

Indi hər şey təzədən başlamalıdır. Xalq qaldığı yerdən yola davam deməlidir. Itkilərin yeri dolası deyil, burası bəlli, hər gedənin də qalanlardan (Vətən, torpaq, millət sevgisi olanlardan) bir parça qoparıb apardığı da gerçəklikdir. Bu vətən bizim, onu qorumaq, yağılardan təmizləmək bizim boynumuzadır…

Bu saxta yarışlarsa həm də hakimiyyətin ömrünü uzatmağa, dünyanın harasındasa lobbilər qazanmağa hesablanıb. Eyni zamanda daha çox qazanmaq, ofşorlara daha çox pul ötürmək istəyi də dayanır bütün bunların arxasında. Yarışlara nə qədər xərc çəkilməsi, hazırlıqlarla bağlı işlərin öz şirkətlərinə tapşırılması, şəffaflığın olmaması, həm də əhalinin yarışlara maraq göstərməməsi çox şey deyir. Biletlərin qiyməti Azərbaycan əhalisinin əksər hissəsinin cibinə uyğun deyildi. Indi neft də o qiymətə deyil ki, Avropa oyunlarında olduğu kimi, süfrələrinin qırıntılarından dolandırdıqlarını işə qoşsunlar. Düzdür, paytaxt sakinlərindən hansısa qızın yarış üçün gətirilən hansısa müğənninin qucağına tullanması faktını şişirdənlər var, ancaq bu, yalnız həmin müğənniyə sevgidən qaynaqlana bilər, başqa anlamı yoxdur…

Dünən Atalar günüydü. Maraqlı gündür. Ləyaqətli atası olanların sevindiyi, bu sevinci başqalarıyla bölüşdüyü gündü. Ancaq bu gün sevinə bilməyənlər də vardı, heç şübhəsiz. Atası korrupsioner olan övlad hansı sevinc hissi keçirə, yaxud sevincini kiminləsə paylaşa bilərdi? Atası rüşvətxor olan övladlar necə? Bəs atası xalqın pulunu mənimsəyən, atası haqsız qərarlar verən, qanunsuz məhkəmə hökmü çıxaran, büdcə vəsaitini oğurlayan, hər gün övladına haram yedirdən necə? Ofşorlara milyonlar ötürən atalar necə, onların övladlarının da sevinmək haqqı var. Axı övladlar valideyni seçmir. Ancaq, tutaq ki, sosial şəbəkələrdə onlar bu sevinci kiminləsə paylaşa bilməzlər. Çox amansızdır bu şəbəkələr, bu şəbəkələrdə olanlar, onlar sözü üzə yazırlar, həm də operativ, göz qırpmadan. Sevincini bir anda zəhərə çevirə bilirlər. Bu baxımdan günün adında da bəlkə korrektələr etmək gərəyi var. Məsələn, ləyaqətli atalar günü! Belədə korrupsioner, rüşvətxor, evinə haram daşıyan ataların övladları da ağırlıqdan qurtarar, öz həyatlarını yaşayarlar…

Ləyaqətli ataları təbrik edirəm; sağ olanrları da, ruhu başımızın üstündə dolaşanları da!..

скачать dle 12.1