“Konstitusiya bir ailənin maraqlarına uyğunlaşdırılır”

19-08-2016, 15:56
0
“Konstitusiya bir ailənin maraqlarına uyğunlaşdırılır”

«İlham Əliyev etibarlı adamını vitse-prezident təyin etməklə bütün rıçaqları əlində saxlamaq istəyir»

Gözəl Bayramlı: «Konstitusiyaya dəyişikliklər Əliyevin komandasına etimadsızlığından irəli gəlir»

Sentyabrın 26-da Konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendum hələ də gündəmin əsas müzakirə mövzularından biridir. Referenduma çıxarılan dəyişikliklər, idarəetmənin strukturunun kökündən dəyişdirilməsinin səbəbləri ilə bağlı bəzi fərziyələr var. Onlardan biri ondan ibraətdir ki, bu referendum Ilham Əliyevin komandasına etimadsızlığının nəticəsidir. Nə baş verdi? Nəyə görə Konstitusiyanın dəyişdirilməsi qərarı verildi? Bu və başqa aktual sualları AXCP sədrinin müavini Gözəl Bayramlıya ünvanladıq.

– Ata-oğul Əliyevlərin hakimiyyəti dövründə bir neçə dəfə Konstitusiyaya dəyişikliklər olub. Məqsəd  Konstitusiyanı öz maraqlarına uyğun dəyişmək, daha çox səlahiyyət əldə etmək, bir sözlə, hakimiyyətin ömrünü uzatmaqdan ibarət olub. Ilham Əliyev məhz Konstitusiyaya edilən mürtəce dəyişikliklər nəticəsində 3-cü dəfə prezident olmaq imkanı əldə edib.  Konstitusiyaya təklif olunan sonuncu dəyişikliklər isə hakimiyyətin bir nəfərin, bir ailənin əlində cəmləşməsi, tamamilə monarxiyaya keçidin təmin olunmasına xidmət edir. Illərdir ki, bu hakimiyyət ölkədə avtoritar bir sistem yaradıb, onu tənqid edənləri həbsə atır, müxalifəti tamamilə sıradan çıxarmaq üçün hər şeyi edir. Yəni bunlar mahiyyətcə avtoritar idarəçiliyə daha uyğundurlar və cəmiyyəti də öz istəklərinə uyğun olaraq bu cür idarə etməyə üstünlük verirlər. Dövlət başçısının konstitusiyaya təklif etdiyi son dəyişikliklər həm də onun öz komandasına olan etimadsızlığından irəli gəlir. Bu dəyişikliyə görə prezidentdən sonra ən böyük səlahiyyət vitse-prezidentə aiddir, prezident parlamenti buraxmaq səlahiyyətinə sahibdir, prezident olmadıqda vitse-prezident onun bütün səlahiyyətlərini həyata keçirə bilir və s. Yəni artıq Ilham Əliyev komandasına güvənmir, onlardan qurtulmaq üçün bəri başdan hüquqi baza yaradır, etibar etdiyi adamı vitse-prezident təyin etməklə bütün rıçaqları əlində saxlamaq istəyir. Bir sözlə, Konstitusiya dövlətin maraqlarına yox, tamamilə bir ailənin maraqlarına uyğunlaşdırılır.

Referendum qərarının səbəbi və sonrakı hadisələr…

– Belə bir fikir də var ki, referendumdan dərhal sonra parlament və prezident seçkiləri keçiriləcək. Bu da təsadüfi deyil. Çünki 2017 iqtisadi böhranın ən ağır ili olacaq. Ona görə hökumət böhran dibə vurmadan seçkini az itki ilə keçirmək istəyir…

– Belə tələsik referendum keçirilməsinə qərar verilibsə, bunun arxasında daha ciddi məqamların olması şübhəsizdir. Çox güman ki, referendumdan sonra parlament və prezident seçkiləri də keçiriləcək. Ölkəni iqtisadi böhranın dibinəcən gətirib çıxaranlar başa düşürlər ki, bu baxımdan 2017-ci il daha ağır il olacaq, əhalinin onsuz da ağır olan sosial durumu daha da ağırlaşacaq. Təbii ki, belə bir durum da hakimiyyət seçkidə qəzəbli, ona nifrət edən xalqla üzbəüz dayanmaq istəməyəcək və ona görə də taktiki baxımdan referendumdan sonra seçkilərin keçirilməsi tamamilə mümkündür və bu baş verəcək. Əslində, seçki deyəndə Ilham Əliyev yenə istədiyi adamları siyahı ilə parlamentə təyin edəcək, Məzahir Pənahov isə onu yenidən prezident elan edəcək. Yəni hakimiyyətin mənbəyi Məzahir Pənahovun seçki qutuları olmaqda davam edəcək.

– Bu referendum qərarı Ilham Əliyevin hökumətə etimadsızlığının da nəticəsi ola bilərmi? Çünki bu addım bu cür də qiymətləndirilir?

– Təbii ki, Ilham Əliyevin referendum qərarının arxasında həm hökumətə etimadsızlıq, həm də öz postuna qarşı təhlükə faktoru dayanır. Vitse prezidentlik institutunun yaradılması da məhz bununla bağlıdır. Beləliklə, o özündən sonrakını özü təyin etmək səlahiyyəti qazanmaqla ailə hakimiyyətini  qarantiyə alır. Komandadan hər an gözlədiyi təhlükəni neytrallaşdırmaq imkanı əldə edir və əsas rıçaqların ailənin əlində cəmləşməsinə nail olur. Onsuz da komanda daxilində çox dərinə gedən çatlar var və günün birində parçalanma, mərkəzdənqaçma meyllərinin güclənməsi qaçılmazdır. Bu komandanı nə ideya, nə də başqa mənəvi dəyərlər birləşdirir. Onları birləşdirən yalnız şəxsi maraqlardır və bu maraqların toqquşacağı gün nələrin baş verəcəyini indidən təsəvvür etmək mümkündür.

Milli Şura hər bir vətəndaşı Konstitusiyanı qorumağa çağırır

– Milli Şura referendumu boykot qərarı verib. Referendumun ellikcə boykotu üçün hansı addımlar atmağı planlaşdırırsınız?

– Çox ciddi müzakirələrdən sonra Milli Şura referendumda iştirak etməmək qərarı verib. Milli Şuranın Referendum Aktı ilə bağlı bəyanatında onun mövqeyi tam əks olunub. Həmin bəyanatdakı “Referendum Aktında nəzərdə tutulan dəyişikliklərin başlıca məqsədi ölkədə onsuz da formal xarakter daşıyan hakimiyyət bölgüsünü aradan qaldırmaq və xalq təmsilçiliyinin institusional formatı olan parlamenti dişsiz və qeyri-funksional bir quruma çevirməklə sülalə hakimiyyətinin dayanıqlılığını təmin etmək, insan hüquq və azadlıqlarının sərt məhdudlaşdırılması, dövlət təsisatlarının zəiflədilməsi və xalqın müstəsna hüquqlarının qəsb edilməsi hesabına əbədi hakimiyyət arzusunu gerçəkləşdirməkdir” fikri bu referendumun mahiyyətini tamamilə ortaya qoyur. Ona görə də Milli Şura haqlı olaraq bu referendum tamaşasında iştirakdan, bu şouya legitimlik donu geyindirməkdən imtina edib və hər bir vətəndaşı Konstitusiyanı qorumaq üçün aktiv mübarizəyə çağırıb. Həmçinin Milli Şura olaraq referenduma etiraz olaraq mitinqlərin keçirilməsi barədə qərar vermişik. Düşünürəm ki, mitinqlər xalqın etirazının ifadə olunması, kütləviliyin təmini baxımından ən effektli variantdır.

Türkiyədəki proseslər Azərbaycandan da yan keçməyəcək

– Regionumuzda da maraqlı proseslər cərəyan edir. ANS-in və Qafqaz Universitetinin bağlanması belə görünür ki, Türkiyəni qane etmir və Ankaranın Azərbaycandan tələbləri daha çoxdur. Çünki Türkiyə dəfələrlə bəyan edib ki, Gülənçilərin güclü dayaqları olan 2-ci ölkə Azərbaycandır. Azərbaycan hakimiyyətinin bu istəklərə qarşı addımı nədən ibarət olacaq?

– Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin doğurduğu nəticələr Azərbaycandan da yan keçməyib. ANS-in, Qafqaz Universitetinin bu səbəblərdən bağlanması, düşünürəm ki, hələ son da deyil. Türkiyənin Azərbaycandan tələbləri bununla yekunlaşmır və çox güman ki, proses davamlı olacaq. Ancaq Azərbaycan hakimiyyəti bunda o qədər də maraqlı görünmür. Dəfələrlə Türkiyə bu istiqamətdə bəyanat versə də dövlət başçısının reaksiyası hələ hiss olunmur. Mümkündür ki, bu məsələyə referendumdan sonra bir daha qayıdılsın. Görünür, referendum öncəsi hakimiyyətə komandanın monolitliyi görüntüsü yaratmaq daha vacibdir və ona görə də hələ ki, ehtiyatı əldən vermək istəmirlər.

“Tale Bağırzadənin mərdliyi nəticəsində rejim istəyinə nail ola bilmədi”

– Tale Bağırzadənin məhkəməsində misli görünməmiş işgəncə faktları üzə çıxdı. Məlum oldu ki, güclə Milli Şura rəhbərliyi haqqında ifadə alınmağa çalışılıb. Bu baş verənlər nədən xəbər verir? Bu ifadələrə necə reaksiya verilməlidir?

– “Nardaran işi” adlandırılan bu məhkəmə prosesi göstərdi ki, hakimiyyət öz vətəndaşına qarşı ən dəhşətli işgəncələri belə sınaqdan çıxarıb. Bu qondarma cinayət işinin mahiyyəti əslində Milli Şuranı bu prosesə qoşub Cəmil Həsənlini, Əli Kərimlini həbsə etmək olub. Tale Bağırzadə bunu məhkəmədə açıq ifadə etdi və bildirdi ki, bu ssenari Prezident Adminstrasiyasında hazırlanıb. Ona işgəncə verib Milli Şuranın, AXCP-nin əleyhinə ifadə almağa cəhd ediblər. Buna görə ona əməkdaşlıq belə təklif ediblər. Təbii ki, Tale bəyin dəyanəti, mərdliyi nəticəsində rejim istəyinə nail ola bilməyib. Ancaq bu tarix yazılır. Yazılır ki, 21-ci əsrin əvvəllərində Azərbaycanda mövcud Əliyev rejimi 37-ci ildə belə tətbiq olunmayan işgəncələri öz günahsız vətəndaşına tətbiq edir, onu başqasının üzünə durmağa vadar edir, buna nail ola bilməyəndə isə məhkəmə şousu düzəldib, öz televiziyaları vasitəsilə hələ günahı olub-olmadığı təsdiqlənməmiş insanları terrorçu, cinayətkar adlandırır. Bu hansı əxlaqa, bu hansı insanlığa sığar? Həmin prosesdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının çıxışı birbaşa rejimə ittiham hökmü idi. Fuad bəyin “bunlar insanları düşüncəsinə görə ittiham edəcək qədər aşağı varlıqlardır” fikri bu rejimin mahiyyətini ifadə etmək üçün yetərlidir.

– Əslində bu addımlar bir daha göstərdi ki, hakimiyyət siyasi məhbusların bəzilərini azad etməklə bir qədər yumuşalmaya getdiyi ilə bağlı görüntünü alt-üst edir. Siyasi məhbusların yerini başqaları doldurur. Beynəlxalq aləm bu addımlara necə reaksiya verəcək?

– Əliyevlərin hakimiyyəti dövründə Azərbaycanın siyasi məhbuslarsız bir günü olmayıb və olmayacaq da. Bu rejimin xisləti budur. Bunlar siyasi məhbus məsələsini alver predmetinə çeviriblər. Bir neçə nəfəri azad edir, sonra onların yerini boş qoymurlar. Beləliklə, bu proses sonsuzluğa qədər davam edir. Bunlar cəmiyyətin müqavimət potensialını zəiflətmək, insanların gözünü qorxutmaq, xof yaratmaq üçün bu silahdan həmişə istifadə ediblər. Beynəlxalq təşkilatlardan sərt reaksiya gözləyirik, onlardan gözləntimiz budur. Birmənalı olaraq bütün siyasi məhbusların azadlığa buraxılması müzakirə mövzusu olmalıdır, qeyd-şərtsiz onlar azad olunmalıdır. AXCP sədrinin 2 müavininin, 2 müşavirinin, neçə partiya fəalının, günahı yalnız Əli Kərimlinin qaynı olmaq olan Elnur Seyidovun hələ də həbsdə saxlanması rejimin AXCP-yə qarşı uzun illər davam edən qisasçılıq siyasəti, rəqibi sıradan çıxarmaq istəyidir. Şərlənərək həbs olunan AXCP fəalı, Qarabağ qazisi Qadir Xudabaxşıyev 1 il yarımlıq həbs müddətini başa vurub azadlığa çıxdı. Polisə müqavimət bəhanəsi ilə 20 sutka həbs cəzası alan AXCP Sumqayıt şöbəsi GK-nin sədri Ruslan Qarayev bu günlərdə azadlığa çıxdı. Avqustun 12-də isə məlum olur ki, daha bir AXCP və sosial şəbəkə fəalı Məsud Rzaya da polisə müqavimət bəhanəsi ilə 30 sutka həbs cəzası verilib. Milli Şuranın referenduma qarşı keçirəcəyi mitinqlər öncəsi cəbhəçi ovu yenidən gündəmə gəlib. Bunlar düşünürlər ki, bununla nəyəsə nail olacaqlar? Kimisə qorxudacaqlar ki, mitinqə çıxmasın… Mümkün deyil bu. Heç bir addım mitinqlərin qarşısını ala bilməyəcək. Heç bir qüvvə xalqın etirazının qarşısını ala bilməyəcək. Bunu hələ də anlamadılarsa, özlərindən küssünlər.

“Hökumətin böhrandan çıxış üçün hər hansı iqtisadi proqramı yoxdur”

– Hakimiyyət bir tərəfdən böhran vaxtı ölkənin durmadan inkişaf etdiyini bəyan edir. Digər tərəfdən isə işıq, su pulu, çörəyin qiyməti bahalaşdırılır…

– Hakimiyyətin illərlə uydurduğu iqtisadi inkişaf nağılları çoxdan iflasa uğrayıb. Artıq iqtisadi böhranın dibinə eniş başlayıb. Ismayıllıda velosiped sexi açmağı iqtisadi inkişaf hesab edirlərsə, ölkəni gətirib çıxardıqları böhranın dərinliyi göz qabağındadır. Işığın, suyun, çörəyin qiymətinin artması göstərir ki, hökumətin böhrandan çıxış üçün hər hansı iqtisadi proqramı yoxdur və yenə də dağıdıb talan etdikləri büdcəni xalqın cibinə girməklə doldurmaq siyasəti davam edir. Çünki bu rejim antixalq rejimidir, bütün addımları xalqın əleyhinə, onun güzəranının, sosial vəziyyətinin ağırlaşmasına yönəlib. Bunların oğurluqla yığdıqları, ölkədən çıxardıqları milyardalarla gözləri doymur, yenə də xalq bunların gəlir mənbəyidir, böhrandan çıxış mənbəyidir. Bir hakimiyyətin mənbəyi xalq olmadıqdan sonra bu belə də davam edəcək. Xalq öz hakimiyyətini – ona dəyər verən hakimiyyəti formalaşdırmağa hazır olmalıdır, buna çalışmalıdır. Referendum əleyhinə Milli Şuranın keçirəcəyi mitinqlərdə kütləvi iştirak, 10 minlərin birlikdə “Talana son-monarxiyaya yox” səsləndirməsi bu proseslərin başlanğıcı ola bilər. Bu imkanı dəyərləndirmək, gerçəkləşdirmək hər kəsin öz əlindədir…

скачать dle 12.1
Xəbər lenti