Məcburi köçkün qadının gənclik arzusu

22-09-2016, 19:44
0
Məcburi köçkün qadının gənclik arzusu

Rövşən Hacıbəyli

Bu günlərdə, daha doğrusu sentyabrın 17-də ölkə başçısı İlham Əliyev Sabirabada getmişdi. Ölkədə yeni mərhələ – pambıqçılığın inkişafı mərhələsi başlayır. Səfərdə də məqsəd Muğanda bu sahənin inkişafıyla bağlı prezidentin “tapşırıq və tövsiyələr” verməsiydi. O səfərdən ən çox yadda qalan, sosial şəbəkələrdə dartışılan qaçqın qadının (onun cəbrayıllı olduğu deyilir) İlham Əliyev qarşısında çıxışı və balaca Heydəri prezident görmək arzusu oldu. Bu yaşda nənələrin arzusu, adətən, öz doğma nəvələrini belə yüksək postlarda görmək olur. Görünür, uzun, bitib tükənməyən qaçqınlıq həyatı onu arzularında korrektəyə məcbur edib. Yüz minlərlə başqaları kimi çadırlarda keçirdiyi həyat onu biryolluq sındırıb, elə başqaları kimi. Sabaha inamını indi pambıqçılığın inkişafına çalışıldığı Muğan düzündə şoran torpaqlarda itirib. Özü də etiraf elədi ki, bu günü görmək ona nəsib olmayacaq, ancaq dünyanın işini bilmək olmur; çox qocalar çox gənc başlar yeyib, yəni Tanrının qismətidir, bizlik deyil. Elə qaçqın qadın da özünü çox hazırlamasın o dünyaya, axı qarşısında çıxış elədiyi prezident söz verib ki, sülh yoluyla olmasa, müharibə yoluyla işğaldakı torpaqları azad edəcək; Ermənistanın dövlət büdcəsindən çox büdcəsi olan ordusunun gücüylə…
Həmin gün – sentyabrın 17-də rayondan qayıdırdım, magistral yola çatanda yolun bağlandığını gördüm. Adamlarla danışdım, eləsi vardı, 3 saatdan artıqdır yolda qaldığını dedi. Biz də 1 saatdan artıq gözlədik. Ölkədə sərbəst toplaşmaq azadlığının olduğunu daim vurğulayan prezident Bakıdan 160 km məsafədə olan rayona gedir və bu gediş minlərlə adamın əsəblərinə toxunur, sərbəst hərəkətinə mane olur. Saatlarla yolu kəsmək nə deməkdir? Ölkədə elə durum yaratmısız ki, xəstəliklər baş alıb gedir, hər gün rayonlardan Bakıya yüzlərlə adam xəstə gətirir. Bunun toyu, yası var…
Bakıya qədər bütün yollarda əli avtomatlı əsgərlər dayanmışdı. Bəs ölkədə sabitlikdir deyib həmişə fəxr edirsiz, onda kimdən və nədən qorxursuz? O əsgərləri vətənin keşiyini çəkmək üçün orduya aparmamısınızmı? Bütün günü yollarda dayanmaq, bir nəfərin keşiyini çəkməkmidir vətənə xidmət?!.
Sabirabaddakı pambıq müşavirəsində çıxış edən qaçqın qadın Facebook-da başlıca müzakirə mövzusudur. O videoya bir də baxın. İlham Əliyevin, onun ətrafındakıların, bütün zalda olanların o çıxışı necə maraqla izlədiyinə bir də baxın. O qadını, ola bilsin, bir kisə un, bir kiloqram qənd, yağ, ya bəlkə də 5-10 manat verməklə ora çıxarıb həmin sözləri dedizdiriblər. O adamın Tanrı qarşısında suçu çox böyük. Bəs onu dinləyənlər, o çıxışa heyranlıqla qulaq asan və əl çalan ölkə başçısı niyə ağbirçək, qəlbi param-parça, 23 ildir torpaqsız məcburi köçkün, kiminsə anası, nənəsi olan qadını rəzil edənləri cəzalandırmadı? Əksinə, hamı ilə birlikdə ayağa qalxdı, özünün dilə gətirə bilmədiklərini qaçqının dilindən eşitməyin sevincini yaşadı – həm də gurultulu, sürəkli, ardı-arası kəsilməyən alqışlar altında. Əslində, başadüşüləndir; köhnə, atadanqalma siyasətin – pambıqçılığın – qul əməyinin yenidən təməli qoyulurdu, alqışlar da elə sovetlərin çağındakı – saxta rəqəmlər, “pripiska” əməliyyatları sayəsində keçici qırmızı bayraqlar aldığımız çağdakı kimi olmalıydı…
Hə günlər gördün, yazıq Vətən!

скачать dle 12.1