Qripə qarşı peyvənd lazımdırmı?

17-10-2016, 19:32
0
Qripə qarşı peyvənd lazımdırmı?
Oktyabr ayından Rusiyada dövlət səviyyəsində qrip əleyhinə peyvənd proseslərinə start verilib. Bəs Azərbaycanda da qrip əleyhinə peyvənd varmı, kütləvi peyvəndləmə gözlənilirmi?
 
Kiçik araşdırmamız zamanı məlum oldu ki, qardaş Türkiyə və Rusiyadan fərqli olaraq ölkəmizdə qrip əleyhinə peyvənd işi dövlət tərəfindən aparılmır. Buna görə poliklinikalarda qrip əleyhinə peyvənd yoxdur. Əgər kimsə uşağına qripə qarşı peyvənd vurdurmaq istəsə, özəl klinikalara müraciət etməlidir. 
 
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, Rusiyada qripə qarşı aparılan peyvənd prosesi profilaktik bir tədbirdir və ölkəmizdə də bu cür tədbirlər aparılmalıdır: “Qrip hər il konkret bir ştamla peyda olur. Vaksinasiya ümumi xarakter daşıyır. Yəni orqanizmin immun sistemini qrip virusuna qarşı müəyyən mənada hazırlayır. Amma biz bu il qripin hansı ştamla ortaya çıxacağını bilmirik. Hələlik qrip virusu ortalıqda yoxdur. Çünki belə olduğu təqdirdə ÜST bildirir ki, bu il qrip nə dərəcədə yayılıb, təhlükəsi nə qədərdir, hansı nəticələri törədə bilər və hansı profilaktik tədbirlər görülməlidir və sairə. O ki qaldı bizə, əhali arasında yayılmış ümumi soyuqdəymə xəstəlikləri, yuxarı tənəffüs yollarının iltihabı, öskürək, burun axması, hərarət ki var, bunlar qrip deyil”. 
 
Ümumiyyətlə, peyvəndləşmə lazımdırmı? Tibbi ekspertlər bildirirlər ki, məhz peyvəndləmə nəticəsində 20-ci əsrdə insanların ömrü 20 il uzanıb. Lakin son illərdə Azərbaycanda da bir çox valideynlər uşaqlarını peyvənd etdirməkdən yayınır. Sözsüz ki, uşaqlarına peyvənd vurub-vurdurmamaq hər ailənin öz seçimidir. Bəzilərinin zənnincə, peyvəndləşmə əksər hallarda müəyyən xəstəlikləri daha da sürətləndirir və ciddi problemlərə yol açır. “Mən peyvəndin müəllifi olmağıma baxmayaraq, onun mükəmməliyini və tamamilə təhlükəsiz olmasını iddia edə bilmərəm. Özüm hələ də bilmirəm, nə daha yaxşıdır”. Bu sözlərin müəllifi vaksinasiyanın tərkibinə daxil olan difteriya anatoksinin ixtiraçısı Q.Ramondur. 
 
Adil Qeybullaya görə isə, peyvəndin təhlükəli olması barədə təsəvvürlər yanlışdır: “Bu da daha çox sanitariya maarifinin zəif olmasından, eyni zamanda, KİV-də əhaliyə düzgün informasiya, izah verilməməsindən qaynaqlanır. Biz KİV-də əhalinin səhiyyə ilə bağlı maarifləndirilməsi istiqamətində olan verilişlərin qıtlığını həmişə görürük. Bir faktı deyim: yaşlı nəslin nümayəndələrinin qolunun bazu hissəsinə diqqət etsəz, orda iki çapıq görəcəksiz. Bu əvvəllər ”çiçək" virusuna qarşı edilən bir vaksin idi. İndi gənclərdə bu yoxdur, çünki həmin vaksinin nəticəsində “çiçək” virusu sıradan çıxıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında da bildirilir ki, bu virus sıradan çıxıb və ona qarşı vaksinasiya aparılmır. Bu xəstəlik dünyada 4 təhlükəli infeksiyadan biridir. Digərləri vəba, taun və “sarı çiçək” viruslarıdır. Ona görə təhlükəlidir ki, qısa müddətdə yayıla və kütləvi şəkildə insan ölümünə səbəb ola bilir. Əgər vaksinasiya bu cür təhlükəli bir virusu sıradan çıxarda bilibsə niyə valideynlər peyvənddən imtina edir? İkinci tərəfdən, ÜST və “Unicef”in bir sxemi var ki, bütün uşaqlar müəyyən yaşlarında vaksinasiya olunmalıdır. Bunlar vərəm, skarlatina, göy öskürəkdir. Bu xəstəliklər vaxtilə çox uşaqların həyatına son qoyub. Amma biz indi bu infeksiyaları çox nadir hallarda müşahidə edirik".
 
Bəs hansı yaşda uşaqlara qrip peyvəndi vurula bilər? Ekspertlərə görə, uşaqlara 6 aylığından sonra qrip peyvəndi vurula bilər. 9 yaşından aşağı və əvvəllər heç bir qrip peyvəndi almamış uşaqlara bir ay ara ilə iki dəfə, böyük dozasının yarısı qədər vurulur. Lakin 9 yaşından yuxarı uşaqlara qrip peyvəndi 1 dəfə vurulur.  Peyvənd xüsusi tibb müəssisələrində əvvəlcədən proqnozlaşdırılmış virus epidemiyasına əsasən aparılır. 
 
Professor Adil Qeybulla peyvəndin əks fəsadları barədə bunları bildirdi: “Bunu uşağın həkimləri, nevropatoloqlar deyə bilər. Deyək ki, hansısa ciddi şəkildə beyin qüsuru olan, kəllədaxili beyin təzyiqi ilə olan uşaqlar ancaq həkim nəzarəti ilə vaksinasiya ola bilər. Çünki vaksinasiya hansısa qıcolmalara gətirə bilər. Belə olan halda uşaq əvvəlcədən immunizasiya - həssaslıq əleyhinə bir tədbir görülür, müəyyən preparatlar vurulur, allergiya əleyhinə bir fon yaradılır və sonra vaksinasiya olunur. Vaksinasiyanın əks təsiri kütləvi baş verə bilməz”.
скачать dle 12.1
Xəbər lenti