Erməni-rus birgə qoşunu Qarabağa girə bilər?

17-11-2016, 16:11
0
Erməni-rus birgə qoşunu Qarabağa girə bilər?

Bu həftə Rusiya prezidenti Vladimir Putin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılması haqda sərəncam imzalayıb. «United Press International» agentliyi bu qoşunun öhdəlik və vəzifələrindən yazıb.

BİRGƏ QOŞUNUN VƏZİFƏSİ VƏ YÖNƏLDİLMƏ ÖZƏLLİKLƏRİ

Birgə qoşunun vəzifəsi, hər şeydən əvvəl, tərəflərin ərazisini potensial hücumlardan qorumaqdır. Yeni alyans Qafqazda həm Rusiyanın, həm də Ermənistanın təhlükəsizliyini təmin etməlidir. Razılaşmaya əsasən, Rusiya və Ermənistan əsgərləri tərəflərdən hər hansı birinin ərazisinə hücumları cavablandırmağa, sərhədi keçmək cəhdlərinin önünü kəsməyə borcludurlar.

Atəşkəs dövründə Qafqazdakı rus-erməni silahlı qüvvələrini Ermənistan ordusunun baş qərargahı idarə edəcək. Müharibə rejimində isə idarəçilik Rusiyanın Rostovdakı cənub qüvvələri qərargahına ötürülməlidir. «Təlimlər, qərarlar və heyətin hazırlığı və s. – birgə fəaliyyət planıyla bağlı bütün səlahiyyətlər hazırda Ermənistanın Baş Qərargahına aiddir». Hərbi analitik, Rusiya Elmlər Akademiyasında ABŞ və Kanada üzrə Araşdırmalar İnstitutu direktorunun müavini Pavel Zolotarev belə deyib. Ekspertin sözlərinə görə, müqavilə istər Moskva, istərsə Yerevanın qarşılıqlı təzyiqsiz və müstəqil siyasət yeritməsinə imkan verir.

«Ən önəmlisi odur ki, bu iki ölkə arasında ortaq müdafiə zonası yaradılacaq. Döyüşlərdə ordudan birgə istifadə, birgə təlim planlarıyla yanaşı, sözügedən müqavilə Ermənistanın Rusiya silahlarını yerli qiymətə almasına imkan verəcək». Rusiyanın «İzvestiya» qəzetində hərbi-analitik yazıların müəllifi Dmitry Safonov-un sözləridir. O deyir ki, tutalım, Ermənistan ərazisinə hücum olarsa, quru və hava qoşunları da daxil, Rusiyanın bütün cənub qüvvələri hərəkətə keçəcək.

NATO ÜSLUBLU ALYANS?

P.Zolotarev-in sözlərinə görə, Ermənistan-Rusiya ordu qruplaşması NATO-ya bənzər hərbi alyans deyil: «Bu cür alyansın vahid büdcəsi olur, vahid hərbi siyasət yürüdülür və s. Birgə ordu qruplaşması isə iki ordunun döyüş zamanı birgə fəaliyyətinin təkmilləşdirilməsini hədəf götürür».

BƏS AZƏRBAYCAN QARABAĞA HÜCUM EDƏRSƏ?

Bəs Azərbaycan Qarabağda əməliyyatlara başladığı halda necə olacaq? Rusiya-Ermənistan ordu qruplaşması bu halda neyləyə bilər?

«United Press International» həm Moskvanın, həm də Yerevanın Qarabağı müstəqil dövlət kimi tanımadığını xatırladır. Amma ekspert D.Safonov Ermənistan konstitusiyasına görə, Qarabağın təhlükəsizliyini qorumaqla bağlı Yerevanın öhdəlik götürdüyünü vurğulayır.

P.Zolotarev yeni müqavilənin Qarabağ məsələsinə dəxli olmadığını qeyd edir: «Rusiya özünü bu münaqişədən kənarda tutmağa çalışır. Yeni razılaşmaya əsasən, bizim qoşunlarımız o zonadakı döyüşlərdə istifadə oluna bilməz. Qarabağı yalnız Ermənistan silahlı qüvvələri qoruya bilər».

İndi Ermənistanın Gümrü hərbi bazasında 5 minə yaxın rus hərbçisi – bir piyada, bir topçu və bir hava hücumundan müdafiə alayı fəaliyyət göstərir. Bazada 100-dək «T-72» tankı, 150-yə yaxın «BMP-2» və «BTR-70/80» zirehli avtomobili, «BM-21 Grad» və «BM-30 Smerch»raket atıcıları,«S-300V», «Buk-M1» havadan müdafiə sistemi, «Mi-24» və «Mi-8» helikopterləri var.

SƏRƏNCAM VAR, MÜQAVİLƏ YOX

Rusiya və Ermənistanın birgə qoşun qruplaşmasının yaradılmasına dair müqavilə hələ imzalanmayıb. Putin-in sərəncamına əsasən, hələ ki, Rusiyanın müdafiə və xarici işlər nazirlikləri erməni tərəfiylə danışıqlar aparmalı, lazım gələrsə, layihəyə dəyişikliklər etməli, iş bitəndən sonra sənədə imza atmalıdırlar. Müqavilə 5 illik olmalıdır və gərəkərsə, sənədin vaxtının uzadılması nəzərdə tutulur. Rusiya ilə Belarus arasında belə bir razılaşma artıq qüvvədədir. 

скачать dle 12.1
Xəbər lenti