Hakimin oğlunu öldürən şəxs ifadə verməkdən imtina edib

22-11-2016, 16:08
0
Hakimin oğlunu öldürən şəxs ifadə verməkdən imtina edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən R. Kərimov özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Ceyhun Yusifov mülki iddia ilə çıxış edib. O, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyana görə təqsirləndirilən şəxs tərəfindən 149 min manat ödənilməsini istəyib. Bildirib ki, həmin pulun 50 faizi nevroloji xəstəlikdən əziyyət çəkən uşaqların müalicə olunduqları uşaq evinə, 50 faizi isə yol hərəkəti qaydaları ilə bağlı tədris vəsaitlərinin hazırlanması üçün ADA Universitetinə veriləcək. İddia cinayət işinin materiallarına əlavə edilib.

R. Kərimov isə ifadə verməkdən imtina edib: “Mənə yalandan narkotik, hadisə yerindən qaçma ilə bağlı ittiham verilib. Lakin kamera görüntüləri də var. Mən oradan qaçmamışam”.

Onun vəkili ifadə verməkdən imtina etməsinin səbəbinin protokola yazılmasını istəyib. Bu isə prokuror və zərərçəkmiş şəxsin nümayəndəsi Ceyhun Yusifov tərəfindən narazılıqla qarşılanıb və vəkillər arasında mübahisə düşüb. Onun ifadədən verməkdən imtina etməsinin səbəbi protokola yazılmayıb.

Daha sonra təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə elan edilib. İfadəsində o, hadisə yerindən qaçmadığını, nevroloji xəstəlikdən əziyyət çəkdiyi üçün müalicə məqsədi ilə psixotrop maddələrdən istifadə etdiyini, alkoqollu içkilər və narkotik vasitə istifadə etmədiyini deyib.

İclasda zərərçəkmiş şəxs qismində Nizami Abbasov ifadə verib. O, bildirib ki, R. Kərimov onun işçisi olub: “Rəhim mənim şirkətimdə sürücü işləyib. Həmin maşın mənə məxsusdur. Hadisədən sonra avtomobil təmir olunub”.

Proses noyabrın 29-da davam edəcək.

Qeyd edək ki, bu ilin mayında Bakıda R. Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb.

Tərtər Hərbi Məhkəməsinin hakiminin Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev ADA Universitetinin 3-cü kurs tələbəsi olub.

Hadisəni törədən şəxs Mərkəzi Klinik Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovun oğludur.

скачать dle 12.1
Xəbər lenti