Bahar Muradovanın «yorğan təklifi» kimə ünvanlanıb?

5-12-2016, 14:51
0
Bahar Muradovanın «yorğan təklifi» kimə ünvanlanıb?

Qənimət Zahid

Bir qədər də ədalətsiz alınır, deyə bilərsiniz. Hamı hər cür yaramazlıq edir, amma Milli Məclisin bir xanım deputatı ağzını açıb bir kəlmə söz deyən kimi, sosial şəbəkələr onu hoydu- hoyduya götürür.

Bahar Muradovanın «yorğan söhbəti»ni nəzərdə tuturam. Amma bu, tələsik qiymət olardı. Azərbaycanda sıradan çıxarılan azad mətbuatın yerini tutan sosial medya cəmiyyətin nəbzini ən operativ şəkildə təsbit edir, buna görə də adına «ictimai rəy» deyilən o həşəmətli varlığı nəzərə almalıyıq.

Milli Məclisin sıradan iclaslarının birində Bahar Muradova azərbaycanlılara üzünü tutaraq deyib ki, hökumətdən gözləntilərinizi arxa plana atın, kasıb yaşamağa öyrənin və ayağınızı yorğanınıza görə uzadın.

Hikmətli təklifdir. Bir halda ki, böhran ölkəni başına götürüb, o halda buna bənzər dəyərli təkliflər vermək lazım gəlir. Yüngülvarı bir «əmma» ilə.

Azərbaycan xalqı elə həmişə kasıb yaşamağa öyrənib, axı. Ölkədə həyat standartlarını xatırladan bütün gerçəklərin yüzdə 80-i Rusiyadakı və qismən də başqa ölkələrdəki iqtisadi mühacirətin hesabına təmin edilib. Ölkədəki korrupsiyanın töküntüləri də müəyyən qədər rol oynayıb, amma bu, sabit həyat təminatı oilmayıb. Azərbaycanlılar həmişə kasıblıqları ilə fərqləniblər. Sovet hakimiyyətinin dərisində yağ elementlərinin göründüyü həmin o 70-80-ci illərdə də, 90-cı illərdə də, 21-ci əsrin əvvəlindən başlayaraq indiki günlərə qədər də. Azərbaycan cəmiyyətində müşahidə olunan bütün neqativlər, milli natamamlıq kompleksi, təşkilatlanma mədəniyyətinin aşağılığı, həyat düzənsizliyi, elita ilə kütlələr arasındakı uçurum, hakimiyyətin «Xalq» adlı mənbədən məhrumluğu,.. bütün bunların hamısının on illiklərə dirənən tarixi var. Son 15- 16 ildə isə bu neqativ göstəricilər tüğyan edib və Azərbaycanda sosial münasibətlərin simasızlığını müəyyən edib.

Bahar Muradova hələ indi bəyan edib ki, bir az da kasıb yaşamağı öyrənin. Məncə, o, bu sözləri də Azərbaycan xalqına söyləməyib. Hakimiyyətin özü ilə Azərbaycan xalqı arasında düzəltdiyi korrupsiya çəpərinin nəfərlərinə ünvanlayıb. Bu çəpər inzibati nomenklaturanın özüdür. İndi həmin nomenklaturanın həyat standartları sürətlə aşağı şütüyür. Nomenklatura maaş ala bilmir, paket maaşları çoxdan kəsilib, mütləq çoxluqla onların əlində olan biznes çöküb, onların sırasından böyük mühacirət axını başlayıb. Bu sonuncuya təəccüb etməyin. Azərbaycanın inzibati nomenklatura ailələrinin böyük mühacirəti başlayıb.

Bahar Muradovanın müraciəti də xalqa aid deyil, məhz, bu kəsimə aiddir. Axı, bu inzibati nomenklatura hakimiyyətin sosial bazasıdır. Çox məhdud bazadır, cəmi 5-6 faizdir, amma bu 5-6 faizin sərəncamına verilən böyük imtiyazlar onları əllərindəki milli sərvətlərin böyük kütləsi ilə birlikdə əhəmiyyətli gücə çevirirdi. Bu zümrə Azərbaycan hakimiyyətinin pərsəngi, qoruyucu zolağı kimi bir şey idi və indi həmin qoruyucu zolaq qarşısıalınmaz şəkildə çürüməkdədir. Sıradan çıxmaqdadır. Baharın əndişəsi bu üzdəndir. Yoxsa, onun vecinə də deyil ki, Azərbaycan xalqının yorğanı nə boydadır, ayağı nə uzunluqdadır.

Bahar xanım çox yaxşı bilir ki, Azərbaycan xalqı heç zaman yaxşı yaşamayıb və yaxşı yaşamağın tək yolu bəzi arzuolunmaz keyfiyətlərin daşıyıcısı olduğunu əməldə üsbat edərək həmin nomenklaturaya daxil olmaqdır. Bahar xanım çox yaxşı bilir ki, onun daxil olduğu hakimiyyət Azərbaycan xalqının yorğanını çoxdan çırpışdırıb və indi həmin xalq ayağını nə qədər uzatsa da, hansı tərəfə uzatsa da, çırpışdırılan yorğan tərəfə uzada bilməyəcək. Çünki, yorğan yoxdur. Oğurlayıblar.

Bahar xanım çox yaxşı bilir ki, Azərbaycan xalqının bu hakimiyyətdən heç bir gözləntisi yoxdur. Buna görə də 21-ci əsr başlar- başlamaz Azərbaycanlılar qonşu və ya uzaq ölkələrə qarşısıalınmaz köç etməyə başlayıb. Mühacirət siyasi deyil, sosial mühacirətdir. Azərbaycandan mühacirət edənlərin arasında faiz göstəricilərinə görə ən aşağı yeri siyasi mühacirət tutur. Birinci yeri iqtisadi mühacirlər tutur – onlar başqa ölkələrə iş dalınca gedirlər. İkinci yeri sosial mühacirət tutur – onlar başqa ölkələrdəki sosial təminat soraqlarını alaraq köçürlər. Üçüncü yerdə kriminal mühacirətdir – onlar Azərbaycanda inzibati hakimiyyətin ətrafında mərkəzləşmiş kriminal şəbəkədən başlarını götürüb başqa ölkələrə qaçırlar. Dördüncü yerdə avantüra axtarışıdır – dini-hərbi çəkişmələr üçün başqa ölkələrdə müharibə iyinə gedənlərdir. Nəhayət, sonuncu yerdə siyasi mühacirətdir.

Bahar xanım çox yaxşı bilir ki, onun daxil olduğu Azərbaycan hakimiyyətinin heç bir zaman xalqın sosial rihafını nəzərdə tutan bir qayğısı olmayıb. Xalq onlar üçün arzuolunmaz zərurət olub. «Təəssüf ki, mütləq olmalıdır, amma olmasa daha yaxşı olardı» kimi qavrayıblar. Hələ illər öncə, prezident aparatının məsul əməkdaşı olan Əli Həsənov mühacirət problemini nəzərdə tutaraq demişdi ki, kim istəyir, çıxıb getsin, qalanlar bizə bəsdir. Əli Həsənov və onun aid olduğu komandanın bütün kəsləri yaxşı bilirdilər ki, Azərbaycandan gedən Azərbaycan xalqıdır.

Bahar Muradova da bunları bilir, buna görə də «ayağınızı yorğanınıza görə uzadın» hökmü-tövsiyyəsi Azərbaycan xalqına aid deyil, hətta adı dəftərə yazılmış Yeni Azərbaycan Partiyasının üzvlərinə də ucdantutma aid deyil, korrupsiya nomenklaturasına aiddir, repressiyanın icra mexanizmlərinə doldurulan güruha aiddir. Yoxsa, Bahar xanımın nəyinə lazımdır ki, Azərbaycan xalqı yaxşı yaşayır, ya pis yaşayır, yaxşı yaşayıb, yoxsa pis yaşayıb? Hər kəsin canı cəhənnəmə…

Bahar xanım Muradova o hakimiyyətin tərkibindədir ki, onu xalqın nə dediyi, nə yediyi, nə düşündüyü heç zaman maraqlandırmayıb. Bunun üçün, axı, seçki deyilən fenomenə azacıq sayğı olmalıdır. Olmayıb. Bahar xanımın dediyi o yorğan Azərbaycan xalqının üstündən çoxdan götürülüb, həmin bu seçki saxtakarlıqlarını təşkil edən və həyata keçirən zümrənin üstünə salınıb. Bahar xanım da «bir az da kasıb yaşamağa öyrəşin» deyəndə, bunları nəzərdə tutur.

Detallaşdırıb, bir başqa deputatın və ya hətta İlham Əliyevin özünün qaz bahalaşmasına, ümumiyyətlə bahalaşmaya münasibətləri barədə də ətraflı bəhs edərdim. Ki, guya bu, sosial ədalət imiş. Guya varlılar daha çox qaz və işıq yandırdıqlarına görə bahalaşan qiymətlər onlara daha çox təsir edəcək. Kökündən yanlışdır və kökündən aldatmağa hesablanan yalandır… Varlının da, kasıbın da orqanizmi eyni materialdandır, eyni qədər istiliyə, eyni qədər soyuğa davamı ola bilər. Bir varlının qızınması üçün tələb olunan enerji qədər bir kasıbın da ehtiyacı var. Bu, təbii nizamdır. Varlıların bədən hərarəti 26 deyil, onlarda da 36-dır. Prezidentin də yanaşması bu qədərdirsə, deməli, Bahar xanımın «yorğanı» ən urvatlı mühakimə qatıdır.

Bir az detallaşdırıb onu da demək olardı ki, Bahar xanımın təmsil etdiyi hökumət ölkənin yorğanını çırpışdırıb aparıb, Azərbaycan üstü açıq qalıb və bunu konkret rəqəmlərlə ifadə eləmək olardı. Azərbaycanda hökumətin muzdlu legionerlərinə çevrilməyən çoxlu sayda iqtisadçılar var və onların hər biri bu rəqəmləri hər gün təqdim edirlər.

Bu təqdimatdan çıxara biləcəyiniz nəticə isə budur: Bahar Muradova «ayağınızı yorğanınıza görə uzadın, kasıb həyata öyrəşin» deyəndə Azərbaycanın öləri vətəndaşlarını nəzərdə tutmur. O mövqedən bu sosial zümrəyə baxış bundan ibarətdir: «canın cəhənnəmə». Bahar Muradovanın bu təklifi nomenklaturaya ünvanlanıb. Vəssəlam.

скачать dle 12.1