“Formula-1” bileti qədər dəyərimiz olsaydı

15-12-2016, 22:43
0
“Formula-1” bileti qədər dəyərimiz olsaydı

İlham Hüseyn

Bildiyiniz kimi əzəmətli hökumətimiz bütün sahibsiz yarışlara ev sahibliyi etməklə məşğuldu. Onminlərlə ailənin ev sahibi ola bilmədiyi ölkənin hökuməti, sahiblik etməyə mənasız tədbirlər axtarır.
Oxudum ki, ölkəmizə ikinci dəfə təşrif buyuracaq “Formula-1” yarışlarının biletləri satışa çıxarılıb. Ən baha biletin qiyməti isə 690 manatdır. Bəli, sahib çıxdığımız “yetim”in qiyməti 690 manatdır. Amma sahib çıxa bilmədiyimiz 9 milyonun qiyməti 105 manat müəyyənləşdirib. Yəni, bu ölkədə minimum əməkhaqqı 105 manatdır ki, bununla nəinki yaşamaq, heç ölmək də mümkün deyil.
“Formula-1” biletinin qiyməti vətəndaşın yaşamağı üçün müəyyən edilmiş məbləğdən 6 dəfə çoxdur. Bu həm də onun etirafıdır ki, ev sahibliyi etdiyimiz yarışlara evdəkilərinin baxmağı qadağanıdır.
Əlbəttə ki, ölkə vətəndaşı bu yarışları izləmək həvəsində deyil. Əksinə, cəmiyyətdə belə mənasız tədiblərin keçirilməsinə qarşı böyük aqressiya var. İnsanlar başa düşür ki, bu yarışlara xərclənən pullar onların cibindən gedir, onların boğazından kəsilir. Hamı dərk edir ki, bu yarışlara xərclənən pullar ölkəni daha da ağır vəziyyətə salacaq və yalnız bir qrup insanın cibi dolacaq.
Sadəcə olaraq demək istəyirəm ki, sadə vətəndaş istəsə də bu yarışlara baxa bilməz. Deyə bilərsiz ki, ən ucuz biletin qiyməti də 60 manatdır və yarışa baxmaq istəyənlər ucuz bilet alsın. Amma minimum əməkhaqqının 105 mant olduğu ölkədə 60 manat bilet pulu vermək, yarım ay ac qalmaq deməkdir. Həm də 60 manatlıq biletlə yarışları yalnız ayaqüstə izləmək olar. Deməli, 23 ildir dizini yerə qoydaqları xalqı, yalnız pul verəndə ayaqüstə qaldırrlar.
Bir sözlə, etiraf edirlər ki, bu yarış və bu kimi yarışlar hökumət komandasının hobbisidir. Bu yarışlar aşağıların puluyla, yuxarılar üçün keçirilir. Hökumətimiz həm də dünyaya “mən səxavətliyəm” mesajı verir. “Biz xalqın boğazından kəsib, mənasız yarışlara sponsorluq etməyə hazırıq” çağırışı edirlər. Açıq şəkildə deyirlər ki, xalqı əzməyə, ölkənin sərvətlərini talan eməyə hazırıq, təki bizdən demokratiya tələb etməyin.
Mövcud hakimiyyət heç vaxt xalqın xoşuna gəlməyə çalışmayıb, həmişə yadların yanında hörmətli olmaq istəyib. Xalqın ac qalmağı, intihara meyllənməyi qətiyyən bunları narahat etməyib. Əks halda, qəpiyə güllə atanların ölkəsində, mənasız yarışmalara milyardlar xərclənməzdi.
Beləliklə, hökumətimiz növbəti dəfə sürətli avtomobilləri, xalq isə sürətli yoxsullaşmanı müşahidə edəcək. Sanki, hökumət xalqa acıq verir, “siz acsınız, biz isə yarışlara pul səpirik” deyirlər.
Amma “Formula-1” biletinə biçilən dəyər qədər vətəndaşa dəyər verilsəydi, bugün nə intiharlar, nə kredit bataqlığı olardı.
Bəli, müəllim, həkim təqaüdçü 690 manat ala bilsəydi, yaşamaq biraz asan olardı.
İndi sahibsiz yarışlara ev sahibliyi edən ölkənin vətəndaşları, “Formula-1” bileti qədər dəyərli olmaq arzusundadır. Ölkəyə 120 milyard dollar neft pulu gəldi, bir qrup adam milyarderə çevrildi, sadə vətəndaş isə müflisləşdi.
İndi Azərbaycan vətəndaşları intihar etməklə ölümə bilet alırlar.

скачать dle 12.1