Hökumətin Qarabağ rüsvayçılığı

13-09-2018, 15:37
12 841
Hökumətin Qarabağ rüsvayçılığı

İlham Hüseyn

Son günlər müşahidə etdiklərimiz həqiqətən də acınacaqlıdır. Bəzən düşünürsən ki, işğalçı ölkə bizik, işğala məruz qalan isə Ermənistan. Çünki Azərbaycan hakimiyyəti bütün dövrlərdə təslimçi mövqe nümayiş etdirib, Ermənistanın addımlarından şikayətlənməklə məşğul olub, atəşkəs pozuntusunun sayını hesablamaqla kifayətlənib və “lazım gəlsə Qarabağı alarıq” kimi gülüş obyektinə çevrilmiş şüarla silahlanıb.
İndi də Ermənistanın baş naziri Nikol Paşinyan meydan sulayır, Rusiya səfəri zamanı Qarabağı Ermənistanın ərazisi kimi təqdim edir, danışıqlar prosesinə yenidən başlanmasını məsləhət görür və “bizim daxili işimizə heç kim qarışa bilməz” mesajı verir.
Bütün bunlardan sonra Azərbaycan XİN-i bəyanat yayır və Nikol Paşinyana savadlılığını artırmağı tövsiyyə edir.
Vallah, dəhşətli mənzərədir. Ay zalım uşağı, bəlkə Paşinyanı Universitetə qoyasız? Sizin onun savadıyla nə işiniz var? Adekvat reaksiya vermək lazımdır. Paşinyan işğalçı ölkənin sözçüsüdür və açıq şəkildə deyir ki, bir qarış da torpaq qaytarmaq fikrimiz yoxdur.
Azərbaycan hökuməti isə telekanallara, rejim saytlarına göstəriş verib ki, Paşinyanın Rusiya səfəri gözdən salınsın. 20 faiz ərazimiz işğal edilib və bizim cavabımız Paşinyanı lənətləməkdən ibarətdir.
Paşinyan faktiki olaraq 25 illik sülh danışıqlarının heç bir mənası olmadığını göstərdi. İşğala məruz qalmış ölkənin hökuməti isə “nə olar, gəlin sülh danışıqlarını davam etdirək” libasına girib.
Hanı sizin müstəqil siyasətiniz, hanı uğurlu diplomatiyanız, hanı “lazım”ınız?
Rusiyanın quberniyası hesab edilən Ermənistan Putinin qarşısında mövqe qoyur. Bizimkilər də Putinin xoşuna gəlmək üçün Qarabağı unutmağa da hazır görünür.
Bir dövləti bu qədər qürursuzlaşdırmaq olmaz. Cırtdan boyda Ermənistan, div boyda Azərbaycanı “nənəsinin yağ-yaxmacına” təslim edib.
Daxildə vətən sevənlərə divan tuturlar, xaricdə isə vətənimizi işğal edənlərlə şirin söhbət aparılır.
Axırda da məlum olur ki, Qarabağ danışıqlarında 1 metr də irəli gedilməyib.
Yəqin ki, XİN-in növbəti bəyanatı “Allah Paşinyanın başına daş salsın” formasında olacaq. Daha sonrakı bəyanat isə “Qarabağ sizin olsun, sağlığnan işlətməyin” qarğışıyla yekunlaşacaq.
Beləliklə, hökumətimiz danışıqlardan küsüb, daxildəki “analoqsuz inkişaf”la məşğul olacaq.

скачать dle 12.1