Doğma doqma

9-04-2015, 18:34
0
Doğma doqma
Adamlar qəribə olurlar. Bəzən çox adi deyimləri, fərziyəni və ya gümanı özü üçün doqmaya, yəni ehkama çevirirlər. Elə götürək qara pişik məsələsini. Guya ki, qara pişik adamın yolunu kəsib keçərsə uğursuzluq baş verəcək. Adamlar buna ciddi əhəmiyyət verirlər. Məsələn, birisinin yolunun üstündə pişik gördükdə yolun bu üzündən o üzünə keçməsinə və ya “pişt” deyərək onu qorxudaraq yoldan qaçmağa məcbur etməsinə fikir verməmək olar.
Çünki belə şeylər bəzilərinin etdiklərinin yanında elə də ciddi xurafat sayılmaz. Amma elələri var ki, qara pişiyi doqmaya çevirib və özünü onun təsiri altına salıb. Dəqiq yadımdadır, Bakıda yaşayan bir kəndçimiz maşınla yola çıxanda qabağından qara pişik keçmişdi deyə, maşını fırlayıb geri qayıtmışdı və səfəri ertəsi günə təxirə salmışdı. Ancaq maşını həyətə sürəndə ehtiyatsızlıq edib bir tərəfini möhkəmcə divara sürtmüşdü. Maşına ciddi ziyan dəydi. Bu halda yola çıxmaq olmazdı. Təxminən 9-10 gün qalıb maşını abıra saldı və sonra yola çıxdı. Gələndə də gecikdiyinə görə işdən qovdular. Adam inanırdı ki, həmin gün yola çıxsaydı daha böyük bədbəxtlik baş verəcəkdi. Bir dəfə də hansısa qəzetdə bu mövzuya aid karikatura görmüşdü. Birinci şəkildə yeni evlənənlər “ZAQS”dan çıxırlar və qabaqlarına qara pişik çıxır. İkinci şəkildə isə göstərirlər ki, həmin cütlük o andaca geri dönüb təzədən “ZAQS”a boşanma ərizəsi yazırlar. Çünki qara pişik belə hökm edibmiş. Bəlkə də həmin cütlük “qara pişik” məsələsini doqma kimi qəbul etməsəydi, dünyanın ən xoşbəxt ailəsini qurardılar.
Belə adamlardan biri də Firəngiz müəllimədir. Yəqin tanıdınız, Səlcuqun anasını deyirəm. Firəngiz xanım tarix müəllimidir və Qazax rayonunda məktəblərin birində dərs deyir. Özü də fanatik turançıdır. Hər dərsdə proqramdan kənara çıxıb türk ellərindən, onun geniş sərhədlərindən danışmasa dayana bilməz. Firəngiz xanım bildiklərini öz sevimli şagirdlərinə verməyi özünün vətənpərvərlik borcu sayır. Yeri gəlmişkən, oğlunun adını da məhz həmin hisslərin təsiri altında seçib. Firəngiz müəllimə təkcə məktəbdə belə deyil, o, həm də evdə türk elləri, türançılıq ideyalarının təbliği ilə məşğuldur. Məhz buna görə Səlcuq da türkçü-turançı oldu. Onun facebook statuslarına fikir versəniz onların əksəriyyətinin bu mövzuda olduğunu özünüz görərsiniz. Orasını da deyim ki. Firəngiz müəllimənin də doqma xəstəliyi var. Adi bir el deyimini özü üçün doqmaya çevirib. Bu da hansı deyim olsa yaxşıdr? Elini hürküt, axsağından yapış! Bəli, Firəngiz xanım qatı olaraq bu düşüncədədir ki, oğlan evlənəndə öz kəndindən-kəsəyindən kənara çıxmamalıdır. Onun üçün başqa variant mövcud deyil. 
Elə Firəngiz müəllimənin başına gələnlər də onun turançılığı və doqması ucbatından baş verdi. Səlcuq sonuncu kursda oxuyarkən evə xəbər göndərdi ki, Yardımlıdan olan bir qızı sevir və onunla evlənməyə hazırlaşır. Xəbər Firəngiz müəlliməni yerindən oynatdı. “Elini hürküt, axsağından yapış” deyərək, qətiyyətlə bildirdi ki, bu izdivaca imkan verməyəcək. Qohum-qardaş nə qədər yalvar-yaxar etsələr də Firəngiz müəllimə “elini hürküt, axsağından yapış” deyib durmuşdu. Səlcuq anasının xasiyyətini yaxşı bilirdi, onu fikrindən döndərməyin mümkün olmayacağına əmin idi. Onun razılığı olmadan isə evlənmək istəmirdi. Qərara aldı ki, özü anasının yanına gəlsin və elə onun özünün ideyaları ilə yola gətirsin. Elə də etdi. Anasının o üzündən, bu üzündən öpüb onu arxayın etdi ki, “elini hürküt, axsağından yapış” doqması çox doğrudur, həm də çox doğmadır. 
Çünki anası belə düşünür. Dedi, Üay ana, mən də sənin dediyin kimi etmişəm, elimi hürküdüb axsağından yapışmışam. Sən özün uşaq vaxtdan məni “Azərbaycan doğma elim” ruhunda tərbiyə etmədinmi? Bütün Turan ərazilərini bizim doğma elimiz adlandırdın. Əgər mən gedib Nepaldan, Madaqaskardan, Argentinadan özümə qız seçsəydim, onda sənin “elini hürküt, axsağından yapış” prinsipini pozmuş olardım. Azərbaycan bizim doğma elimizdir, Yardımlı da onun bir hissəsi. Səlcuqun bir izahatına Firəngiz müəllimənin deməyə sözü qalmadı. O da oğlunun ö üzündən, bu üzündən öpərək ona xeyir-dua verdi.
скачать dle 12.1