Dünyəvi dövlətə təhdid kimdir?

14-06-2022, 20:44
15 955
Dünyəvi dövlətə təhdid kimdir?

Yaşadığımız ölkədə vəziyyət çox ağırdı. Təkcə sosial-iqtisadi vəziyyəti nəzərdə tutmuram. Mənəvi-psixoloji vəziyyət də ürəkaçan deyil. Dəyərlər o qədər deqradasiyaya məruz qalıb ki, hərənin öz həqiqəti, hərənin öz ədaləti meydana çıxıb. Sanki ədalət, həqiqət, ləyaqət, vicdan zövq məsələsinə çevrilib. Hərənin özünəməxsus ədalət anlayışı, həqiqətə yanaşma forması yaranıb. Bu tendensiya isə çox təhlükəlidir, zərərlidir, cəmiyyəti geriyə atır. Əgər bir şəxs şərlənərək həbs edilibsə, işgəncəyə məruz qalıbsa, şərəf və ləyaqəti alçaldılıbsa, buna necə haqq qazandırmaq olar? İrqindən, cinsindən, dünyagörüşündən asılı olmayaraq, hüquq hamı üçün eyni missiyanı yerinə yetirməli deyilmi? Fakta görə ədalətli mövqe sərgiləmək insanlığın tələbi deyilmi? İnsan kiminsə xoşuna gəlmək üçün, yaxud kiminsə qəzəbindən qorunmaq üçün ədalətli olmalı deyil. Ədalət odur ki, sevmədiyin insana qarşı da haqsızlıq etməyəsən, bəyənmədiyin adamın da zülmə məruz qalmasını alqışlamyasan, düşmənini də şərləməyi özünə sığışdırmayasan.
Son günlər çox iyrənc bir təbliğata şahidlik edirik. Sən demə, şərlənmiş inanclı şəxslərin müdafiəsinə qalxmaq, onlara azadlıq tələb etmək, dünyəvi dövlətə təhdid imiş, İran agenturasına xidmət imiş və.s
Əvvəla qeyd edim ki, bunu iddia edən adamların əksəriyyətinin, şərlənmiş qeyri-inanclı şəxsləri müdafiə etməyə də cəsarəti çatmır. Yəni, bunların dərdi dünyəvilik, dövlət maraqları deyil. Məqsədli şəkildə təxribat yaratmaqla, ləyaqətli insanları gözdən salmaqla məşğuldular.
İkincisi, “İran agenti” deyib, özünü lezvalayanların heç biri ortaya fakt qoya bilmir. Aylarla davam edən məhkəmə proseslərində hökumət bu adamlara “agent” damğası vurmaq üçün “fakt” düzəldə bilmədi. Amma bu “ədalət mələkləri” dirəşiblər ki, məlum şəxslər agentdi. Bir sözlə, hökumətə yarınmaqla, şər ssenarisinə haqq qazandırmaqla məşğuldular.
Amma əsas sual budur Dünyəvi dövlətə təhdid yaradan kimdir?
Şərlənmiş inanclı şəxsi müdafiə etmək, dünyanın heç bir yerində dünyəvi dövlətə təhdid sayılmır. Əksinə, ədalətin təntənəsi hesab edilir və demokratiyanın, dəyərlərin üstünlüyü kimi təbliğ olunur. Dünyəvi dövlətə ən böyük təhdid, zalımın əlaltısına çevrilənlərdi, milyonlarla insanın haqqını yeyənlərə beyət edənlərdi, öz komfortuna görə dövlətin imicini satışa çıxaranlardı. Dünyəvi dövlətə təhdid xalqın haqqını oğurlamaq, dövlətin milyardlarını talan etmək, təhsili, səhiyyəni, məhkəmə sistemini iflic vəziyyətə salmaqdı.
Ay bədbəxtlər, dünyəvi dövlət inanclı insanların olmadığı dövlət deyil, dünyəvi dövlət hüququn üstün olduğu, fərqli düşüncələrin eyni çatı altında yaşaya bildiyi dövlətdir. Amerikada keçirilən sorğuda əhalinin 56 faizi “din mənim həyatımda önəmli yer tutur” deyir. Amma Amerikada dini dövlət qurulmayıb. Çünki sözün əsl mənasında dövlət və dövlətə xidmət edən hökumət var. Azərbaycanda dünyəviliyə ən böyük təhdid mövcud idarəçilikdi. Niyaməddin Əhmədovu terrorçuluqda, Saleh Rüstəmlini çirkli pulları yumaqda, Aqil Hümbətovu xuliqanlıqda ittiham edənlər, inanclı şəxsləri də agent olmaqda ittiham edə bilər.
Biz Azərbaycanda əsl dünyəvi dövlət quracağıq, Qərbə inteqrasiya xəttini götürəcəyik, bəşəri dəyələrə sadəqət nümayiş etdirəcəyik. Amma milli kimliyimizi də qoruyacağıq, adamları əqidəsinə görə şərləməyəcəyik, Allahı söyməyi idarəçilik norması qəbul etməyəcəyik, inanclı adamlara “agent” damğası vurmayacağıq.
Bu gün Fransada, Almaniyada, İsveçdə, ABŞ-da və digər demokratik ölkələrdə milyonlarla müsəlman yaşayır. Avropa ölkələri müsəlman mühacirlərə qucaq açmağı dünyəviliyinə təhdid saymır, amma burdakı “müdrük”lər öz vətəndaşımızı müdafiə etməyi təhdid hesab edirlər.
Sonda demək istəyirəm ki, biz bu xalqın, bu dövlətin agentiyik və bu dövlətin maraqlarını yadlara satan korrupsiya agentlərinə, repressiya agentlərinə qarşı hər zaman mübarizə aparacağıq. Zalıma agentlik edənlərin, haqqı tapdanmışları agent adlandırmasını da həzm etmək fikrində deyilik. Və bilirik ki, bu ölkəni Allaha ibadət edənlər yox, pulu Allah bilənlər məhv edir.

скачать dle 12.1
Xəbər lenti