Zaqatala xalqına müraciət.

9-10-2015, 04:08
0
Zaqatala xalqına müraciət.

Siyasi fəal Rəsul Mürsəlov doğulub böyüdüyü Zaqatala şəhəri əhalisinə müraciət etdi.

qaynarxeber.org saytına ünvanlanan müraciətdə xalqa seçkini boykot çağırışı yer alır və gənc fəal xalqa bunun açıqlamasını verir.

Müraciəti olduğu kimi təqdim edirik.

 

Əziz Zaqatalalılar!

Sizlərə müraciət edirəm.

 

1 noyabr Parlament təyinatı günündə (bəli seçki yox, bu gün təyinat günüdür) seçki dairələrinə getməməyinizi, sizin səsinizin onsuzda heç bir əhəmiyyəti olmayacağını bildirirəm ki, sizlərin bunun bilincində və illər boyu şahidi olduğunuzu düşünürəm.

 

Bu hakimiyyət sizləri zatən saya salmır ki, sizin səsinizi də saya salsın. Boş yerə özünüzə əziyyət verib seçki dairələrinə getməyin, saxtakarlığı boykot edin.

 

Nəzərinizə çatdırım ki, Zaqatala 110 və 111 saylı seçki dairələri üzrə hakimiyyətin, bir başa prezident İlham Əliyevin təyinatına əsasən, sırası ilə Elşən Musayev və Kamilə Əliyeva adlı iki şəxs artıq təyin edilmişdir. Yəni sizlərin seçki dairəsinə getməyinizin heç bir anlamı yoxdur və gedəcəyiniz təqdirdə öz -özünüzə qarşı hörmətsizlik etmiş olacaqsız. Belə ki, seçki dairəsi üzrə təyinatın olduğunu bildiyiniz halda səs verməyə getməyiniz özünüzü aldatmaqdan başqa bir şey deyil. Çünki mövcud hakimiyyət sizləri saya salmır və bu durumda sizi puldan üstün hesab edərək səslərinizi də saya salmayacaqdır. Onu da yaxşı bilirsiniz ki, 2011 ci ilə ortaya çıxan gizli video çəkimlərlə parlament yerlərinin 1-1.5 milyon dollara satılması, bunun başında bir başa prezidentin durması təsdiqini tapmışdır.

 

Buradan isə aydın olur ki, hakimiyyət öz xalqından çox, cibini düşünür. Bu hakimiyyətin xalqdan çox cibini düşünməsinə sadəcə bir misaldır - mövzumuz seçki olduğundan yalnız bu fikirlə məsələni uzatmıram.

 

Hörmətli Zaqatalalılar!

 

Son Parlament seçkilərində - 2010 cu ildə Zaqatala 111 saylı seçki dairəsindən təyin olunmuş Kamilə Əliyevanı tanıyırsınızmı? Düşünürəm ki, cavabınız XEYR olacaqdır. Çünki həmin saxta deputat özü belə mətbuata açıqlamasında, Zaqatala deputatı olmasına rəğmən seçildiyi (əslində təyin edildiyi) seçki dairəsi üzrə heç vaxt Zaqatalaya getmədiyini, seçicilərlə görüşmədiyini və bu işdə (yəni seçicilərlə görüşməkdə) maraqlı olmadığını bildirib. Bəs belə olan halda saxta deputatın kimə, necə, nə kimi faydası ola bilər? Bu saxtakar qadın təkrar hansı üzlə Zaqataladan təyin olunmaq istəyir? Çünki sizlər heç vaxt ona qarşı etiraz etməmiş, saxtakarlığını üzünə vurmamışsınız. Əslində məsələ Kamilə Əliyeva kimi cılız insanlarda deyil, bir başa hakimiyyət başında duran İlham Əliyevdədir. Ancaq bu gün İlham Əliyevi deyil, onun maşası olaraq xalqa divan tutan, talayan və heç zaman onları özünə bərabər bilməyərək, onlarn içinə çıxmağı özünə sığışdırmayan Kamilə Əliyeva kimilərdən danışaq. Kiçikdən böyüyə gedək.

 

Onun kimi də Elşən Musayev. Bu adam kimdir, bilirsinizmi? Bu adam şər, böhtan hesabına Lider TV kanalında xalqını sevən, onların dərdinə yanan və şərik çıxan insanları şərləməklə İlham Əliyevə yaltaqlanan bir kimsə. Bu adam bütün mənliyini sataraq Əliyevə yaltaqlanır ki, sizlərin, xalqın başı üzərindən biznes mərkəzi olan parlamentdə mandatını qoruya bilsin. Bu yaltaqlıq və anti-xalq çıxışlarından dolayı ilham Əliyev onu da digər yaltaqlar kimi "mükafatlandırır" və bu il təkrar parlamentə təyinatını imzalayıb. Bu şər-xata Elşən Musayevi Zaqatala üzərindən deputat edir. Çünki Zaqataladan daha çıx cibini dolduracaq və yuxarıya haqq çatdıra biləcəkdir. Əlbəttə arsız adamlar daha çox xalqdan istifadə edə bilər və Musayev də bu tiplərdəndir.

 

Gəlin birlik olaq, bir olaq. Hər kəs dərindən düşünsün. Artıq itirəcək nəyiniz var? Hər biriniz borc içində, bank kreditinə bağlı yaşamırsınızmı?

Bizləri bu durma salan Əliyev rejiminin saxta parlament oyununda iştirak edərək nədən onun saxta ömrünü uzadaq ki? Bəli biz boykot etsək belə saxtakar rejim təyinatı üzərə adlarını çəkdiyim Elşən Musayev və Kamilə Əliyeva parlamentə təyin ediləcək. Ancaq bizlər hər birimiz öz vicdanımız qarşısında bu saxtakarlıqda iştirak etmədiyimizi biləcəyik. Bizlər bu BOYKOTLA hakimiyyətə hələ də ayaqda qaldığımızı, xalq bir olarsa hər şeyə qadir olduğunu sübut edək.

 

İcazə verək ki, özləri çalıb, özləri oynasın. Yəni hakimiyyətə xalqdan səs almadıqlarını, öz saxtakarlıqları ilə mandat verdiyini üzlərinə vuraq.

 

Sizlərdən istəyim sadədir - 1 noyabrda əziyyət çəkib saxta parlament təyinatına şərik olmayın. Boş yerə seçki dairələrinə getməyin və özünüzü əzdirməyin. Gedəcəyiniz, səs verəcəyiniz adam seçilməyəcək, seçki saxtakarlaşdırılacaqsa, nədən boşuna həm əziyyət, həm də sayğısızlıqdan acıq çəkəsiniz ki?

 

1 noyabr parlament təyinatına sayılı günlər qalır. Düşünün və bir daha düşünün. Kütləvi şəkildə seçkilərə getməkdən imtina edin. Bu imtinanı hər bir şəxs iki nəfər tanıdığına desin, o iki nəfər də hər biri daha iki nəfərə deyərsə bu daha geniş yayılacaq və Zaqatala xalqı olaraq saxtakarlığı boykot etmiş olacağıq. Nədən bunu etməyək ki?

 

Bunu hər kəs bir-birinə yaysın. Ümidliyəm ki, bunu bacara bilərik.

 

Zaqatala xalqına sevgi və saygılarımla Rəsul Mürsəlov.

скачать dle 12.1
Xəbər lenti