Bakıda əhalinin zorla çıxarıldığı evlər kirayə verilib

17-10-2015, 14:38
0
Bakıda əhalinin zorla çıxarıldığı evlər kirayə verilib

Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 44 və 46 saylı ünvanda yerləşən bəzi mənzillər 2012-ci ildə “Qış parkı”nın salınması adı ilə vətəndaşlara zor tətbiq edilməklə alqı-satqı edilib. Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin sökmək adı ilə aldığı həmin mənzillər sökülməyib, kirayə verilib.

Bu barədə Topçubaşov və Dilarə Əliyeva küçəsinin sakinləri bildiriblər. 44 və 46 saylı ünvanda yerləşən mənzillərin sahibləri İsrail vətəndaşı olan yəhudilərin olub. Hazırda onlar İsraildə yaşayırlar.

Sakinlərin sözlərinə görə, burada kirayədə yaşayanlarla evi alqı-satqı edilməyən şəxslər arasında mübahisələr də baş verir. Hətta məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Sahə müvəkkili və 48 saylı Mənzil Kommunal İstismar Birliyinin rəisi həyətə gələrək onlara xəbərdarlıq edib ki, birdə dava olsa, mənzillər söküləcək. Maraqlı budur ki, “Azərsu”, “Azərişiq” və “Azəriqaz”ın yerli idarələri sayğacları əvvəlki sahiblərindən təhvil alıb. Biz kirayə mənzillərinin qapısını döysək də, qapını üzümüzə açan olmadı.

“Qış parkı”nın ərazisində, daha dəqiq Dilarə Əliyeva küçəsində yerləşən Qafqaz Müsəlmanları İdarəsinin Kərbəlayi Abdullah məscidi də söküntü planına düşüb. Amma hələ ki, məscid fəaliyyətini davam etdirir.

Sakinlərlə söhbət zamanı o da məlum oldu ki, D.Əliyeva küçəsi ilə Topçubaşov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi tikinti şirkəti tərəfindən alınıb. Amma şirkətə 6 mərtəbədən çox yaşayış binasının tikilməsinə icazə verilmədiyi üçün ərazidə tikinti işlərinin başlanılması gecikir.
“Yaxın günlərdə söküntünün olacağı ilə bağlı bizə hər hansı məlumat verilməyib. Açığı yaxın günlərdə gözlənilmir də. Biz də Azərbaycanda yaşayırıq, xəbərimiz var ki, dövlət büdcəsində söküntü işlərini həyata keçirmək və əhaliyə kompensasiya ödəmək üçün pul yoxdur. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar Dilarə Əliyeva küçəsində yarımçıq sökülən yaşayış binaları hasarlandı, pəncərələri bağlandı ki, buranın sökülməsi əcnəbilərə məlum olmasın. Elə evlər var ki, dörd tərəfini söküblər, sahibi mənzilini satmaq məcburiyyətində qalıb, amma icra hakimiyyəti pulun olmadığını bildirərək söküntünü dayandırıb. 2017-ci ildə Bakıda daha bir beynəlxalq idman yarışı da keçiriləcək. Yəqin yenə də “Qış parkı” və “Sovetski”də aparılacaq söküntü işləri üçün ayrılan vəsait yarışın təşkil olunmasına xərclənəcək. Ona görə də, söküntü işləri 2020-ci ildən sonraya gözlənilir”,-deyə sakinlərdən biri bildirdi.

Sakinlərin sözlərinə görə, “Qış parkı”nda mülkiyyətçiləri evindən zorla çıxarılan, alqı-satqı edilən, amma sökülməyib saxlanılan və kirayəyə verilən mənzillərin sayı çoxdur.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, zənglərimiz cavabsız qalıb.

скачать dle 12.1
Xəbər lenti