MİS sədri başsız ailənin evini başına uçuracaq (FOTOLAR)

3-11-2015, 00:20
0
MİS sədri başsız ailənin evini başına uçuracaq (FOTOLAR)
Sabah  “JEK” nümayəndələri gəlib evimi uçuracaqlar. "JEK" sədri Mamed adlı şəxs evimi uçurub, məni  çölə atacağını deyir. Onlar məni çıxarmaq üçün müxtəlif yollara əl atırlar. Xəbər göndəriblər ki, sabah gəlib evinizi sökəcəyik. May ayında gəlib evimi uçurdular, körpə qızımla çöldə qaldıq. Sonra yenidən taxtalardan bir otaq düzəldib yaşadıq”. 
Bu sözləri bizə Füzuli rayonundan məcburi köçkün olan Yasamal rayonu “Qanlı göl” adlı ərazidə yaşayan Möhtərəm Quliyeva deyir. Şikayətçi artıq bir ilə yaxındır evinin söküləcəyi təhdidi ilə yaşayır: “Yasamal rayonunun icra nümayəndələri məni evimdən çıxarıb evimi sökmək istəyirlər. Heç yerdə bizi yerləşdirmirlər. Xəstə uşağımla haraya gedəcəyimi bilmirəm. Onlara dedim ki, heç yerə gedən deyiləm. Bu balaca daxmanı da, bizə çox görürlər. Bizə elə “çıx evdən” deyirlər, ancaq haraya gedəcəyimiz barədə heç nə demirlər. 2009-cu ildən burada yaşayıram. Əvvəl hamı kimi biz də ev tikdik. İndi Yasamal İcra Hakimiyyətindən bildirdilər ki, tapşırıq var, çıxmalısınız".
Şikayətçinin sözlərinə görə, ərazi üzrə Mənzil İstismar Sahəsinin sədri onları heç bir kompensasiya vermədən evdən çıxarmağa çalışır: “JEK”-dən dedilər ki, sizin adınız siyahıda yoxdur. Adımın siyahıda olduğunu öyrənmək üçün Yasamal Rayon İcra Hakimiyyətinə getdim. Siyahıda mənim, qızımın və anamın adı çıxdı. İbrahim Niftiyev bildirdi ki, sizi evinizdən heç kim çıxara bilməz”.
Qeyd edək ki, Yasamal rayonunda “Qanlı göl” adı ilə tanınan ərazidə yaşayan təkcə, Möhtərəm Quliyev deyil, digər sakinlər də evlərinin söküləcəyi təhdidi ilə yaşayırlar. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aparılan söküntü işləri hələ başa çatmayıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə burada yaşayan məcburi köçkünlərin bir çoxu yeni mənzillərə köçürülsə də, bir qismi söküntü zamanı xarabalığa çevrilən ərazidə yaşamaqda davam edirlər.  
Sakinlərin sözlərinə görə, adıçəkilən ərazidə 50-ə yaxın köçürülməmiş ailə qalır. Əhali qaz, su, işıq üzünə həsrət qalıb. Aidiyyatı qurumlar isə nə problemi həll etməyə, nə də başqa mənzillərlə təmin etməyə cəhd göstərmir, əvəzində sakinlərdən evlərini tərk etməyi tələb edirlər. 








скачать dle 12.1
Xəbər lenti