Qarabağ qazisindən Mehriban Əliyevaya tükürpərdən məktub

26-04-2016, 12:03
0
Qarabağ qazisindən Mehriban Əliyevaya tükürpərdən məktub

«Uğrunda əlil olduğum vətən torpağından mənə 25 kvadrat metr yer düşmürsə, o zaman əlil olmağa dəyərdimi?!»

Ağdam rayonundan məcburi köçkün, birinci qrup Qarabağ müharibəsi əlili olan Elman Balakişiyev Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya ünvanladığı tükürpədən şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. Hazırda Bərdə rayonunda “866 yerlik qəsəbə” adlanan ərazidəki 7-ci binanın 49-cu mənzilində yaşayan şikayətçi məktubunda yazır:

“Torpaqlarımızın müdafiəsi zamanı iki güllə, çoxsaylı qəlpə yaraları alaraq gözümü itirmişəm və əlil olmuşam. Başımda 7 millimetr qəlpə var.

Yaşadığım 866 yerlik qəsəbənin ərazisində kiçik ticarətlə  məşğul olmaq üçün 25 kvadrat metr torpaq sahəsi istəsəm də, xahişimi nəzərə alan olmadı. 2014-cü ilin yanvarından  bugünə qədər “Qaçqınkom”un sədri Əli Həsənova ərizə ilə dəfələrlə müraciət etsəm də, heç bir nəticəsi olmayıb.  Maddi imkanları yüksək olan qəsəbə sakinləri isə torpaq sahəsi alaraq mağaza tikiblər.

Hörmətli Mehriban xanım! Mənə 25 kvadrat metr torpaq sahəsi düşmürsə, böyütdüyüm, gələcəyin iki əsgərinə hansı vətənəpvərlikdən danışım?! Budurmu Qarabağ əlilinə qayğı?! Uğrunda əlil olduğum vətən torpağından mənə 25 kvadrat metr yer düşmürsə, o zaman bu torpağın azadlığı uğrunda şəhid və ya əlil olmağa dəyərmi?! Bu qədər ədalətsizlik olarmı?!

Təəssüf ki, Əli Həsənov kimi məmurlar bəzən torpaqlarımızın müdafiəsi zamanı əlil olmuş vətəndaşların müraciətinə laqeyd yanaşır. O, mənə imkan vermir ki, gələcəyin iki əsgərini böyütmək üçün kiçik ticarətlə məşğul olum.

Heç bir nazirin, deputatın və yüksək vəzifəli şəxslərin övladları vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyib ki, şəhid və ya əlil olsun. O da əlil olmuş oğluna baxıb ürəyi parçalansın. Odur ki, mənim kimi əlilin qədrini bilmirlər. Torpaq qorumaq mənim kimi kasıb balasının öhdəsinə düşür, keflə yaşamaq, bahalı maşına minib, gözəl yerlərdə istirahət etmək nazir balalarına məxsusdur. Əlilin balası ac qalsa da olar. Aylıq maaşları  1000-2000 manat olan deputatların, nazirlərin və yüksək vəzifə sahiblərinin hansının balası şəhid və ya əlil olub, görəsən? Vətən torpaqlarını qorumaq onlara aid deyil?

Əli Həsənov kimi məmurların övladı əlil olsaydı, onda bilərdi ki, əlil nə cür zülmlə yaşayır. Dərman almağa pulu olmasaydı, mənim kimi əlilin qədrini bilərdi.

Sizdən bu dövlətin azadlığı, müdafiəsi uğrunda əlil olmuş bir vətəndaş kimi, mənə 25 kvm torpaq sahəsinin verilməsi üçün Əli Həsənova tapşırıq verməyinizi xahiş edirəm”.

скачать dle 12.1
Xəbər lenti