Su niyə benzindən baha satılır?

7-05-2016, 20:33
623
Su niyə benzindən baha satılır?

Tərkibi və keyfiyyəti də sual altında…

Eyyub Hüseynov: «Əmtəə bazarında içində böyük milçək olan, baha qiymətə satılan «Qax» suyu, içində göbələklər üzən «Aquavita» suyu var»

Qarşıdan isti yay mövsümü gəlir və bu fəslin ən keçilməz sərinləşdirici atributunun su olduğunu desək, qətiyyən səhv etmərik. Elə indidən insanların qablaşdırılmış suya olan ehtiyacı başlayıb. Bu sırada həmin sərinləşdirici vasitənin qiyməti və keyfiyyətinin bir-birinə uyğun gəlmədiyi gündəmin daimi mövzusu olub.

Maraqlıdır, necə olur ki, maya dəyəri elə də yüksək qiymətə başa gəlməyən su bu gün benzindən baha qiymətə satılır? Yerin dərinliklərindən çıxarılan nefti, yoxsa bulaqdan öz-özünə qaynayıb çıxan suyu emal etmək, qablaşdırmaq daha çətin başa gələr? Bütün bu suallar sözsüz ki, insanların daim verdiyi, lakin cavab tapa bilmədiyi nəsnələrdir. Bir məsələ aydındır ki, hazırda qablaşdırılmış suyun litri neftin və benzinin bir litrindən baha qiymətə satılır.

eyyub_huseynov

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov keçən il suların sadə ekspertizasıyla bağlı bir açıqlamanı ictimaiyyətə açıqladığı üçün üç yerdən məhkəməyə verildiyini xatırladır. Eyyub bəy söyləyir ki, bu məsələylə əlaqədar ona həddən çox təzyiqlər olub: “Dövlət orqanlarını, əlində dövlət hesabına milyon dollarlıq laboratoriyalar qurulmuş qurumları bu məsələyə aydınlıq gətirməyə çağırdım. Tanrının möcüzəsi olan, dadı və qoxusu, rəngi olmayan suyun ölkənin əmtəə bazarında litri 40 qəpikdən 10 manata qədər olan növləri var. Onların bir-birindən fərqi nədir, onları nə üçün ayırmaq olmur? Dövlət orqanlarına məktub göndərsəm də, hamı susmaq mövqeyində qaldı və mənə təzyiqlər başladı. Heç kim təminat verə bilməz ki, ən bahalı suyun müəyyən hissəsi krandan yığılmayıb. Çünki onun qoxusu, dadı yoxdur və istehlakçı da onu ayıra bilmir. Bu məsələ dünyadakı ciddi problemlərdən biridir. Bundan istifadə edən su biznesmenləri bazarda özlərinə ayrıca biznes qururlar və evlərdə dəyəri 2-3 min olan su filtrləri quraşdırırlar. Təəssüf ki, müvafiq qurumlar bu məsələyə aydınlıq gətirmir. Bu məsələyə aydınlıq gətirilməsini istəyirlərsə, Azad Istehlakçılar Birliyinin müstəqil ekspertizada iştirak etməsinə şərait yaratsınlar və həmin məsələ də KIV-də təmin edilsin. Istehlakçılardan çoxsaylı müraciətlər daxil olsa da, təmsil etdiyimiz qurumun əlində bu məsələnin araşdırılması üçün imkanlar yoxdur. Problemə misal olaraq hazırda içərisində böyük milçək olan, ağzı açılmamış, baha qiymətə satılan ”Qax” suyu, içində göbələklər üzən “Aquavita” suyunu misal göstərə bilərəm. Həmçinin, keçən həftə bizə ərizəylə müraciət edən istehlakçı “Pepsi-kola”nın neçə illərdir buraxdığı malın üzərində buraxıldığı tarixin yazıldığından, son istehlak tarixinin göstərilmədiyindən şikayət edir. Bu da istehlakçı hüququnun və “Yeyinti məhsulları haqqında” qanunun tələblərinin pozulmasıdır”.

 

скачать dle 12.1
Xəbər lenti