“Milli Şura, AXCP olaraq mübarizəyə öncüllük etmək qürurvericidir”

20-02-2017, 19:13
0
“Milli Şura, AXCP olaraq mübarizəyə öncüllük etmək qürurvericidir”

Gözəl Bayramlı: ” İllərdir aparılan yarıtmaz idarəçilik, talançılıq siyasəti ölkəni çox ciddi sosial-iqtisadi böhranla üz-üzə qoyub”

Son zamanlar toplumun fəal kəsiminə, xüsusilə AXCP-yə qarşı olan repressiya siyasəti daha geniş vüsət alıb. Bu cür hücumların hazırkı dönəmdə  baş verməsi təsadüfi sayılmır. Çünki hakimiyyət iqtisadiyyatı tam formada bürüyən böhrandan çıxış yolları aramaq, gözlənilən addımları atmaq əvəzinə imitasiya ilə məşğul olur. Müsahibimiz AXCP sədrinin müavini Gözəl Bayramlıya bu və digər sualları ünvanladıq:

– Mövcud rejim cəmiyyətin fəal kəsimini daimi təzyiqlər altında saxlamağa çalışıb və bu gün də həmin siyasəti davam etdirir. İllərdir aparılan yarıtmaz idarəçilik, talançılıq siyasəti ölkəni çox ciddi sosial-iqtisadi böhranla üz-üzə qoyub. Narazılıq getdikcə artır, hətta bu narazılıq rejimə qarşı böyük nifrətə çevrilib. İşsizlik, sosial-iqtisadi böhran, devalvasiya, bahalaşma ən ağır mərhələyə qədəm qoyub və demək olar ki, hökumət bütün bunların qarşısını ala bilmir. Korrupsiyanın, rüşvətin, məmur özbaşınalığının hakim olduğu sistemdə bunun qarşısını almaq da mümkün deyil. Təbii ki, hakimiyyət də bu durumdan narahatdır və təəssüflər olsun ki,  çıxış yolları axtarmaq, böhranın qarşısını almaq əvəzinə cəmiyyətiin fəal kəsimini basqı altında saxlamaq, repressiya siyasətini daha da genişləndirməklə rejimin ömrünü uzatmağa çalışır. Azərbaycan cəmiyyəti  bunun fərqindədir və belə davam edə bilməz düşüncəsi ilə vəziyyətdən çıxış yolları axtararkən siyasi proseslərə qoşulub, sivil mübarizə aparmağın vacibliyi barədə düşünür. Hökumət dərk edir ki, günün birində cəmiyyətin narazı potensialı səfərbər olarsa, kütləvi etirazların qarşısını almaq mümkünsüz olacaq. Təbii ki, bu prosesə Milli Şura öncüllük edəcək. 2016-cı ilin sentyabr ayının 11 və 17-də Milli Şuranın keçirdiyi kütləvi mitinqlər,  Nardaran işini rejimin  ifşasına çevirməyimizin də bu məsələdə rolu var. Ona görə də təzyiqlərin və repressiyaların əsas hədəfi kimi həmişə olduğu kimi AXCP seçilib, cəbhəçi fəallar seçilib.

“Azərbaycan siyasi məhbusların sayına görə dünyada birinci yeri tutur”

– İndiyə qədər hakimiyyət bu cür repressiv addımlara dəfələrlə müraciət edib. Amma onların heç biri nəticə verməyib. Budəfəki, cəhdlərin nəticəsi necə olacaq?

– Repressiya siyasəti 24 illik Əliyev hakimiyyətinin əsas siyasi xətti olub. Cəmiyyəti qorxu altında saxlamaq, narazılığı boğmaq üçün bu siyasəti hər zaman davam etdiriblər. İnsanları siyasi düşüncəsinə, ifadə azadlığına, rejimi tənqid etdiyinə görə həbsə atıblar. Bu gün də Azərbaycan siyasi məhbusların sayına görə dünyada birinci yeri tutur. Ancaq o da reallıqdır ki, ağır repressiyalara, həbslərə, təzyiqlərə rəğmən cəmiyyətin müqavimət potensialının qarşısını heç zaman ala bilməyiblər, bu dəfə də ala bilmək şansları yoxdur. Bunun üçün ən ağır məhrumiyyətlərə rəğmən  şüurlu şəkildə avtoritarizmə qarşı mübarizəni özünün əsas prinsipi kimi qəbul edib demokratiya uğrunda mübarizə aparan, bu mübarizədən bir an belə çəkilməyən  minlərlə fədakar mübarizə insanlarına borcluyuq. Milli Şura olaraq, AXCP olaraq bu mübarizəyə öncüllük etmək, rejimə qarşı dirənişin ön cəbhəsində olmaq gerçəkdən qürurvericidir.

“Çapıb-taladıqlarının əvəzini  xalqa ödətdirmək istəyirlər”

– Hakimiyyət kommunal xidmətlərin bahalaşmasının fonunda artan sosial etirazlara adekvat cavab vermək əvəzinə toplumu təşkilatlandıra biləcək qüvvələrə qarşı bu cür hücumları gerçəkləşdirməsi hansı perspektivlər vəd edir?

– Bu rejim anlamalıdır ki, devalvasiya, bahalaşma fonunda üstəlik kommunal xidmətləri bahalaşdırmaqla ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən aztəminatlı kəsimə ən  böyük zərbə vurdular. Çapıb-taladıqlarının əvəzini  xalqa ödətdirmək siyasəti böyük etirazlara səbəb olub. Kommunal xərcləri artırmaq, yeni-yeni cərimə növləri kəşf etməklə vəziyyətdən çıxmaq istəyi daha böyük etirazlara yol açıb. Bu etirazların qarşısını almaq üçün toplumu təşkilatlandıra biləcək qüvvələrə qarşı hücumlar bir fayda verməyəcək. 2,5 milyon insanı banklardan asılı duruma salıb, milyonlarla, milyardlarla dövlət vəsaitlərini gərəksiz yarışlar adı altında talan edəndə, ofşorlara daşıyanda bu barədə düşünəcəkdilər.

“MTN işi rejimin kriminal mahiyyətini bir daha sübut edir”

– MTN işi ilə bağlı aparılan məhkəmədə hər dəfə yeni dəhşətli faktlar üzə çüxır. Amma bu faktların heç birinə reaksiya verilmir. Normal dövlətlərdə bu cür cinayyətlərə görə hansı addımlar atılmalıydı?

– MTN işi ilə bağlı məhkəmə prosesində açıqlanan faktlar bu rejimin kriminal mahiyyətini bir daha ortaya qoyur. Ölkənin milli təhlükəsizliyinə cavabdeh olan qurum və bu qurumun generalları, digər yüksək rütbəli zabitlərindən ibarət böyük cinayətkar şəbəkə  iş adamlarından, hakimiyyət strukturlarından hədə-qorxu, şantaj,  işgəncə yolu ilə milyonlar əldə ediblər. Normal dövlətlərdə bu cür cinayətə görə hakimiyyət komandası bütövlükdə istefaya gedərdi. Azərbaycanda isə korrupsiya, oğurluq, quldurluq yolu ilə varlanmaq, sərvət toplamaq dövlət siyasətinə çevrildiyindən bu barədə heç düşünmürlər də. Bu biabırçılığa hər hansı reaksiya belə verilmir, qurumun keçmiş rəhbəri hər hansı məsuliyyətə cəlb olunmur və hakimiyyət bu cinayətin ötr-basdır edilməsində maraqlıdır. Dövlətin dayaqlarını sarsıdacaq qədər cinayətkar şəbəkə quran  dövlət qurumunun rəhbərinin məsuliyyətdən kənarda saxlanması buna sübutdur.  Bütün bunlar isə  dövlət adına rəzalətdir.

 – Covdarov özü etiraf edir ki, həbs etdiklərinin 20 faizinin heç bir günahı olmayıb bu etirafın özü hüquq mühafizə sisteminin hakimiyyətin əlində qorxu aparatına çevrildiyini sübut etmirmi?

– Görünən odur ki, bunlar öz əməlləri ilə fəxr edirlər. Mən bunu belə dəyərləndirirəm. Çovdarov özü etiraf edir ki,  600-800 adamı nahaqdan, “torba tikərək” həbs etdirib. Bu dəhşətdir. Adam deyir ki, “3-4 min adam həbs etdirmişəm, onların azı 80%-də cinayət tərkibi olub. 20%-ni də özümüz düzüb qoşmuşuq ki, adamı salsınlar içəri”.

Biz illərdir ki, hüquq- mühafizə sisteminin hakimiyyətin əlində qorxu aparatına, cəza alətinə çevrildiyinə şahidik. Siyasi və vətəndaş cəmiyyəti fəallarına, gənclərə,  jurnalistlərə qarşı bu metodlardan dəfələrlə istifadə olunub, onlar nahaqdan, şərlənərək həbs olunublar. Hüquq-mühafizə sistemində çovdarovların missiyası bu olub, onlar “torba tikmək”, pul qoparmaq bacarıqlarına görə vəzifə pillərlərində ucalıb, general olublar. Məhkəmələrdə siyasi sifarişli həbslərin sayı-hesabı yoxdur. Böyük bir hakim ordusu rejimin cəza mexanizmi funksiyasını yerinə yetirirlər.

Qondarma məhkəmələr rejimin ifşasını daha da sürətləndirib

– Hakimiyyətin ölkədə siyasi məhbusların sayının artmasına yönələn siyasəti, Qərbdən gələn çağrışları qulaqardına vurması hakimiyyərə hansı perspektivlər vəd edir?

– Ölkədə siyasi məhbusların sayının artmasında hakimiyyət həmişə maraqlı olub. Bu gün də aparılan siyasət buna xidmət edir. Düşünürlər ki, bu yolla cəmiyyəti basqı altında saxlayıb istədikləri cinayət əməllərini törədəcək, oğurluqlarına qaldıqları yerdən davam edəcəklər. Beynəlxalq stukturların bu istiqamətdə çağırışlarını da ona görə qulaqardına vururlar. Təbii ki, bütün bunlar hakimiyyətə hər hansı yaxşı perspektivlər vəd etmir.

Əsas olan odur ki, cəmiyyət bu siyasətdən narazıdır, Qərb bu siyasətə öz etirazını bildirir. “Nardaran işi” məhkəməsində, digər fəallara qarşı məhkəmə proseslərində də bunun şahidi olmuşuq. Birmənalı olaraq həm cəmiyyət, həm də beynəlxalq strukturlar bu məhkəmə proseslərini sifarişli məhkəmə prosesləri, baş verən həbsləri isə əsassız, qanunsuz həbslər kimi dəyərləndiriblər. Bütün bu proseslər rejimin ifşasını daha da sürətləndirib. Qərbdən  həbs olunanların dərhal azadlığa buraxılması çağırışları da buna sübutdur.  Azərbaycanda siyasi məhbuslarla bağlı məsələlərin beynəlxalq qurumlarda müzakirə olunması, bu istiqamətdə dinləmələrin keçirilməsi, siyasi məhbusların azadlığa buraxılması çağırışlarına rəğmən hakimiyyətin bütün bunlara reaksiya verməməsi olduqca perspektivsiz siyasətdir və nə zamansa bunun ən ağır zərbəsi özlərinə dəyəcək.  Demokratiya heç bir ölkənin daxili işi deyil. Azərbaycanın bu istiqamətdə xeyli öhdəlikləri var və bu öhdəliklərin yerinə yetirilməməsinin məsuliyyəti hakimiyyətin üzərindədir. Ya məsuliyyətini dərk edəcəksən, ya da sanksiyalar daxil, bütün təzyiq vasitələri ilə üzləşməli olacaqsan.

 

скачать dle 12.1
Xəbər lenti