Azərbaycan uşaqpulu ödəməyən yeganə ölkədir

17-06-2019, 21:46
39 628
Azərbaycan uşaqpulu ödəməyən yeganə ölkədir

Milli Şuranın sədri Cəmil Həsənli

Məndə Sovet nostaljisi yoxdur. Amma Azərbaycanın ötən əsrin 60-cı illərindəki tarixini, mədəniyyətini və sosial həyatını araşdıranda maraqlı faktlarla qarşılaşdım. Bunlardan biri də hər 10 min nəfərə düşən uşaq doğumunun səviyyəsinə görə Azərbaycanın Sovet İttifaqında birinci yerə çıxması idi. Bunun sosial səbəblərin aydınlaşdırmağa çalışdım. Məlum oldu ki, uşaq dünyaya gəlməzdən öncə 56 gün, uşaq doğulandan sonra da 56 gün hər bir anaya əmək haqqı ödənilən 4 aylıq analıq məzuniyyəti verirlərmiş. Uşaq doğulan gündən 18 yaşına çatana qədər ona 20 manat həcmində uşaq pulu ödənilirdi. Təsəvvür edin kənd yerlərində hər ailədə 3 uşaq var idisə hər ay 60 manat (minimum əmək haqqı həcmində), 5 uşaq var idisə 100 manat (120 manat ölkədə yüksək əmək haqqı hesab edilirdi) uşaq pulu alırdı. Yeri gəlmişkən ötən əsrin 60-cı illərində 5 və 5-dən artıq uşaq olan ailələr respublikada bütün ailələrin 45 faizini təşkil edirdi və kənd yerlərində ailələrin xeyli hissəsi bu uşaq pulu ilə dolanırdılar. Həmin illərdə respublikada 1-7 yaş arasında bir milyon uşaq var idi ki, bu da bütün əhalinin 25 faizini təşkil edirdi. Son 15 ildə ölkəyə 200 milyarda yaxın neft pulları daxil olub. Amma İlham Əliyev rejimi yoxsulluğun səviyyəsinin guya 5 faizə endirilməsi kimi saxta, heç bir iqtisadi-sosial əsaslandırması olmayan statistik məlumatı əlində bayraq edərək Azərbaycan ailələrini uşaq puluna həsrət qoyub. Dünya bir tərəfə qalsın, Azərbaycan post-sovet məkanında ailələrə uşaq pulu ödəməyən yeganə ölkədir.

скачать dle 12.1
Xəbər lenti