İraqda spirtli içkilər qadağan olundu

24-10-2016, 14:30
0
İraqda spirtli içkilər qadağan olundu

“The Guardian” yazır ki, İraq parlamenti alkoqollu içkilərin idxalını, istehsalını və istehlakını qadağan edən qanunu qəbul etməklə bir çoxlarını təəccübləndirib və ölkənin xristian azlığını qəzəbləndirib. Məsələ burasındadır ki, ölkənin əsasən şimalında yaşayan xristian icması spirtli içkilər biznesinin hesabına dolanır.
Həftəsonu qəbul edilmiş qadağan qanunu onu pozanlar üçün 25 milyon İraq dinarı (20 min dollar) məbləğində cərimə nəzərdə tutur.
Lakin məqalədə deyilir ki, bu qanunun işləyəcəyi şübhə doğurur və onun ali məhkəmə tərəfindən ləğv olunacağı gözlənilir.
İslam müsəlmanlara spirtli içkiləri qadağan edir, lakin İraqın iri şəhərlərində, əsasən də xristian dükanlarında alkoqol həmişə açıq satışda olub.
Burası da var ki, hazırda bu dükanlar Məhərrəmliyə görə bağlıdır.
“The Guardian” yazır ki, İraq parlamentində şiə islamçı partiyalar çoxluğa malikdir. Bu da qeyd olunur ki, qadağan qanunu məclisin internet saytında dərc olunsa da, ona neçə millət vəkilinin səs verməsi açıqlanmayıb.
Xristian vəkil Joseph Slaiwa “The Guardian” qəzetinə bildirir ki, bu “ədalətsiz qadağan” faktiki olaraq bələdiyyələrin gəlirlərinə dair daha böyük qanun layihəsinin içərisində millət vəkillərinə bir növ “sırınıb” və deputatların əksəriyyəti qanunun bu qadağanını bilmədən ona səs veriblər.
Qanunun ilkin layihəsində yalnız spirtli içkilər satan mağaza və restoranlara əlavə vergi qoyulmasından söhbət gedirdi.
“Bu qadağan konstitusiyaya ziddir, çünki ölkənin əsas qanununda xrsitian və etnik azlıqlardan olan vətəndaşlara müsəlaman vətəndaşlarla bərabər hüquqlar tanınır, – deyib vəkil, – Sözüm həmin müsəlman deputatlaradır: Öz dininizin qayğısına qalın və bizdən əl çəkin. Biz öz qayğımıza özümüz qala bilərik”.
Vəkil bildirib ki, bəzi millət vəkilləri artıq ali federal məhkəməyə şikayət ərizələri veriblər.
“The Guardian” yazır ki, qanun layihəsi parlamentdəki ən böyük bloka – Qanun koalisiyasına daxil millət vəkili, hakim Mahmud əl-Həsən tərəfindən təqdim olunmuşdu.
O israr edir ki, bu qadağanın qəbulunu konstitusiyanın 2-ci maddəsi tələb edir. Bu maddədə təsbit edilir ki, İslamın əleyhinə olan bütün qanunlar ləğv olunmalıdır.
“Ölkə konstitusiyası qeyri-müsəlmanlar üçün demokratiya və insan haqlarına təminat verir, lakin bu hüquqlar İslam dininin əleyhinə olmamalıdır” – deyib əl-Həsən.
Inside Iraqi Politics həftəlik məcmuəsinin naşiri Kirk Sowell “The Guardian” qəzetinə deyib ki, bu qanun heç şübhəsiz şiə millət vəkilləri tərəfindən dəstəklənib, lakin bir qədər gözlənilməz olub, çünki qadağan əsas müzakirənin mövzusu olmayıb.
“The Guardian” yazır ki, hakimiyyətin icraçı qolu və ya ali məhkəmə bu qadağanı prosedur pozuntuları zəminində ləğv edə bilər.
Məqalədə deyilir ki, başqa müsəlman ölkələrində də alkoqolu məhdudlaşdıran qanunlar var, lakin Səudiyyə və Küveytdən başqa heç bir ölkə spirtli içkilərə tam qadağan qoymayıb.
“The Guardian” yazır ki, bu qanunu əhəmiyyətli sayda xristianın yaşadığı muxtar kürd regionunda tətbiq etmək mümkün olmaya bilər.
Belə bir məqama da diqqət çəkilir ki, qanunun qəbulu Mosul şəhərinin İslam Dövlət adlanan təşkilatdan geri alınması üçün böyük hərbi əməliyyatın keçirildiyi vaxta təsadüf edib.
İŞİD öz nəzarətində olan ərazilərdə siqareti və alkoqolu qadağan edib.
Qəzet yazır ki, bu qadağan barədə İraqın sosial mediasında böyük debatlar gedir və bir çoxları parlamenti müharibə, aşağı neft qiymətləri və korrupsiya kimi ciddi məsələləri bir tərəfə qoyub alkoqolu müzakirə etdiyinə görə qınayırlar.
İnternetdə dolaşan bir karikaturada arxasını Mosul cəbhəsinə çevirib spirtli içki şüşələrinə atəş açan əsgər təsvir edilib.
İstifadəçilər arasında parlamenti İslam qanunlarının tətbiqinə görə alqışlayanlar da az deyil.

 

скачать dle 12.1
Xəbər lenti