Rusiyanın bu ölkələrdəki səfirləri nazirliklərə çağrılıb

26-03-2018, 19:26
9 743
Rusiyanın bu ölkələrdəki səfirləri nazirliklərə çağrılıb

Rusiyanın Polşada və Baltik ölkələrindəki səfirləri həmin ölkələrin xarici işlər nazirliklərinə çağırılıb. Bu haqda Rusiya xəbər agentlikləri yazır.

***

Britaniyanın müdafiə naziri isə deyir ki, bir çox ölkələr casus məsələsində Britaniyanın arxasındadıdır.

Rusiya prezidenti Vladimir Putin-in istədiyi Britaniyanı müttəfiqlərindən ayımaqdır”, – nazir Gavin Williamson martın 26-da Estoniyaya səfəri zamanı jurnalistlərə deyib.

Fakt odur ki, NATO alyansında, Avropa Birliyindəki ölkələr Birləşmiş Krallığı dəstəkləyir… Məncə, bu, verə biləcəyimiz ən yaxşı cavabdır”, – Williamson söyləyib.

***

Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsinə cavab olaraq ABŞ prezidenti Donald Trump azı 20 rusiyalı diplomatı ölkədən çıxara bilər. Bu haqda beynəlxalq və ABŞ mediası yazıb.

CNN və “Reuters”in martın 25-də bildirməsinə görə, qərar martın 26-da verilə bilər. Bu, avropalı müttəfiqlərin atacağı addımlardan da asılıdır.

Keçmiş casus Sergei Skripal və qızı Yulia martın 4-də Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Onların sinir qazıyla zəhərləndiyi bildirilir və hazırda ağır vəziyyətdə xəstəxanadadırlar.

Britaniya rəsmiləri bu hücumun arxasında “böyük ehtimalla” Moskvanın durduğunu bildirib, Avropa Birliyi də bu mövqeyi bölüşüb.

London 23 rusiyalı diplomatı ölkədən qovub. Hücumda əli olmadığını deyən Moskva da Rusiyadan 23 britaniyalı diplomatı çıxarıb.

Avropa Birliyi mümkün addımların nəzərdən keçirildiyini, Avropa paytaxtlarından da rusiyalı diplomatların çıxarıla biləcəyini bildirib.

“VARİANTLAR NƏZƏRDƏN KEÇİRİLİR”

Ağ evin sözçüsü Raj Shah deyib ki, Vaşinqton öz variantlarını götür-qoy edir, amma detalları açıqlamayıb.

“Birləşmiş Ştatlar Rusiyanın bu azğın hərəkətini Birləşmiş Krallıqla birlikdə pisləyir. Prezident həmişə Rusiyanın düşmən hərəkətlərinə görə mühakimə edilməsindən ötrü variantları nəzərdən keçirir. Hazırda açıqlamamız yoxdur”, – o deyib.

Xəbər agentlikləri martın 20-də Dövlət Departamentindəki mənbələrə istinadla yazmışdılar ki, Trump-ın Milli Təhlükəsizlik Şurası Rusiyaya qarşı bir sıra tədbirləri prezidentə təqdim edib. Məlumatlara görə, Moskva da, diplomatları çıxarılarsa, buna oxşar addımlar cavab verə bilər.

Trump Rusiya prezidenti Vladimir Putin-lə əlaqələri yaxşılaşdırmaq istədiyini bildirib. Bu səbəbdən ABŞ-ın atacağı istənilən addım bu mövqeyə zidd olacaq.

O, ötən həftə Putin-ə zəng edərək onu seçkidə təkrar qələbəsi münasibətiylə təbrik edib və zəhərlənmə məsələsinə toxunmayıb. Qərb tənqidçiləri Rusiyada 18 mart seçkisinin pozuntularla keçdiyini bildiriblər.

скачать dle 12.1
Xəbər lenti