Merkel: “Putin Avropa İttifaqını məhv etmək istəyir”

9-06-2022, 23:44
35 424
Merkel: “Putin Avropa İttifaqını məhv etmək istəyir”

Almaniyanın keçmiş kansleri Angela Merkel vəzifəsindən getdikdən sonra ilk dəfə verdiyi geniş müsahibədə Rusiyanın Ukraynaya hücumunu “səhv” adlandırıb

Almaniyanın keçmiş kansleri Angela Merkel vəzifəsindən getdikdən sonra ilk dəfə verdiyi geniş müsahibədə Rusiyanın Ukraynaya hücumunu “səhv” adlandırıb:

“Bu qəddar, beynəlxalq hüquqa ertinasız hücuma heç cür haqq qazandırıla bilməz. Putinin nifrəti, onun düşmənçiyi demokratik Qərb modelinə qarşı yönəlib. O Avropa İttifaqını məhv etmək istəyir, çünki onda NATO-ya üzvlüyün ilk pilləsini görür”.

Bununla bələ xanım Merkel Der Spiegel jurnalisti Aleksander Ozanqla müsahibəsində etiraf edir ki, Qərb Ukraynaya müdaxilənin qarşısının alınması üçün zəruri olan hər şeyi etməyib:

“Biz Ukraynada müharibənin qarşısını ala biləcək təhlükəsizlik arxitekturasını yarada bilməmişik. Biz bu barədə də düşünməliyik”.

Lakin keçmiş kansler hesab etmir ki, özünün Rusiyaya münasibətdə yürütdüyü siyasətə görə üzr istəməlidir.

Sadəlövh olmadığını deyir

Hazırda Angela Merkel Putinə münasibətdə çox yumşaq mövqe tutduğuna, Minsk razılaşmaları da daxil daim Rusiya ilə kompromislərə can atdığına görə sərt tənqid olunur.

Keçmiş kansler israr edir ki, o Putinlə danışıqlarda sadəlövh olmayıb. O hesab edir ki, Rusiya ilə Ukrayna arasında münaqişənin çözülməsi üçün edilən cəhdlərə haqq qazandırıla bilər:

“Diplomatiya yalnız işə yaramadığına görə yanlış sayıla bilməz”.

Xanım Merkel eyni zamanda etiraf edib ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsinə daha sərt reaksiya verilməli idi.

O bildirib ki, “hərbi çəkindirmə Putinin anladığı yeganə dildir”.

“O vaxt indiki Ukrayna deyildi”

Keçmiş kansler habelə 2008-ci ildə Ukraynanın və Gürcüstanın NATO üzvlüyünə qarşı çıxmasının səbəblərinə də toxunub:

“Bu, bizim indi gördüyümüz Ukrayna deyildi. O Yanukoviç və Yuşşenko arasında siyasi baxımdan parçalanmışdı. Bu, daxili stabil demokratiyası olan ölkə deyildi”.

Bundan başqa Merkelin sözlərinə görə Ukrayna və Gürcüstanın NATO üzvlüyü Putinin nəzərində “müharibə elan edilməsi” kimi qiymətləndirilərdi və keçmiş kansler bunu istəmirdi.

Ukrayna 2008-ci ildə alyansın Buxarest sammitində özünün “NATO üzvlüyü üçün hərəkət planına” daxil edilməsini rica edəndə Almaniya və Fransa buna qarşı çıxmışdlar.

Ukrayna prezidenti Volodimir Zelenski ötən apreldə Merkeli Rusiyada “Ukraynanın onun nəzarətində qalacağına dair özünəinam yaradan səhv” buraxmaqda ittiham etmişdi.

Lakin Merkel düşünür ki, bu ləngitmə ilə vaxt qazanmaq mümkün olub:

“Bu vəziyyyəti bir qədər sakitləşdirdi və Ukraynaya ölkəni inkişaf etdirib indiki səviyyəsinə çatdırmaq imkanı verdi”.

Angela Merkel ötən ilin dekabrında vəzifəsindən getdikdən sonra ictimaiyyət qarşısında görünməmişdi.

Rusiyanın Ukraynaya hücumundan sonra isə iki yazılı bəyanatla kifayətlənmişdi.

скачать dle 12.1
Xəbər lenti