İranlı kinorejissor həbsxanada aclıq aksiyası keçirdikdən sonra “müvəqqəti” azadlığa buraxılıb

4-02-2023, 10:48
5 081
İranlı kinorejissor həbsxanada aclıq aksiyası keçirdikdən sonra “müvəqqəti” azadlığa buraxılıb

İranlı rejissor Cəfər Pənahi bir gənc qadının baş örtüyünü düzgün şəkildə taxmaması iddiasıyla saxlanıldıqdan sonra polisin nəzarətində ikən ölümü ilə əlaqədar etirazları amansız və bəzən ölümcül şəkildə yatıran İranın məhkəmə və təhlükəsizlik aparatının “qeyri-qanuni və qeyri-insani davranışına” etiraz olaraq aclıq aksiyası keçirdikdən bir neçə gün sonra həbsxanadan müvəqqəti azad edilib.

Onun son filmi keçən il dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdı.

Kino tənqidçilərini heyrətləndirən və çoxsaylı beynəlxalq mükafatlar qazanan Cəfər Pənahi “məhkəmə və təhlükəsizlik orqanlarının qeyri-qanuni və qeyri-insani davranışına etiraz olaraq” çərşənbə günündən etibarən qida və dərman qəbulundan imtina etdiyini bəyan etmişdi.

Fevralın 3-də Pənahinin həyat yoldaşının Instagram səhifəsində açıqlama verərək yazıb ki, “Bu gün Cəfər Pənahinin aclıq aksiyasının üçüncü günündə ailəsinin, hörmətli vəkillərinin və kino nümayəndələrinin səyi ilə cənab Pənahi müvəqqəti olaraq Evin həbsxanasından azad edilib”.

Yazıda əlavə edilib ki, məsələ ilə əlaqədar detallar Pənahinin hüquq qrupu tərəfindən veriləcək.

O, əlavə məlumat verməsə də, posta cütlüyün avtomobildə olan fotosunu da yerləşdirib.

Qərargahı ABŞ-da yerləşən İranda İnsan Haqları Mərkəzi (CHRI) də Tvitter hesabında Pənahinin azadlığa buraxıldığını bildirib.

O, İranın teokratik hökümətinə qarşı çıxış etdikdən sonra saxlanılan bir sıra İran sənətçiləri, idmançıları və digər məşhurlar arasındadır.

Sentyabr ayında polis nəzarətində olan gənc qadının ölümü ilə bağlı ümummilli etirazlar başlayandan sonra bu cür həbslər getdikcə daha da geniş vüsət alıb.

62 yaşlı Pənahi 2011-ci ildə hökumət əleyhinə təbliğat aparmaq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin hökm icra edilməyib.

Həm səyahətinə həm də film çəkməyə qadağa qoyulduqdan sonra o, xaricdə nümayiş olunan yeraltı filmlər çəkməyə davam edib və böyük rəğbət qazanıb.

Pənahi iyul ayında daha iki iranlı kinorejissorun həbsi ilə bağlı məlumat almaq üçün Tehran prokurorluğuna gedərkən həbs edilib. Hakim daha sonra onun əvvəlki cəzasını çəkməli olduğuna qərar verib.

Onun İran-Türkiyə sərhədində özünün uydurma personajını canlandıran “Ayılar yoxdur” adlı son filminin premyerası etirazlar başlamazdan bir həftə əvvəl sentyabr ayında Venesiya Film Festivalında keçirilib.

The New York Times və The Associated Press filmi ilin ən yaxşı 10 filmindən biri, Los Angeles Times-ın kino tənqidçisi Castin Çanq isə 2022-ci ilin ən yaxşı filmi adlandırıb.

скачать dle 12.1
Xəbər lenti