ABŞ Rusiyanın Ukraynada hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üzrə addımları artırır

4-02-2023, 10:51
5 427
ABŞ Rusiyanın Ukraynada hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üzrə addımları artırır

Cümə axşamı ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynada hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsinə “bütün səmərəli yollarla yardım etdiyini” bildirib. Bu barədə Turan-ın Vaşinqtondakı müxbirinə ABŞ rəsmisi Ned Prays bildirib.

Vaşinqtonun şərhləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Haaqada Ukraynadakı cinayətlərin araşdırılması üzrə beynəlxalq mərkəz yaradıldığını açıqlamasından sonra səslənib.

Gündəlik brifinqdə Turan-ın Bayden administrasiyasının Rusiya vətəndaşlarına qarşı xüsusi tribunal ideyasını dəstəkləyib-dəstəkləməyəcəyi haqqında sualına cavabda Prays bildirib ki, ABŞ “Rusiyanın cinayətlərə görə birbaşa məsuliyyət daşıyan və ya hərbi cinayətlərə gətirib çıxaran əmrlər verən vəzifəli şəxslərinin” məsuliyyətə cəlb edilməsinə imkan verəcək mexanizmləri müəyyən etmək üçün Ukrayna ilə, habelə bütün dünyada müttəfiqləri və tərəfdaşları ilə “fasiləsiz dialoq aparıb”. 

Vaşinqton Putinin də məhkəməyə verilməli olduğunu düşünürmü? Bu suala cavabda Prays deyib ki, “bu sual hüquq-mühafizə orqanlarına verilməlidir”.

Mətbuat katibi həmçinin bildirib ki, Bayden administrasiyası Konqreslə Ukrayna xalqına qarşı vəhşiliklərinə görə Rusiyaya qarşı əlavə tədbirlər tətbiq etməyə imkan verəcək “yeni addımlar” üzərində işləyir.

Bu həftənin əvvəlində Ukrayna baş prokuroru Rusiyaya qarşı məhkəmə proseslərində ABŞ-ın gələcək dəstəyini qazanmaq məqsədilə rəsmi şəxslər və qanunvericilərlə görüşmək üçün Vaşinqtona səfər edib. 

Ötən il Bayden Rusiyanın Ukraynaya qarşı təcavüzünü “soyqırım” kimi səciyyələndirib, amma ABŞ administrasiyası Ukraynanın Rusiyanı “terrorçuluğa sponsorluq edən dövlət” adlandırmaq barədə israrlı çağırışına müqavimət göstərir. Eyni zamanda, Vaşinqton “təcavüzkar dövlət” kimi güzəştli terminlərdən istifadə edir. 

скачать dle 12.1
Xəbər lenti