İranın Müsəddiq dövrü

4-02-2023, 10:57
4 819
İranın Müsəddiq dövrü

Milli Şuranın sədri, professor Cəmil Həsənli

İranda molla rejimi ciddi böhran keçirir. Ölkənin gələcəyi ilə bağlı müzakirələr səngimək bilmir. Dünyanın müxtəlif fikir mərkəzlərində gələcək dövlət modeli ətrafında ideya axtarışları başlanmışdır. Bu müzakirələrin gedişində kimisi gələcəyə, kimisi də keçmişə baxır. Keçmiş demişkən bu günlərdə ingilis tarixçisi Christopher De Bellaigua-nın “Patriot of Persia: Muhammad Mossadegh and a Tragic Abglo-American coup” adlı kitabını oxuyuram. Çox maraqlı kitabdır. Müəllif böyük maraq və sevgi ilə yazıb bu kitabı. Döğrudan da Məhəmməd Müsəddiq XX əsr İranın ən böyük vətənpərvəri, millət xadimlərindən biri, bəlkə də birincisi idi. Milli Cəbhənin lideri kimi bütün İran gənclərinin qəlbini fəth etmişdi. Müsəddiqin həyat yolunu, 1951-1953-cü illərdə onun hökumətinin fəaliyyətini, islahatlarını, öz kəndində sürgün həyatını müəllif çox maraqlı təsvir edib.

Müsəddiqin anası Nəcm ol-Səltənə Qacar sülaləsindən idi. O, Fətəli şahın nəticəsi, Nəsrəddin şahın əmisi qızı, Müzəffərəddin şahın da yaxın qohumu idi. Müsəddiqin tərbiyəsində onun böyük rolu olmuşdu. 1951-ci ildə Baş Nazir olan Müsəddiq 1953-cü ilin avqustunda bilavasitə xarici güclərin (ingilis-amerikanların) iştirakı ilə devrildi. Müsəddiqi gözdən salmaq üçün qiyamçılar gizli şəkildə ayrı-ayrı qruplara (bu günkü leksikonla trollara) pul vermişdilər ki, tudəçi adı ilə çıxıb onu Tehran meydanlarında “müdafiə” etsinlər. Yalnız 47 il sonra bunlar açıldı. Şah İrandan qaçmışdı. Müsəddiq devriləndən sonra o, ölkəyə qayıtdı və dövlət çevrilişindən sonra İranda müstəbidlik və avtoritarizm tam bərqərar oldu.

Bir sıra tarixçilər yazır ki, 1953-cü il dövlət çevrilişinə qədər Məhəmməd Rza şah Mclislə hesablaşır, nüfuzlu dövlət xadimlərini eşidir, ziyalılarla məsləhətləşirdi. Lakin avqust qiyamından sonra leksikon dəyişdi. “Mən hər şeyi hamıdıan yaxşı bilirəm”, “Nəyi nə vaxt etməyi mən bilirəm”, “Hamı mənim göstərişlərimi yerinə yetirməlidir” və sair ifadələr səslənməyə başladı. İfadələr olduğu kimi belə idi. Bütün partiyalar qanundankənar elan edildi, yalnız bir hakimiyyət partiyası saxlandı. Narazılıq edənlərə ilk dövrlərdə xarici pasportlar verildi ki, kim bəyənmirsə ölkəni tərk edə bilər. Az sonra xaricə getməyənlərin də pasportları alınıb zindana göndərildi. Müsəddiq hökumətinin Xarici İşlər Naziri Hüseyn Fatemi 1954-cü ildə rejimin əlaltıları tərəfindən döyülüb öldürüldü. 1953-cü ilə qədər dövlət tədbirlərində Şah öz elitası ilə birlikdə iştirak edirdi. Avtoritarizm bərqərar olandan sonra elitası ilə özü arasında məsafə yaratdı, ziyarətləri tək və ya birinci xanımla etməli oldu. Qapalı yerlərdəki dövlət tədbirlərində onlar üçün qarşıda ayrıca stollar qoyuldu. Axırda da təyyarədə can verdi, heç bir ölkə onu qəbul etmək istəmirdi.

Deyirəm avtoritarlar, müstəbidlər, diktatorlar necə də bir-birlərinə oxşayırlar.

скачать dle 12.1
Xəbər lenti