"İşğalçı cəzalandırılmalıdır, əks halda o, planlarını davam etdirəcək"

11-03-2016, 14:05
0
"İşğalçı cəzalandırılmalıdır, əks halda o, planlarını davam etdirəcək"


Prezident İlham Əliyev: "Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyır"

 

Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.
 
Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu Forumun dünyada baş verən mühüm və qlobal məsələlərin müzakirəsi baxımından artıq ənənəyə çevrildiyini bildirib. Dövlət başçısı ötənilki görüşdən sonra dünyada bir çox dəyişikliklərin baş verdiyini deyib, bu tədbirin məqsədlərindən birinin də planetdə gərginliyin azaldılması, əməkdaşlıq və qarşılıqlı anlaşma üçün əsasların yaradılması olduğunu diqqətə çatdırıb.
 
Bu il ölkəmizin müstəqilliyinin 25 illiyini qeyd edəcəyini deyən Prezident İlham Əliyev ötən dövrdə Azərbaycanın bir çox problemlərlə üzləşdiyini, terror və müharibəyə məruz qaldığını vurğulayıb. Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirən dövlət başçısı diqqətə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxması ilə bağlı qətnamələrinin hələ də həyata keçmədiyini deyən Prezident İlham Əliyev BMT qətnamələrinin icra mexanizminin yenidən işlənməsinin vacibliyinə diqqəti cəlb edib.
 
“Ermənistan sülh istəmir və status-kvonun dəyişməməsinə çalışır”, - deyən dövlət başçısı işğal olunmuş ərazilərdə hər şeyin məhv edildiyini, tarixi abidələrin, qəbiristanlıqların dağıdıldığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, işğalçı cəzalandırılmalıdır, əks halda o, planlarını davam etdirəcək və təhlükə də daim mövcud olacaq.
скачать dle 12.1
Xəbər lenti