Sənaye parkları hansı pullarla tikiləcək?

24-09-2016, 11:24
0
Sənaye parkları hansı pullarla tikiləcək?

Nemət Əliyev: «Hakimiyyət atdığı addımlar hamısı kosmetik xarakterlidir və onların real islahatlarla heç bir əlaqəsi yoxdur»

Ölkənin üzləşdiyi böhrandan çıxmaq üçün ilk aylardan lazımı addımları atmayan Azərbaycan hakimiyyəti yalnız imitasiya ilə məşğul olub. Atılan addımların reallıqla hesablaşmaması və vəziyyəti düzəltməməsi buna əyani sübutdur. Bir-birinin ardınca qəbul edilən qanunlar və mövcud qanunlara düzəlişlər böhrandan çıxmağa imkan vermədi. Yaradılan yeni strukturlar isə gözlənilən nəticəni vermir. Hakimiyyətin daha bir imitasiyası regionlarda sənaye parklarının tikintisinə başlamasıdır. Bu layihə qeyri-neft sektorunun inkişaf etdirilməsi tezisi altında həyata keçirilir. Amma ölkənin real iqtisadi problemləri çözülmədiyi, iqtisadiyyatın hələ də neftdən asılı vəziyyətdə qaldığı, korrupsiya, rüşvət və inhisarçılığın qarşısı alınmadığı bir zamanda bu tip layihələr səmərə verəcəkmi? Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, sənaye parklarının tkintisi üçün vəsaitin haradan cəlb ediləcəyi maraq doğurur. Çünki ölkə hazırda ciddi maliyyə axtarışındadır.

İqtisadçı Nemət Əliyev bildirdi ki, hakimiyyətin maliyyə böhranı başlayandan atdığı addımlar hamısı kosmetik xarakterlidir və onların real islahatlarla heç bir əlaqəsi yoxdu. Elə sənaye parklarının tikintisiylə bağlı qərar da bu qəbildəndir: «Bu daha çox görsənti xarakterli addımlardır. Ona görə bu cür addımlarla real nəticələrə nail olmaq mümkün deyil. Real nəticələrə nail olmaqdan ötrü gərək iqtisadi inkişaf yolunda böyük maneəyə çevrilmiş korrupsiya və inhisarı aradan qaldırmaq lazımdır».

N.Əliyev vurğuladı ki, hələ ki, Azərbaycan hökumətinin korrupsiya və inhisarçılığa qarşı mübarizə aparacağı real görünmür. Heç bu addımı hakimiyyətdən gözləmək də yanlışlıqdır: «Çünki korrupsiya və inhisarın başında elə yüksək çinli dövlət məmurları dayanır. Əsas səbəb də bundan qaynaqlanır. Belə halların aradan qaldırılması üçün heç olmasa müstəqil məhkəmə sistemi olsaydı bir qədər ümid etmək oalrdı. Amma o da yoxdur. Siyasi sistem isə çürüyüb. Çürümüş siyasi sistemlə real iqtisadi nəticələrə nail olmaqdan ötrü gərəkən islahatları gözləmək sadəlöhvlükdür».

скачать dle 12.1
Xəbər lenti