Vətəndaş polisin oğruları himayə etdiyini düşünür

30-10-2018, 15:27
13 578
Vətəndaş polisin oğruları himayə etdiyini düşünür

Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 21, mənzil 27 ünvanda yaşayan Səyyarə Heydərova ona məxsus evdə baş vermiş oğurluq hadisəsinin araşdırılmamasından şikayətçidir. O, cinayət hadisəsinin açılmasında Xətai Rayon Polis İdarəsinin Cinayət 36-cı Polis Bölməsinin maraqlı olmadığını bildirib.
Şikayətçi xanım oğurluqda şübhəli olan adamların adlarını da Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə etdiyi şikayətdə göstərib. “Yaşadığım binanın həyətində mənə məxsus qarajı icarəyə verdiyim İsmayıl adlı şəxsdən xahiş etdim ki, həyəti (mən birinci mərtəbədə yaşayıram, mənzilimin qarşısında kiçik həyət var) yığışdırmaq üçün mənə bir adam tapsın. İsmayıl Vüqar adlı bir şəxs tapıb gətirdi. Həmin ərəfədə, 2018-ci ilin iyun ayının 14-də mənim evimdə oğurluq oldu. Bu barədə dərhal 102 xidmətinə bildirdim. 36-cı Polis bölməsində izahat verdim. 3 aydan artıqdır fakt üzrə açılmış cinayət işi Həsənov Sadiq Adil adlı əməkdaşın icraatındadır. Hadisə zamanı götürülmüş əl izlərininin əvvəllər məhkum olunmuş Hüseynov Vüqar İlqar oğluna aid olduğu məlum oldu. Əhmədli metrosunun yaxınlığında su satışı ilə məşğul olan Nizami adlı şəxs cinayətkarın tapılmasında yeganə şahid ola bilərdi. Çünki, Vüqar Hüseynov Nizaminin evində yaşayırmış. Mənə məlum olmayan səbəblərdən Nizami budkasını bağlayıb yoxa çıxdı. Belə düşünürəm ki, onun aradan çıxmasında polisin “rolu” olub”,-deyə Səyyarə Heydərova bildirib.
Şikayətçi xanım məsələ ilə bağlı Xətai RPİ-nin 36-cı Polis Bölməsinin rəis əvəzi Aydın adlı şəxsə (istifadəsində olan 050 ….. 26 26 nömrəsinə), Daxili İşlər Nazirliyinin şöbə rəisi Natiq müəllimə (012 590 98 09 telefon nömrəsi) və onun müavini Sabir müəllimə (telefon nömrəsi 012 590 99 54) dəfələrlə zəng etdiyini bildirib. Amma heç bir nəticə olmadığını qeyd edib. Səyyarə Heydərova məsələdə polisin marağının olması qənaətinə gəlib. O, düşünür ki, hadisəni törədənlər polislə əməkdaşlıq etmiş şəxslər olduğu üçün tapılmır və Həsənov Sadiq tərəfindən himayə olunur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinə etdiyimiz zənglərə cavab verən olmayıb. Buna baxmayaraq onların rəsmi mövqe bildirmək haqları saxlanılır.

скачать dle 12.1
Xəbər lenti