Azərbaycan hərbçisi həlak olub

10-06-2019, 16:49
8 512
Azərbaycan hərbçisi həlak olub

Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan hərbçisi həlak olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində (Bakıdan 332 kilometr qərb) ermənilər tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Xəlilov həlak olub.

Ermənistan tərəfi Azərbaycan hərbçisinin atəşkəs rejiminin pozulması nəticəsində həlak olması ilə bağlı məlumata hələ münasibət bildirməyib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə son səfərindən sonra cəbhə xəttində artıq ikinci Azərbaycan hərbçisi öldürülüb.

Bundan öncə Azərbaycan Müdafiə Nazirliyi mayın 30-da Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və snayperdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Aqil Omarovun həlak olduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsi mətbuat açıqlamasında bildirib ki, “ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir.”

Azərbaycan Xarici İşlər Nazirliyi baş verənlərə görə məsuliyyəti “tam şəkildə” Ermənistanın üzərinə qoyub.

Ermənistan tərəfi cəbhənin bütün istiqamətlərində atəşkəs rejiminə ciddi əməl edildiyini bəyan edib və Azərbaycan tərəfinin məlumatını təkzib edib.

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 27-də regiona səfər edib. Mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin mayın 29-da Xankəndi şəhərində Dağlıq Qarabağın erməni icmasının lideri Saakyanla görüşüb.

Həmsədrlər mayın 30-da Bakıya gəlib və görüşlər keçirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında deyilir ki, həmsədrlər bu səfərləri zamanı münaqişənin həlli əsnasında sonrakı addımlarla, o cümlədən humanitar və təhlükəsizlik tədbirlərilə bağlı təkliflərini açıqlayıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin yaxın vaxtlarda onların himayəsində görüşmək təklifini qəbul edib.

Həmsədrlərin bəyanatında eyni zamanda təmas xəttindəki son insan tələfatından dərin narahatlıq ifadə olunub, tərəflər gərginliyin daha da artmaması naminə maksimum təmkinli olmağa çağırılıb.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

скачать dle 12.1
Xəbər lenti