Azərbaycan medallarının sayını 4-ə çatdırıb

23-06-2019, 17:23
8 987
Azərbaycan medallarının sayını 4-ə çatdırıb

İyunun 22-də Azərbaycan idmançıları Minskdə keçirilən II Avropa Oyunlarında medallarının sayını 4-ə çatdırıblar.

Bunlardan 3-ü bürünc, biri isə gümüş olub. Oyunların ikinci günündə Azərbaycan idmançıları boks, cüdo, sambo, akrobatika gimnastikası, tapançadan atəşaçma və stend atıcılığı yarışlarında mübarizəyə qoşulublar.

İkinci Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycanın dörd idmançısı qüvvəsini sınayıb. Azərbaycan samboçuları günü iki bürünc medalla başa vurublar. Bürünc medalları Azərbaycanın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar.

Bundan başqa akrobatika növündə qarışıq cütlük Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxidən ibarət duet bürünc medala sahib olub.

Balanslı hərəkətlərdə 28,160 bal toplayan cütlük Artur Belyakov - Volqa Melnik (Belarus) duetindən 0,330 xal, Viktoriya Aksyonova - Kirill Startsev (Rusiya) duetindən isə 0,70 xal geri qalıb.

Daha əvvəl Abdulla əl-Məşayxi - Ruhidil Qurbanlı dueti dinamik hərəkətlərdə gümüş medal əldə etmişdilər.

İyunun 21-də Minskdə II Avropa Oyunları başlayıb.İyunun 30-dək davam edəcək II Avropa Oyunlarına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılıb. Orada idmanın 15 növü üzrə 200 dəst medal qazanılmalıdır. Azərbaycandan Minskə 82 idmançı yollanmışdı. Onlar idmanın 11 növünü təmsil edirdilər.Həmin idmançılardan bəziləri artıq, yarışı medalsız başa vurublar. Yarı.ların ikinci günündə medal sayına görə Rusiya birincidir. Bu ölkənin idmançıları 9 qızıl olmaqla 18 medal qazanıb. İkinci və üçüncü yerləri Belarus və Gürcüstan idmançıları bölüşür. Belarus idmançıları 4 qızıl (ümumilikdə 14 medal), Gürcüstan idmançıları isə 3 qızıl (10 medal) qazanıblar.

Xatırlatma

İlk Avropa Oyunları 2015-ci ilin iyununda (12-28-də) Bakıda keçirilib. Bakı-2015-də Azərbaycan komanda hesabında ikinci yerdə qərarlaşıb. Onlar 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya tutub.

скачать dle 12.1
Xəbər lenti