Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri

29-09-2020, 16:48
19 151
Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri

Sentyabrın 27-də saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhənin Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində törətdikləri genişmiqyaslı təxribatlardan sonra düşmənə cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar davam edir. Bu istiqamətlərdə düşmən sarsıdıcı zərbələr alaraq, işğal etdikləri kəndləri, strateji mövqeləri bir-birinin ardınca qəhrəman hərbçilərimizə təhvil verərək, geri çəkilməkdədirlər.

Düşmənin bu təxribatı bir məsələni də gündəmə gətirib. Belə ki, ermənilər Qərb bölgəsində təxribatlar törədəndə, orada əməliyyatlar gedəndə, atəşkəs günlərlə pozulanda Qarabağ cəbhəsində sakitlik olur.

Eləcə də Qarabağ istiqamətində döyüşlər başlayanda Qərb tərəfdə düşmənlə sərhəd rayonlarda bu hal yaşanır.

Bu ilin iyulunda Tovuz istiqamətində 4 günlük savaş yaşananda da Qarabağ cəbhəsində gərginliyə rast gəlmədik.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirdi ki, ermənilərin şəxsi heyəti, gücü, qüvvəsi bütün cəbhəboyu zonada aktiv döyüş əməliyyatı aparmağa qadir deyil: “Məhz buna görə də əsasən 1-2 istiqamətə qüvvələrini cəmləyə bilirlər. Azərbaycan Silahlı Qüvvələri isə bütün istiqamətlərdə lazımi döyüş apara bilirlər. Hazırda Qarabağ istiqamətində hərbi əməliyyatlar gedir. Lakin ermənilərin Tovuz-Qazax istiqamətində hər hansı bir addım atmaları üçün ciddi problemləri var. Bu isə daha çox şəxsi heyət, texnika ilə bağlı problemlərdir. Bütün bunlar da bizim üstünlüyümüzdür. Bu üstünlük isə hərbi əməliyyatların uğurla getməsində əsas rollardan birini oynayacaq”.

Qarabağ qazisi Rey Kərimoğlu belə düşünmür: “Əslində ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də bunu vurğuladı. Ermənilər bizi Tovuz istiqamətindən təxribata çəkmək istəyirdilər. Düşünmürəm ki, orada sakitlik olanda bu tərəfdə gərginlik olur, yaxud bu tərəfdə sakitlik olanda o tərəfdə gərginlik olur. Sadəcə, dediyim kimi, bizi Tovuz tərəfdə təxribata sürükləmək istədilər, buna nail olmadılar, biz tərəf onların təxribatına getmədi. Onların bu təxribatdan sonra ağızlarında şirə qalmışdı, bu dəfə isə layiqli cavablarını aldılar. Təmas xəttində istehkamlarını bizimkilər vurub dağıtdılar. Nəticədə xeyli ərazimiz azad olundu. Onu da deyim ki, hərbidə bir taktika var, sağ göstərib sol vurmaq. Buna aldadıcı manevrlər deyirlər. Bu da ola bilər. Yəni Tovuz tərəfində manevr etdilər, sonra da təxribatı başqa istiqamətə çəkdilər. Hər iki tərəfdə Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını aldılar. İnşallah, bu uğurlarımız davam edəcək. Düşmən harada təxribat törədəcəksə, ordumuzun qəhrəman əsgərləri tərəfindən layiqli cavablarını alacaqlar və onların dərinliklərinə qədər torpaqlarımız azad ediləcək. Hədəfimiz işğal altında olan bütün torpaqlarımızın azad edilməsidir. İnşallah, Qarabağ azad olunacaq. Prezidentimiz deməsə belə, ürəyimizin, arzularımızın başındadır, qana qan, hədəfimiz İrəvan şüarı ilə irəli gedəcəyik”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sual ətrafında bir sıra vacib məqamlara toxundu: “Hazırda əməliyyatlarla bağlı iki cür bəyanat səsləndirilir. Biri dəstək bəyanatıdır ki, Türkiyə, Ukrayna, Pakistan tərəfindən gəlib. İkinci bəyanat isə əməliyyatları dayandırdırın-filan yönündədir. Bunlara heç bir halda fikir vermək lazım deyil. Bizim üçün ən önəmlisi heç bir təşkilatın, dövlətin bizə mane olmamasıdır. Bu da hazırda təmin olunub. Hələ ki əməliyyatları davam etdirməklə bağlı heç kimə heç nə mane olmur. Fikir verin, əməliyyatların başladığı müddət ərzində müəyyən telefon danışıqları olub, əməliyyatların dayandırılması ilə bağlı sərt mövqe səslənməyib. Üstəlik, bir vacib məqamı da qeyd edim ki, artıq böyük dövlətlər və beynəlxalq təşkilatlar Cənubi Qafqazda Türkiyə amili ilə hesablaşmağa başlayıblar. Təsadüfi deyil ki, Türkiyə və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı oldu. Kremlin özü də artıq bu amili qəbul edib. Paşinyan qəbul etməyə bilər və bu da onun öz işidir. Türkiyə bölgədə var, Azərbaycan Ordusu qarşısına qoyduğu hədəfləri yerinə yetirməkdədir. Rusiya təzyiq edəcəksə, onun da qarşısında Türkiyə olacaq. İnanmıram ki, şimal qonşumuz birbaşa proseslərə müdaxilə etsin. Çünki Ermənistana hücum əməliyyatı həyata keçirilmir. Biz öz ərazimizdə torpaqları azad etmək əməliyyatı həyata keçiririk. Sualınıza gəlincə, deyim ki, bu hər zaman belə olur və əslində hazırkı vəziyyətdə elə bizə bu lazım idi. Ermənilər Tovuzda nə üçün təxribat törətdilər? Diqqətimizi yayındırmaq üçün... Bu yolla Qarabağda əməliyyatlara başlamağımızın qarşısını ala biləcəklərini düşündülər. Əsas istəkləri bu idi. Hazırda Tovuz tərəflərdə sakitliyin olması maraqlarımıza tam cavab verir. Əgər bu istiqamətdə yenidən təxribata əl atsalar, yerində cavablarını alacaqlar. Tovuzda bir də onun üçün təxribat törətdilər ki, Dağlıq Qarabağda istənilən an əks-hücuma başlaya biləcəyimizi bilirdilər”.

скачать dle 12.1
Xəbər lenti