Tərifli idman siyasətinə də ”İSTEFA” dedilər

16-06-2019, 21:43
45 466
Tərifli idman siyasətinə də ”İSTEFA” dedilər

Yaxud çox sayda futbol klubumuz necə və nə vaxt məhv oldu?

Bu aralar gündəmin əsas mövzusu futboldur. Əslində futbol həmişə gündəm mövzusu olub, axı dünyanın 1 nömrəli idman yarışlarındandır. Futbol azarkeşləri hər mənada sərhəd tanımır. Sayca da, qızğınlığa görə də. Şüarlara görə də. Bir də baxırsan ki, “İstefa” qışqırırlar.

Son günlər futbolun gündəmə çevrilməsinin səbəbi də yığma komandamızın məhz bu cür hallarıdır. Avro-2020- nin qrup mərhələsində keçirdiyi hər 3 oyunu uduzan komandamız sonuncu – Slovakiya ilə oyundakı 1-5 məğlubiyyətlə bütün diqqəti olmayan futbolumuza yönəltdi. Oyunda azarkeşlərdən bir qrupunun “İstefa” şüarı isə hakimiyyətin özünü silkələdi. Deyilənə görə, 26 azarkeş anındaca “zərərsizləşdirilib”. Görünür, azarkeşləri zərərsizləşdirən mülki geyimlilər “İstefa sözünün ölkənin 1-ci şəxsinə ünvanlandığını güman ediblər. Onları başa düşmək olar, eyni adamların illərlə eyni postu tutması inkişafın qarşısını alır, belələrinə “İstefa” tələbi həmişə gözlənilən olur. Görünür, bunu bilən, duyan hakimiyyət mülki geyimliləri azarkeşlər arasına qabaqcadan yerləşdirib ki, məğlubiyyət anında qəzəblənmiş kütləni “beşikdəcə boğa” bilsin. Əslində kimin hansı niyyətlə “İstefa” qışqırdığını bilmirik, heç polis də bilməyib, ona görə hər ehtimala qarşı bölməyə apardıqları bütün azarkeşlərdən izahat alıblar ki, onlar baş məşqçinin istefasını tələb edirlərmiş. Ancaq, görünür, polislərimiz də baş məşqçinin bu ilin fevralında millinin rəhbəri postuna gətirildiyindən, çoxunun onun heç adını bilmədiyindən, azarkeş qəzəbininsə illərlə eyni postu tutanlara qarşı püskürdüyündən xəbərsiz olub. Buna baxmayaraq polisdə ənənəvi metod keçərli olub, hamı hər şeyi boynuna alıb, bununla problem həllini tapıb, saxlanılan azarkeşlər gecə ilə evinə buraxılıb.

Çox təəssüf ki, həllini tapan futbolumuzun problemi yox, polisin istefa qorxusu problemidir, onu da çözüblər. Çözülməyənsə bizim ardıcıl məğlubiyyətlərimizdir. Ancaq o problemi nə məşqçinin, nə də ondan yuxarıdakının istefası həll edəcək. Azərbaycan futbolunda, ümumiyyətlə, Azərbaycan cəmiyyətində inkişafa aparan, lap elə qələbəyə gedən yolda tanışlıq, qohumbazlıq, yerlibazlıq çox ciddi problem olaraq qalır. Kimisə vəzifəyə qoyurlar, gənc və perspektivli kadra tərif tərif dalınca gəlir, ancaq araşdıranda bəlli olur ki, vəzifəyə qoyulan adamın atası Prezident Aparatında, anası Milli Məclisdə, qaynanası Nazirlər Kabinetində, qayınatası FHN-də, qaynı Vergilər Nazirliyində işləyir…

İllərdir bütün sahələr monopoliyaya alınıb. Futbol da istisna deyil. Hər klubun arxasında bir nazir dayanır, hər federasiyaya yüksək çinli bir məmur rəhbərlik edir, istəmədikləri, deyək ki, adamsız, sahibsiz olan klubu vurub sıradan çıxarırlar.

Hamı Bakıya taksi sürməyə gəldiyi kimi, futbol oynamağa da gəlir

Bu gün regionlarda futbol yoxdur. Ölkədə futbolun inkişafı isə birbaşa uşaq futbolundan, regionlarda futbola qayğıdan, dəstəkdən asılıdır. Vaxtilə az qala hər rayonun öz komandası vardı, onlardan bir çoxu güclülər dəstəsində, indiki dillə desək, Premyer Liqada oynayırdı. Ancaq son illər bütün komandalar Bakı klublarından ibarətdir. Hamı Bakıya taksi sürməyə gəldiyi kimi, futbol oynamağa da gəlir. Siyasətdə olduğu sayaq, hər şey paytaxtda həll olunur. Baxmayaraq ki, uzun illərdir İlham Əliyevin idmana qayğısından danışılır. Futbolu kənara qoyaq, deyək, oynaya bilmirik, bəs idmana necə qayğıdır ki, həmişə ənənələri ilə tanınan Azərbaycan güləşini bu gün xaricdə legionerlər təmsil edir. Gimnastika legioner, Həndbol legioner, Voleybol legioner (yeri gəlmişkən, voleybol yığmamız da son 5 oyunun hamısını uduzub, ancaq bu oyuna kütləvi maraq olmadığından “İstefa”kimsənin yadına düşmür), Otüstü xokkey legioner, Qılıncoynatma legioner, bir sözlə, idmanın bütün növlərində legionerlərə möhtac qalmışıq. Bəs milyonlara başa gələn Olimpiya kompleksləri regionlarda niyə tikilir, ancaq trolların fəaliyyəti üçünmü? Uğurlu, analoqsuz inkişaf dedikləri illəri incələdikdə tam uğursuzluğun şahidi oluruq. 1992-ci ildə, bunların sevə-sevə təkrarladığı “AXC- Müsavat” cütlüyü hakimiyyətdə olduğu ildə Azərbaycanın Yüksək liqasında 26 komanda vardı. O komandalardan 21-i region klubları idi. Qalan 5 komandanın 4-ü Bakı, biri isə Sumqayıt klubu idi.

1992-ci il

1992-ci il

Mənbə: google

1993-94 mövsümündə Yüksək liqada 16 komandaçıxış edirdi. Onlardan 10-u region klubu idi

1993-94 mövsümündə Yüksək liqada 16 komanda çıxış edirdi. Onlardan 10-u region klubu idi

Mənbə: google

1996-97-ci il mövsümündə Yüksək liqada oynayan 18 komandanın 8-i regionlardan idi. 1999-2000-ci ildə isə 12 komandanın 6-sı region klubları idi. 2003-2004 mövsümündə Yüksək dəstədə oynayan 14 komandanın 5-i region klubları idi. 2008-2009 mövsümündə də Premyer Liqada 14 komanda çıxış edirdi. Onlardan 6-sı region klublarıidi. 2013-2014 mövsümündəsə komanda sayı 10-a enmişdi, artıq Topaz Premyer Liqası sayılan çempionatda region komandalarının sayı 4-ə düşmüşdü

Cədvəl

Cədvəl

Mənbə: google

2016-2017 mövsümü isə adlı-sanlı, həm də böyükazarkeş dəstəyi olan “Xəzər-Lənkəran” olmadan keçirilirdi, artıq bu klub çökdürülmüşdü, ölkə çempionatında komanda sayı isı 8 idi. “İnkişaf” göz önündədir.

Cədvəl

Cədvəl

Mənbə: google

Bu mövsümdə onlardan yalnız “Qəbələ” və “Kəpəz” region komandası idi. Yəni idmana “qayğı” artıq region klublarının məhvinə gətirib çıxarmışdı. Burda bir incə məqam da var, futbol sevilən, ətrafına çoxsaylı azarkeş toplayan oyundur. Azərbaycandasa artıq uzun illərdir hakimiyyət üçün adamların kütləvi toplaşması qorxusu var. Futbol əqidəsindən, tutduğu yoldan asılı olmayaraq çoxunu bir bayraq altında birləşdirən idman növüdür. Bəlkə də bu gün Azərbaycan futbolunun inkişafına əngəl olan başlıca səbəblərdən biri də elə budur. Həmin çoxsaylı azarkeşlər günün birində, Slovakiya ilə oyunda olduğu kimi, ölkə boyu “İstefa” qışqıra bilər…

Qayıdaq siyasətsiz futbola. Düzdür, bizdə Birinci divizion klubları da vardı, 2017-2018 mövsümündə 14 komandanın qatıldığı yarışmada 8 klub regiondan idi. Ancaq danışılmış oyunlara görə iki klub – “Şərurspor” (Bakı) və “Rəvan” (Bakı) həmin mövsümün 19-cu turundan sonra çempionatdan çıxarılmışdı. “Turan-Tovuz” və “Ağsu” komandaları Premyer liqaya vəsiqə qazansa da, “lisenziya tələblərinə uyğun gəlmədiyi üçün” yüksək liqaya qalxa bilməmişdilər…

Cədvəl

Cədvəl

Mənbə: google

Yeri gəlmişkən, region klublarına “uyğun gəlməyən” bu lisenziya 2018-ci ildə başqa bir komandaya – 2017-ci il sentyabrın 8-də fəaliyyətə başlayan “Sabah” klubuna problemsiz verilib, baxmayaraq ki, “Sabah” Birinci Divizionda çıxış edib 5-ci yeri tutmuşdu. Klub özündən qabaqkı 4 komandanı – “Xəzər” (50 xal), “Qaradağ-Lökbatan” (46 xal), “Şüvəlan” (45 xal), MOİK (44 xal) qabaqlayaraq 40 xalla Premyer Liqaya lisenziya almışdı. Yaxşı ki, AFFA “Sabah”ı birbaşa Çempionlar Liqasına yollamadı…AFFA yenə hesab etdi ki, həmin 4 komanda lisenziya tələblərinə uyğun gəlmədiyi üçün yüksək liqaya qalxa bilməz. Elə də oldu, Birinci Divizionda 5-ci yeri tutan komanda artıq 2 ildir güclülər dəstəsində oynayır.

Cədvəl

Cədvəl

Mənbə: google

Bəs “Sabah”ın bu “uğur”unun sirri nədir? “Sportinfo.az” saytının yazdığına görə, burda elə bir sirr yoxdur. İTV-nin yeni baş direktoru Balakişi Qasımov “Sabah”ın prezidenti, həm də vergilər naziri Mikayıl Cabbarovun xalası oğludur…

Futbol dünyanın sevdiyi oyundur, ölkəmizdə də onun azarkeşləri çoxdur, onlar təkcə Azərbaycan yox, müxtəlif ölkələrin klublarının fanatıdır. Fanatlarsa sevdikləri komandanın uğursuzluğuna biganə qalmır, əl çatıb ün yetməyən klubların rəhbərlərini, prezidentlərini belə istefaya çağırmaqdan çəkinmir. Azərbaycan-Slovakiya oyununda da azarkeşlərin istefa tələbi çox təbii idi. Təbii olmayan polisin azarkeşləri maşına doldurub bölməyə aparması, onlara izahat yazdırması, AFFA prezidentini yox, “suç keçisi” olan məşqçini qapazaltı etməsidir. Ola bilsin, Fransaya unudulmayan məğlubiyyətimizin də günahını Nikola Yurçeviçin boynuna qoysunlar…

Yadıma məşhur bir lətifə düşdü: “ABŞ prezidenti və SSRİ baş katibi görüşür. Onlar ölkələrində olan demokratiya ilə öyünür. ABŞ prezidenti qürurla deyir ki, onun ölkəsində istənilən adam Ağ Evin qarşısında dövlət başçısının istefasını tələb edə bilər. SSRİ baş katibi də fəxrlə deyir: Bizim ölkədə də istənilən adam Kremlin qarşısında ABŞ prezidentinə istefa tələb edə bilər”.

Belə. Azərbaycan futbolunun yaxın tarixinə kiçik bir ekskurs bugünkü uğursuzluqlarımızın hardan qaynaqlandığını ortaya qoyur. Azarkeşlərsə istefa tələbində haqlıdır, ancaq onu ingiliscə qışqırmaq gərəkdir; onda həm ünvan bilinəcək, həm də Nikola Yurçeviç başa düşəcək, o zaman polisdə izahat yazmağa da ehtiyac olmayacaq…

скачать dle 12.1
Xəbər lenti