İranda 8 nəfərin barmağı kəsilə bilər

11-06-2022, 13:13
20010
İranda 8 nəfərin barmağı kəsilə bilər

ABC bildirir ki, 1979-cu il islam inqilabından bəri azı 356 amputasiya hökmü barədə məlumat yığıb, amma real rəqəmin xeyli böyük olduğu güman edilir

İki insan haqları təşkilatı xəbərdarlıq edir ki, oğurluqda təqsirli bilinərək hazırda Böyük Tehran Həbsxanasında saxlanan səkkiz nəfərin barmağı kəsilə bilər, bir məhbusun oxşar cəzası bu günlərdə icra olunub.

Vaşinqtonda yerləşən “Abdorrahman Boroumand Center for Human Rights in Iran” (ABC) və Fransada yerləşən “Kurdistan Human Rights Network” (KHRN) “etibarlı məlumatlar”a istinadla bildirirlər ki, Tehranın Evin həbsxanasındakı klinikada bir otaqda bu yaxınlarda quraşdırılmış cihaz ötən həftə azı bir amputasiya üçün istifadə olunub.

Cihaz hazır olan kimi…

Məlumata görə, səkkiz məhbusdan azı üçü İranın şimal-qərbindəki Urmiyədən Tehrana bu yaxınlarda transfer olunub, Böyük Tehran Həbsxanasına çatanda onlara deyilib ki, cihaz hazır olan kimi hökmlər icra ediləcək.

Hadi Rostami, Mehdi Şahivand və Mehdi Şarafyan adlı üç nəfər yoxsul ailədəndirlər. Onların 2020-ci ildə məhkum edildiyi deyilir, o zaman Amnesty International məhkəmələri “aşırı ədalətsiz” adlandırıb.

Daha bir məhbusun adı Yaqub Fazilidir.

Şəriət qaydalarına görə, təkrar oğurluğa görə barmaqlar kəsilir. Ancaq son 40 ildə amputasiya cəzaları nadir hallarda icra olunub.

“İran İslam Respublikası cəza ilk dəfə təqdim ediləndən 40 il sonra amputasiyaları davam etdirirsə, bu, universal insan haqları normalarının belə həyasızcasına pozmağa görə cüzi siyasi bədəl ödəməsinə görədir”, – ABC-nin İcraçı Direktoru Roya Buruman deyib.

Azı 356 amputasiya hökmü

ABC bildirir ki, 1979-cu il islam inqilabından bəri azı 356 amputasiya hökmü barədə məlumat yığıb, amma real rəqəmin xeyli böyük olduğu güman edilir.

İnsan haqları qrupunun mövqeyincə, amputasiyaya məruz qalanlarınm üzləşdiyi əlillik və stiqma onların işə götürülməsini, reabilitasiyasını, cəmiyyətə inteqrasiyasını mümkünsüz edir.

İnsan haqları fəalları İranda amputasiya və şallaq kimi cəzaları daim pisləyib, bunun beynəlxalq qanunları pozduğunu, işgəncə və qəddar rəftara bərabər olduğunu deyib.

2018-ci ildə bir neçə kənddən mal-qara və digər dəyərli şeylər oğurlamaqda təqsirli bilinən bir kişinin əli kəsilmişdi. AI amputasiyabnın işgəncəyə bərabər olduğunu, beynəlxalq qanunla cinayət sayıldığını bildirib.

 


Xəbər lenti