Sənədsiz ev qalmayacaq

3-11-2015, 23:00
0
Sənədsiz ev qalmayacaq
Dünya Bankı Azərbaycanda vətəndaşa əmlakın qeydiyyatı ilə bağlı 41 milyon manat pul xərclədi, müxtəlif kompaniya və tədbirlər keçirildi, amma biz hələ də gedib sənədsiz ev alırıq. Düşünürəm ki, prezident İlham Əliyevin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı imzaladığı fərman bu baxımdan vətəndaşların işini çox asanlaşdıracaq.
Bunu daşınmaz əmlak bazarı məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
 
Onun sözlərinə görə, prezidentin oktyabrın 31-də imzaladığı fərman "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanun qəbul olunana qədər (29 iyun 2004-cü il) əldə edilmiş daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı sənədlərin siyahısına dəyişikliyi nəzərdə tutur: "Fərmana əsasən, bundan sonra ilkin sənəd kimi yaşayış evləri və bağ evlərinin tikintisi üçün ayrılan torpaq sahələrinin verilməsi zamanı qeydə alınmış kolxoz və sovxozlar və onların hüquqi varisləri olan, onların bazasında yaradılan kənd təsərrüfat müəssisələri (kəndli fermer təsərrüfatları və s.) rəhbərlərinin qəbul etdiyi qərarlar da artıq əsas olaraq qəbul olunacaq".
 
Ekspertin fikrincə, bu fərman öz hüquqlarını bilən və köhnə sənədləri qoruyub saxlayan, arxivlə işləməyi bacaran vətəndaşların işini asanlaşdıracaq: "Kimin əlində 2004-cü ilin 29 iyun tarixinə qədər olan ilkin sənəd varsa, yaxud o vaxta qədər daşınmaz əmlak əldə edibsə, onlar lazım olan və siyahıda qeyd olunan sənədləri Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edib çox asanlıqla ala bilərlər. Kimin əlində ilkin sənəd yoxdursa, amma göstərilən tarixdən qabaq torpaq alıbsa, tikinti aparıbsa, onlar da müvafiq ərazi üzrə arxiv idarələrinə müraciət edib həmin sənədləri əldə edə bilərlər. Bunun üçün müvafiq ərazi idarələrinə rəsmi qaydada müraciət olunmalıdır. Ya vətəndaşa 1 ay müddətinə əsaslandırılmış cavab verilməli, ya da onun hüquqları qeydə alınmalıdır. Əks təqdirdə vətəndaş məhkəmə qaydasında öz hüquqlarının təmin olunmasına çalışmalıdır".
 
Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 31-də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
 
Fərmanda deyilir:
 
1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
 
1.1. 2-ci hissəyə "səlahiyyətli orqanlar" sözlərindən sonra "və digər təşkilatlar" sözləri əlavə edilsin;
 
1.2. 2.4-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun:
 
"2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;".
 
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir.
 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
скачать dle 12.1
Xəbər lenti