"Azərbaycanda daşınmaz əmlaka yatırım qoymaq risklidir"

12-11-2015, 14:05
0
"Azərbaycanda daşınmaz əmlaka yatırım qoymaq risklidir"
Dünyada baş verən iqtisadi böhran şəraitində insanlar əllərində olan vəsaiti itirməmək naminə onu müxtəlif variantda saxlamağa üstünlük verirlər.
 
Kimlərsə bu vəsaiti qızıl-zinət əşyalarına, kimlərsə daşınmaz əmlaka və bu qəbildən olan investisiyalara yatırmağa sərf edir. Belə məqamda azərbaycanlılar böhrandan az risklə çıxmaq üçün hansı variantı seçirlər?
 
İqtisadçı Natiq Cəfərli bildirib ki, məlum hadisələrdən əvvəl azərbaycanlıların öz vəsaitlərini yatırdıqları sahə daşınmaz əmlak idi: "Ona görə də daşınmaz əmlakın qiyməti son dövrlərdə astronomik həddə çatmışdı. Əhali torpaq və ya daşınmaz əmlak almağa daha çox üstünlük verirdi. Son zamanlar Azərbaycanda deyil, xaricdə, xüsusilə də Türkiyədə daşınmaz əmlak alanların sayı artıb.
 
Son rəqəmlər də göstərir ki, azərbaycanlılar Türkiyədə daşınmaz əmlak alan ölkələr arasında ilk üçlükdədir. Böhranın elə bir həddindəyik ki, iş yerlərinin, gəlirlərin, növbəti il üçün büdcənin azaldılması, azərbaycanlılara ölkə daxilində istehlakçı olmağa güvən vermir". Ekspert bildirir ki, vətəndaş gələcəkdə hansısa prosesin baş verə biləcəyi ehtimalını nəzərə alaraq vəsaitini nağd saxlamağa çalışır:
 
"İlin əvvəlindən Mərkəzi Bankın rezervlərinin sürətlə əriməsi də onu göstərir ki, insanlar əllərində olan vəsaiti əsasən dollara çevirməyə üstünlük verir.
 
Bu gün də proses davam edir. Əhali öz pulunu daha çox qızıl, bahalı əşya, daşınmaz əmlaka yatırmır. Vəsaitini nağd şəkildə saxlamağa üstünlük verir ki, gələcəkdə hər hansı problem yaşanan zaman ondan istifadə etsin.
 
Daşınmaz əmlaka yatırım qoymağın riskli olduğunu nəzərə almalıyıq, çünki qiymətlər xeyli aşağı enir. Gələcəkdə aşağı enməsi ehtimalı çox yüksəkdir. Ona görə də vətəndaş itirməkdən qorxur".
скачать dle 12.1
Xəbər lenti