Süni bahalaşmaya qarşı plan təsdiqləndi

31-12-2015, 17:30
0
Süni bahalaşmaya qarşı plan təsdiqləndi

Süni qiymət artımına qarşı birgə Tədbirlər planı təsdiqləndi. Plan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə hazırlanıb.
 
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, tədbirlər planında neqativ halların qarşısının alınması məqsədilə birgə əməliyyat tədbirlərinin keçirilməsi, intensiv məlumat mübadiləsi, qanun pozuntusuna yol vermiş şəxslərin inzibati, intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi, habelə sahibkarlıq subyektləri ilə maarifləndirmə işlərinin təşkili və s. nəzərdə tutulur.
 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sahibkarlıq subyektlərinə, ticarət və xidmət müəssisə və obyektlərinə manatın məzənnəsində baş vermiş dəyişiklikdən sui-istifadə hallarından çəkinməyi tövsiyə edir.
 
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edilib. Bu qərar bu ilin fevralından sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
 
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
 
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

скачать dle 12.1
Xəbər lenti