“50 manat artıq pul verəndə hakim qərarı dəyişə bilir”

14-05-2016, 15:42
0
“50 manat artıq pul verəndə hakim qərarı dəyişə bilir”

“Hakimlər Ramiz Rzayevdən asılı vəziyyətdədir”

Müzəffər Baxışov: “Kimlərsə vəkillik sahəsində çörək qazanmaq istəyirsə, onlar maklerliklə məşğuldurlar”

Vəkil Müzəffər Baxışov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarıyla qurumdan çıxarılıb. Hazırda iş təsdiqlənməsi üçün məhkəmə nəzarətindədir. Meydan TV Müzəffər Baxışovla söhbətində onun qarşılaşdığı vəziyyətin fonunda ölkədəki məhkəmə sisteminin və vəkillik institutunun durumunun mənzərəsini açmağa çalışdıq.

– Müzəffər müəllim, əvvəla, özünüz haqda qısa arayış verin, sonra Vəkillər Kollegiyasından nə üçün çıxarıldığınızın səbəbini açıqlayın…

– Mən 1965-ci ildə Masallı rayonunda anadan olmuşam, 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin (ADU) hüquq fakültəsini fərqlənmə diplomuyla bitirmişəm. Ondan 1 il əvvəl Riqa şəhərində 15 müttəfiq respublikanın dövlət universitetləri və Moskva, Leninqrad universitetləri arasında hüquqi biliklərin yoxlanılmasıyla bağlı keçirilən ümumittifaq olimpiadasında Azərbaycanı birinci yerə çıxarmışam. ADU-nu fərqlənmə diplomuyla bitirdikdən sonra prokurorluq orqanlarına təyinat aldım və 2002-ci ilin mayın 20-nə qədər Azərbaycan Respublikasının Prokurorluğunda müxtəlif vəzifələrində çalışdım. Həmin dövrdə Saatlı rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləyərkən icra başçısı Gülhüseyn Əhmədovun qanunsuz hərəkətlərinə qarşı çıxdığıma görə əsassız və qanunsuz olaraq baş prokuror Zakir Qaralovun 20 may 2002-ci il əmri ilə prokurorluq orqanlarından xaric edildim.

– Sonradan Gülhüseyn Əhmədov deputat mandatı da aldı…

– Bəli, onun siyasi hakimiyyətdə müəyyən dayaqları olduğuna görə mandat aldı. Mən də onun qanunsuz hərəkətlərinə qarşı mübarizə aparırdım. O, Saatlı rayonunu çox bərbad vəziyyətə salmışdı. Tam məsuliyyətlə bildirirəm ki, onun yaxın qohumları narkotik alveri ilə məşğul idilər.

– Sizdə bu barədə faktlar var idimi?

– Bəli, hətta bu barədə dayandırılmış cinayət işləri olub, əgər araşdırsalar məlum olacaq ki, Saatlı rayonunda narkotik alveri ilə sabiq icra başçısı Gülhüseyn Əhmədovun yaxın qohumları məşğul olurmuş. Yaxud onun qardaşı oğlu 9 yaşlı qız uşağına qarşı zorakılıq hərəkəti edib sonra öldürmüşdü, həmin oğlanı həbs etdilər. Yəni Gülhüseyn Əhmədov Saatlı rayonunda istədiyi qanunsuzluqları həyata keçirirdi. İndi onun siyasi dayaqları laxladığından əvvəlki qanunsuzluqları edə bilməz. 2005-06-cı illərdə hakimliyə namizədlərlə bağlı keçirilən seçkilərdə iştirak etmişəm, hər iki mərhələdə ən yüksək nəticələr göstərmişəm. İmtahanı aparanlar da etiraf edirdi ki, suallara yüksək səviyyədə cavab verirəm, amma nəticələr 1-2 ay sonra elan olunsa da, adım siyahıda çıxmadı.

– Nə üçün?

– Görünür ki, prokurorluq orqanlarından xaric edilməyim təsir edirmiş. Əslində, bu, sırf qanunazidd məsələdir. Əgər hakimlik bir mübarizədirsə, siz imtahan keçirirsinizsə, mən də yarışda qalib gəlirəmsə, mənim hüquqlarım tapdana bilməz. Bir daha deyirəm, prokurorluq orqanlarından çıxarılan şəxsin imtahanda iştirakına qanunvericilikdə heç bir qadağa yoxdur. Çox əfsuslar ki, Azərbaycan reallığı da var. Sonradan qanunvericilikdə hüquq-mühafizə orqanlarından uzaqlaşdırılan şəxslərin Vəkillər Kollegiyasına qəbul etməmələri haqda maddə dəyişdiriləndə sənədlərimi quruma təqdim etdim. İmtahan prosedurlarında ən yüksək nəticəni göstərdim, 91 bal, nəticədə 2007-ci ilin noyabrın 27-dən kollegiyanın üzvü kimi fəaliyyət göstərdim. 2007-ci ildən bəri işlədiyim dövrdə Vəkillər Kollegiyasına nüfuz gətirmişəm, heç bir vəzifəli şəxslərlə qeyri-qanuni münasibətə girməmişəm, xəbərdarlıq da almamışam.

– Bəs nə üçün kollegiyadan çıxarıldınız? 

– 12 noyabr 2012-ci il tarixdə mən hüquqlarını müdafiə etdiyim bir şəxsin işi ilə bağlı Ali Məhkəmənin iclasında hakim Tatyana Qoldmanın sədrliyilə prosesdə iştirak etdim. Çıxışımdan sonra hakim tam qanunsuz bir qərar qəbul etdi. İki qərardad müzakirə olundu, birinci qərardad üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərinə tam zidd olan və heç bir hüquqi əsası olmayan bir qərar qəbul etdi. Həmin iş üzrə digər tərəf Müdafiə Nazirliyinin keçmiş stamotoloji poliklinikasının rəisi Fərhad Hacıyevdir. O, dəfələrlə mənim yanımda bildirib ki, onun Ali Məhkəmənin sədri Ramiz Rzayevlə çox isti münasibətləri var, sədrin şəxsi diş həkimidir. Ona görə də hansı instansiyada qalib gəlsəniz də, Ali Məhkəmədə qalib gələ bilməyəcəksiniz. Onun dedikləri bir daha öz təsdiqini tapdı. Biz birinci instansiya qərarlarından apellyasiya şikayəti verdik. Apellyasiya Məhkəməsi də qanuni əsaslarla qərardadı ləğv etdi. Sonradan qarşı tərəf Ali Məhkəməyə kassasiya şikayəti verdi. Bu mərhələdə hakim qanunsuz, heç bir hüquqi əsası olmadan, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən qeyri-mümkün olduğuna görə auditor yoxlamasının keçirməsinə görə iş üzrə icraatın dayandırması haqda qərar qəbul edib. Bundan sonra hüquqlarını müdafiə etdiyim şəxs dedi ki, qarşı tərəf və hakim ölkə qanunlarına hörmət etmədiklərindən onların qarşısında ikinci qərardad üzrə çıxış etməyə ehtiyac yoxdur. Mən də onunla müqavilə bağladığım üçün çıxış etmədim. Bundan sonra hakim ikinci qərardadı da ləğv edib Fərhad Hacıyevin mənafeyinə uyğun qərar qəbul etdi. Mən də 17 noyabr 2015-ci il tarixdə Ali Məhkəmənin sədri Ramiz Rzayevin hakim Tatyana Qoldmana qanunsuz göstəriş verməsi barədə moderator.az saytına açıqlama verdim. Sayt mənə MTN işi ilə əlaqədar qərar çıxardan hakimlərin taleyinin necə olması barədə sual verdi, bildirdim ki, əgər qanunsuz qərar çıxarıblarsa, Cinayət Məcəlləsinin 295.2 maddəsinə görə cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmalıdırlar. Amma onu da əlavə etdim ki, inanmıram, çünki Azərbaycanda məhkəmə hakimiyyəti siyasi göstərişlər əsasında fəaliyyət göstərir. Bu yaxınlarda Ali Məhkəmənin sədri Ramiz Rzayevin göstərişinə əsasən hakim Qoldman qanunsuz qərar qəbul edib. Bundan sonra hakim Qoldman mənim müsahibəmi götürüb, Ali Məhkəmənin 12 noyabr protokolunu saxtalaşdırıb, ora daxil etdirib, 18 noyabrda Vəkillər Kollegiyasına göndərir ki, haqqımda tədbir görülsün. Müraciətdə guya mənim hakimi təhqir etməyim göstərilir. Təsəvvür edirsinizmi, məhkəmə iclası 12 noyabrda olub, amma hakim 6 gün sonra şikayət edir, niyə 2, 3, 4 gün sonra yox?! Hakimi proses zamanı təhqir etmək Cinayət Məcəlləsinin 289.2 maddəsilə cinayət məsuliyyətinə səbəb olan əməldir. Nəyə görə bunun üçün hüquq-mühafizə orqanlarına yox, Vəkillər Kollegiyasına müraciət edirlər?

– Hakim Tatyana Qoldman Azərbaycan dilində bilirmi?

– Tam məsuliyyətlə deyirəm, hakim Tatyana Qoldman Azərbaycan ədəbi dilini bilmir. Əvvəllər, ümumiyyətlə, proseslərdə yatırdı, əminliklə deyirəm, əgər yalan danışıramsa, qoy, yalan danışdığımı sübut etsin. Ona hansı göstərişi verirlərsə, onu da yerinə yetirir. Qərarın özünü elan edəndə, Azərbaycan dilini təhrif edir. Azərbaycan vətəndaşı kimi utanıram ki, o, qərar elan edəndə dilimizi təhrif edir. Məsələn, “Bakı Apellyasiya Məhkəmə qərarı ləğv edilsin”. Belə bir cümlə işlədir. Və belə bir adamın şikayəti əsasında 1 aprel tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyəti mənim kollegiya üzvlüyümə xitam verib və fəaliyyətimin dayandırılması barədə qərar verib. Hazırda həmin qərar əsasında iş Nərimanov rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Mayın 11-də hazırlıq iclası olub, növbəti proses mayın 23-də saat 15.00-ə təyin olunub.

– Əgər ədalətli qərar qəbul olunmasa, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəksinizmi?

– Əgər Vəkillər Kollegiyası prosesi davam etdirsə, şikayətini geri götürməsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəm. Çünki Azərbaycanda hakimlər Ali Məhkəmənin sədri Ramiz Rzayevdən asılı vəziyyətdədirlər, o, Məhkəmə Hüquq Şurasının üzvüdür və bu, özünüidarəetmə orqanıdır. Amma hakimləri intizam məsuliyyətinə yalnız Məhkəmə Hüquq Şurası cəlb edə bilir. Ona görə hakimlərin mənim məsələmdə ədalətli araşdırmadan çəkinməsi mümkündür. Meydan TV vasitəsilə cənab Rzayevə deyirəm, mən onun barəsində heç bir təhqiredici ifadə işlətməmişəm, böhtan xarakterli söz də deməmişəm. Nə demişəmsə, tam həqiqətdir. Ramiz Rzayev gedib Fərhad Hacıyevlə öz problemini həll etsin. Onun haqqında əsassız fikirlərdən söhbət gedirsə, bunları elə Fərhad Hacıyev yayır. Bu adam hər yerdə deyir ki, Rzayev ona yaxın olduğundan istənilən qərarı qəbul etdirə bilər.

– Məhkəmə və prokurluq sisteminə daha yaxşı bələdsiniz. Bu baxımdan istərdik mövcud mənzərəni əks etdirəsiniz?

– Açığını deyəcəm, məhkəmələrə gedəndə çox əziyyət çəkirəm, sarsıntı keçirirəm. Çünki bu sistemdə çox bərbad vəziyyət yaranıb.

– Nədən ibarətdir bunlar?

– Biri ondan ibarətdir ki, əgər işdə siyasi sifariş varsa, hakim müstəqil qərar qəbul edə bilməz. İkinci, kimlər barədə siyasi sifariş olmur, amma o zaman hakimiyyətin yuxarı mərtəbələrində qərar tutan adamların təsir imkanları var ki, hakimlər onlardan çəkinirlər. Üçüncü mərhələ rüşvət mərhələsidir, hakimlər həm siyasi sifarişləri yerinə yetirirlər, həm də məmurların göstərişlərini yerinə yetirəndən sonra rüşvətə bulaşırlar. Tam məsuliyyətlə deyirəm, əgər konkret bir işdə hər hansı təklif varsa, hakim ondan imtina etmir. Bəzən hərracı o şəkildə keçiriblər ki, prosesə 3 saat qalmış digər tərəfin pulu qaytarılıb. Yəni o biri tərəf hakimə 50 manat artıq verdiyi üçün. Ola bilsin ki, 5-6 ədalətli hakim də var. Amma onların özləri üçün də müəyyən problemlər yaradılır.

– Müzəffər müəllim, ölkə üzrə bütün məhkəmə hakimiyyəti belə bərbad durumdadır?

– Bəli. Birinci instansiyadan başlamış ən yuxarı instansiyaya qədər vəziyyət ağırdır. Birinci instansiya məhkəməsində qayda belədir: adi aliment məsələsində hakim sədrə hansı qərarı qəbul etməsi barədə məruzə edir. Sədrin cavabından sonra iddia ya qəbul olunur, ya da rədd edilir. Hakimin araşdırması, məhkəmə istintaqı və digər məsələlər formal xarakter daşıyır. Apellyasiya və ali məhkəmələr də eyni durumdadır. İnsanlar bunları bildiklərindən hakimlərə yol tapırlar, ən azından ona görə ki, hakim imkanlarından istifadə edib sədri inandıra bilir.

– O zaman vəkillik institutu nə üçündür?

– Tam formal institutdur. Heç bir vəkil də məndən inciməsin. Kimlərsə vəkillik sahəsində çörək qazanmaq istəyirsə, onlar vəkilliklə yox, maklerliklə, müştəridən pul alıb hakimə çatdırmaqla məşğuldurlar. Cinayət işlərində belə hallar xüsusilə çox olur ki, vətəndaş birinci instansiya məhkəməsində problemi həll edə bilmir, apellyasiyaya qədər borc alıb vəkil vasitəsilə hakimə çatdırıb, cəzanı yüngülləşdirir. Sonra prokuror ondan protest verir, Ali Məhkəmə də onu təmin edir və iş yenidən qayıdır Apellyasiya Məhkəməsinə. Gedin, görün Apellyasiya Məhkəməsinin qarşısında vəkillə müştəri arasında pulu geri qaytarmaq uğrunda hansı davalar gedir. Biz Azərbaycanı istədiyimizdən bu məsələləri belə açıq danışırıq. İstəyirik ki, Azərbaycanda normal məhkəmə sistemi olsun, hüquqa  hörmət edilsin, insanlar hüquqlarını müdafiə etmək üçün məhkəmələrə ürəklə müraciət etsinlər. Mənim danışdıqlarım Azərbaycan reallıqlarına söykənir və heç bir şişirtmə yoxdur. Bunu hamı bilir və rəhbər işçilər də belə problemləri yalnız qüsur sayıb, onların aradan qaldırılmasına çalışacaqlarını deyirlər. Necə çalışacaqlar, nə vaxt qüsurları aradan qaldıracaqlar? Axı vəziyyət neçə illərdir dəyişmir ki, insanlar məhkəmələrə ürəklə getsinlər.

скачать dle 12.1
Xəbər lenti