Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası yaradılır

22-09-2016, 02:05
0
Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası yaradılır
Prezident İlham Əliyev Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında sərəncam imzalayıb. 
 
"Report"un məlumatına görə, məqsəd sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlılığını təmin etmək, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara inteqrasiya prosesini sürətləndirmək və bu sahədə əlverişli şəraiti daha da genişləndirməkdir. 
 
Sənəddə bildirilir ki, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Aparılan iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənib.
 
Ölkədə fəaliyyət göstərən sahibkarların əhatə dairəsinin və istehsal imkanlarının artması onlara dövlət dəstəyi və dövlət təşviqi mexanizmlərinin təkmilləşdirilməsini, Azərbaycan mallarının beynəlxalq səviyyədə təbliği üçün yeni imkanların yaradılmasını və tətbiqini zəruri edir.
 
Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən İnternet portalının üç ay müddətində yaradılmasını təmin etməli, həmin portalda istehsal fəaliyyəti üzrə (hər bir mal növü, onun istehsalçısı, hüquqi ünvanı, əlaqə vasitələri, habelə istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.) istifadəsi sadə olan axtarış sistemi yaratmalı, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil olunması, habelə istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədilə portalda “elektron kabinet” bölməsi yaratmalı, malların istehsalçıları tərəfindən məlumatların portalda yerləşdirilməsi üçün mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirməli, yaradılmış portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin etməli, ayrılan vəsaitin qanunvericiliyə uyğun və təyinatı üzrə xərclənməsini təmin etməli və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
 
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 
Bu sərəncamda nəzərdə tutulan portalın yaradılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 400 min manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, yerli icra hakimiyyəti orqanları onlara aid inzibati ərazi vahidlərində fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların bu sərəncamda nəzərdə tutulan portal istifadəyə verildikdən sonra həmin malların istehsalçıları tərəfindən dörd ay müddətində portalda yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirməli və məlumatların mütəmadi olaraq yenilənərək aktual saxlanmasına nəzarət etməlidirlər. 
 
Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə zəruri kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər.
скачать dle 12.1
Xəbər lenti