"Bakı-Tbilisi-Qars'"ın açılışı yaya qaldı

14-02-2017, 13:13
0
"Bakı-Tbilisi-Qars'"ın açılışı yaya qaldı

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu bu ilin ortalarında istismara veriləcək. Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Qarsda QHT təmsilçiləri ilə görüşündə belə deyib.

“İnşallah, bu ilin ortasında...”

Nazir qarlı havaların işləri bir qədər ləngitdiyini söyləyib: “Mart-aprel aylarında gərgin işləməklə dəmiryolunu sınaq mərhələsinə gətirib çıxaracağıq. İnşallah, bu ilin ortasında da bölgə və bizim üçün önəmli Bakı-Tbilisi-Qars dəmiryolu açılacaq”.

Məsələ burasındadır ki, bu dəmiryolunun açılışı dəfələrlə ertələnib. Ötən ilin sonlarında Türkiyənin baş naziri Binali Yıldırım demişdi ki, sözügedən tikinti 2017-ci ilin birinci rübündə tamamlanacaq və dəmiryolu işə başlayacaq. Daha öncə isə Türkiyə prezidenti Recep Tayyip Erdoğan dəmiryolunun ötən ilin dekabrında açılacağını bildirmişdi.

Əzbər ifadələr: “İlsonu” və “ilin əvvəli”

Layihənin təməli qoyulandan – 2007-ci ildən bəri “filan ilin sonu...” və “filan ilin əvvəli dəmiryolu istifadəyə veriləcək” sözləri dəfələrlə deyilib və qəlib deyimə çevrilib.

Dövlət Neft Fondunun (DNF-nin) məlumatına görə, həmin layihəyə oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları, o cümlədən ötən ilin 9 ayı ərzində 31.5 milyon ABŞ dolları vəsait ayrılıb. Azərbaycan hökuməti bu layihənin gerçəkləşməsində çox maraqlıdır. Dəmiryol xətti Ermənistandan yan keçdiyindən, Qərb dairələri BTQ-ni dəstəkləməyib. DNF-nin builki büdcəsində layihəyə 165 milyon 825 min manat ayrılması nəzərdə tutulub.

10 il ötüb

Dəmiryolu xəttinin layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə, prezidentlər İlham Əliyev, Mikheil Saakashvili və Türkiyənin o zamankı baş naziri Recep Tayyip Erdoğan imzalayıb və həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub. 

скачать dle 12.1
Xəbər lenti