Sahibkarlara və istehlakçılara qanunla vurulan zərbə

22-05-2017, 14:41
0
Sahibkarlara və istehlakçılara qanunla vurulan zərbə

Nağdsız hesablaşmalar tələbi böyük problemər yaradır

“2017-ci ildən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” Qanunda yazılıb ki, məqsəd ölkədə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Göründüyü kimi, Qanunda alt-məqsədlər çoxdur. Ancaq onların ikisinin qiymətləndirilməsi göstərir ki, Qanunun icrası bir sıra hallarda nəzərdə tutulan məqsədlərə problemlər yaradır”.


Bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev banklarda nağdlaşdırmaya tətbiq edilən qadağalara münasibət bildirərkən deyib.Onun sözlərinə görə, qanun tətbiq olunandan sonra ən çox əziyyəti məhz istehlakçılar, xüsusən də bank müştəriləri çəkir, ən çox onların hüquqları pozulur.
“Qanunda nağd qaydada əməliyyatlar aparmağın məhdudlaşdırılması kənarda qalıb, pulu nağdlaşdırmaya məhdudiyyətlər və ya qadağa tətbiq edilir. Bir tərəfdən Maliyyə Bazarlarına Nəzarət Palatası, digər tərəfdən Vergilər Nazirliyi Qanunu öz istədiklərinə uyğunlaşdırırlar. Palata “stimullaşdırmağı” “qadağada”, Vergilər Nazirliyi isə əlavə olaraq 1%-lik vergiyə cəlb etməkdə görür. Bunun əziyyətini sahibkarlar və onlarla “müharibə” vəziyyətinə düşən banklar çəkir”.
S.Əliyev hazırda bank sektorunda baş verənlərin məhz “nağdsız hesablaşmalar” ifadəsinə yanaşma tərzindən qaynaqlandığını bildirib. Əlavə edib ki, qanunda nağdsız hesablaşma – bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalardır.
“Yəni, söhbət iki fərqli şəxs, subyekt arasındakı hesablaşmalardan, pul köçürmələrindən gedir, bir şəxsin ayrı-ayrı hesabları arasındakı hesablaşmalardan yox. Ancaq fərdi sahibkarın cari hesabından kredit və ya depozit hesabına köçürülən vəsaitdən 1%-lik sadələşmiş vergi tutulur. Əvvəla, burda vergitutmanın mahiyyəti təhrif edilir. Çünki vergi əldə edilən gəlirdən tutulmalıdır. Bir hesabdan başqa hesaba köçürülən vəsait isə gəlir deyil, ən yaxşı halda xidmət haqqı obyekti ola bilər. İndiki vəziyyət köçürülən vəsaitin ikiqat vergiyə cəlb edilməsi ilə nəticələnir. İkincisi, bankların vergi tutmaq hüququ yoxdur. Çünki qanunvericiliyə görə, dövlət vergiləri Vergilər Nazirliyi, yerli vergilər isə bələdiyyələr tərəfindən tutulmalıdır. Üçüncüsü, Qanunun məqsədi nağdsız əməliyyatları stimulaşdırmaqdır. Əgər müştəri cari hesabındakı pulu nağdlaşdırmadan, köçürmə yolu ilə kredit və ya depozit hesabına köçürürsə bu halda həmin vəsaitdən nə üçün vergi tutulmalıdır? Cari hesabdan digər şəxsin hesabına pul köçürmə ilə kredit və ya depozit hesabına pul köçürmə arasındakı fərq nədir? Dördüncüsü, burda bank hesablarından pul çıxarılması hadisəsi baş vermir. Vergi Məcəlləsinin 220.12-ci maddəsinə görə. hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Hesablar arasında pul köçürülməsi məhz nağdsız hesablaşmadır”.
S.Əliyev nağdlaşdırmaya məhdudiyyətlərin tətbiq edilməsinin başqa varianlarını təklif edib. Onun fikrincə, əgər məqsəd nağdlaşdırmanı məhdudlaşdırmaqdırsa, bu halda bankomatlar vasitəsilə nağdlaşdırma əməliyyatına Palata komisyon haqqın qaldırılmasını məsələsinə baxa bilər. Onsuz da kredit kartından pul çıxaranda banklar ən azı 1% xidmət haqqı tutur.
“Maliyyə Bazarlarına Nəzarət Palatası məhdudiyyəti nağd ödənişlərə yox, nağd pul çıxartmağa tətbiq edir. Fərdi sahibkarın hesabına gələn pul niyə məhdudlaşdırılmalıdır? Qanuna istinad edirsə, orda elə müddəa yoxdur. Əgər nağd hesablaşmalarla nağdlaşdırma arasında bərabərlik işarəsi qoyulursa, sabah digər qurumlar da qanunları öz baxışlarına uyğun icra edəcəklər. Axı, pul sahibkarın vəsaitidir və onun üzərində öz istəyinə uyğun sərəncam vermək hüququ var. Palatanın qadağaları Konstitusiyaya uyğun olaraq sahibkarın öz mülahizəsinə görə sərəncam vermək hüququnu məhdudlaşdırır. Əsas qadağalar dövlət büdcəsindən gələn vəsaitlərlə bağlıdır. Dövlət büdcəsində özəl mülkiyyətə köçürülən pulu sahibkar ümumiyyətlə nağdlaşdıra bilmir”.
Ekspert dövlət satınalmalarında şəffaflığın, hesabatlılığın təmin edilməsi, tenderlərin rəqabət şəraitində keçirilməsinin vacibliyini vurğulayıb: “Ancaq investisiya pullarının nağdlaşdırılaraq dollar şəklində ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə belə qadağadan tətbiqi çıxış yolu deyil. Yenə də sahibkarın qazandığı pul üzərində sərəncam vermək hüququ pozulur”.
S.Əliyevin sözlərinə görə, nağd əməliyyatlara məhdudiyyətlər sahibkarlığı inkişafına əngəl yaratmaqla yanaşı, hökumətin sahibkarlığın inkişafı üçün məhdudiyyətləri aradan qaldırmaq tipli bəyanatları ilə ziddiyyət təşkil edir. Buna görə də Qanunda mövcud olan hallara aydınlıq gətirilməsi üçün təcili olaraq Konstitusiya Məhkəməsinin müraciət edilməlidir.

 

скачать dle 12.1
Xəbər lenti