Azərbaycanda evsizlik problemi: ipoteka bunu niyə həll edə bilmir?

5-06-2022, 18:45
33 015
Azərbaycanda evsizlik problemi: ipoteka bunu niyə həll edə bilmir?

Azərbaycanda əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə hökumət Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vasitəsi ilə güzəştli və nisbətən aşağı faizli ipoteka kreditləri təklif etsə də, təhlilçilər atılan addımların mənzil problemini nisbətən aradan qaldırmaq üçün kifayət etmədiyi qənaətindədirlər.

Onların fikrincə, MİDA-nın bu ilin martında 442 mənzil üzrə keçirdiyi güzəştli mənzil satışında 25 minə yaxın şəxsin müraciət etməsi əslində ölkədə evsiz olan və dövlət təyinatlı ipoteka kreditindən yararlana bilməyənlərin sayının yüksək olduğundan xəbər verir.

Nəzərə alsaq ki, güzəştli mənzil satışından və ya güzəştli ipotekadan yalnız İKZF və MİDA-nın müəyyənləşdirdiyi kateqoriyalara cavab verən vətəndaşlar yararlana bilər, o zaman evə ehtiyacı olanların sayı 25 mindən də yüksək ola bilər.

Hökumətin təklifləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən kommersiya banklarının da fərqli ipoteka kredit paketləri var.

Bəs, görəsən, ipoteka kreditləri Azərbaycan vətəndaşları üçün nə dərəcədə əlçatandır?

“Maaşlar ipoteka krediti götürməyə kifayət etmir”

Daşınmaz əmlak üzrə mütəxəssis Elnur Fərzəliyev deyir ki, hazırda Azərbaycanın mənzil portfeli təxminən 2 milyon 800 min civarındadır. Başqa sözlə desək, bu rəqəm ölkədə bina və həyət evlərinin ümumi sayını göstərir. Bununla belə, mütəxəssis bildirir ki, əhali arasında evsiz olanların sayı da kifayət qədər çoxdur.

Onun sözlərinə görə, buna əsas səbəb ipoteka krediti şərtlərinin ağır, eləcə də illik faiz və aylıq ödənişlərin əhalinin gəlirlərindən yüksək olmasıdır.

Bununla belə, o, son iki il ərzində ipoteka krediti ilə satılan mənzillərin nağd satışla müqayisədə üstünlük təşkil etdiyini də vurğulayıb, lakin əlavə edib ki, bu satışlar əhalinin məişət şəraitinin tədricən yaxşılaşdığını deməyə imkan vermir.

“Çünki elə insanlar var ki, onların 3-5, hətta 8-10 evi var, amma elə ailələr də var ki, bir neçə ailə – yəni, oğlunun, qızının ailəsi, – hamısı bir evdə yaşayırlar və ya kirayədə qalırlar. Onlar arasında gənc ailələr üstünlük təşkil edir”, – Elnur Fərzəliyev bildirib.

Onun fikrincə, tikinti şirkətlərinin irəli sürdüyü daxili kredit sistemi də məsələni həll etməyə qadir deyil, çünki bu zaman illik faiz dərəcəsi yüksək olur və ilkin ödəniş tələbi isə 30 faizdən başlayır. Ekspert bu şərtləri orta əməkhaqqı alan azərbaycanlının daxili kreditdən yararlanması üçün əlçatan saymır.

O, ölkədə daşınmaz əmlak sektorunu canlandırmaq və tikinti sahəsinin ölkə iqtisadiyyatında payını artırmaq üçün ipotekanın 2 faizə endirilməsini təklif edir.

İpoteka və Kredit Zəmanət Fondundan BBC News Azərbaycancaya bildirilib ki, ipoteka kreditləri üzrə maksimal məbləğ, illik faiz dərəcələrinin yuxarı həddi ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında, formalaşmış ipoteka portfeli üzrə orta parametrlər və digər iqtisadi göstəricilər nəzərə alınmaqla Fondun Himayəçilik Şurası tərəfindən müəyyən olunur.

Hazırda adi ipoteka kreditləri üzrə maksimal kredit məbləği 150 min manat, faiz dərəcəsi illik 8 faiz, güzəştli ipoteka kreditləri üzrə isə maksimal məbləğ 100 min manat, faiz dərəcəsi 4 faiz təşkil edir.

Azərbaycanda ipoteka şərtləri nədir?

Azərbaycanda ipoteka krediti götürmək üçün müxtəlif şərtlər olsa da, bütün hallarda müraciətçidən rəsmi maaş göstərmək tələb olunur.

Həm dövlət, həm də kommersiya ipotekası verən Azərbaycan Beynəlxalq Bankı BBC-yə bildirib ki, ipoteka üçün müraciət edən ailənin xərcləri (hər bir ailə üzvü üçün 105 və 155 AZN), digər xərclərlə (kommunal, digər kredit öhdəlikləri və s.) birgə hesablandıqdan sonra müştərinin gəliri ipoteka krediti üçün kifayət edirsə, bu halda kredit müraciəti təmin olunur.

Bundan əlavə, Azərbaycanda ipoteka kreditinə müraciət edən zaman ailə tərkibi haqqında arayış da tələb edilir.

Daşınmaz əmlak bazarı üzrə təhlilçi Elnur Fərzəliyev hesab edir ki, bu şərtlər daxilində ayda 500 manat ipoteka krediti vermək istəyən şəxsin gərək aylıq gəliri 1000 manatdan yuxarı olsun. Çünki minimum 3 nəfərdən ibarət gənc ailənin aylıq yaşayış təminatı 600 manat hesablanacaq. Yerdə qalan məbləğ, yəni 400 manat isə ipoteka üçün kifayət etmir.

скачать dle 12.1
Xəbər lenti