Azərbaycanda təhsil üçün kredit almağa dəyərmi?

23-01-2023, 12:40
4 650
Azərbaycanda təhsil üçün kredit almağa dəyərmi?

Milli Məclisdə “Ali təhsil haqqında” Qanun layihəsinin müzakirəsi gözlənir. Son illər Azərbaycanda təhsil haqlarına görə tələbələrin auditoriyaya buraxılmaması, ali məktəblərdən xaric olunmaları ilə bağlı şikayətlər eşidilir. Hətta əvvəlki illərdə ödənişli əsaslarla ali məktəbə qəbul olunan minlərlə gəncin maddi problemlər üzündən ali təhsildən imtina etdikləri deyilirdi.

2021-ci ildə təhsilə əlçatanlığı təmin etmək məqsədilə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Lakin bundan sonra da universitetlərdən təhsil haqqına görə kənarlaşdırılan tələbələr var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ali təhsilin bakalavr səviyyəsinə 50.5 min nəfər tələbə qəbul olunub. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli yerlərin xüsusi çəkisi 51.3 faiz olub. Onların da 77.3 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

“Fikirləşirdim ki, 1-ci kursdan sonra işə düzələcəm…”

Nəzrin Əliyeva (adı, soyadı şərtidir) Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi idi. O, təhsil haqqını ödəyə bilməyəcəyini görüb özü ali təhsilini davam etdirməkdən imtina etdiyini deyir. N.Əliyeva AzadlıqRadiosuna bildirib ki, illik təhsil haqqı 2 min manatdan artıq olduğu üçün ailəsi bu pulu ödəməyə çətinlik çəkirmiş: “Fikirləşirdim ki, 1-ci kursdan sonra işə düzələcəm və təhsil haqqımı özüm ödəyəcəm, amma iş tapa bilmədim. Ailəm isə təhsilim üçün hər il bu qədər pulu ödəyə bilməzdi”.

Keçmiş tələbə deyir, Tələbə Təhsil Kredit Fonduna kredit üçün müraciət etməyib: “Orada az da olsa faiz var və krediti təhsil alıb bitirəndən sonra qaytarmaq lazımdır. Birdən yenə iş tapmaram deyə, qorxub müraciət etmədim”.

Ötən tədris ilində təkcə Bakı Dövlət Universitetindən (BDU) müxtəlif səbəblərə görə 229 tələbə xaric olunub.

4 mindən çox tələbə…

Rəsmi məlumata görə, təhsil tələbə kreditlərinin verilməsinə başlanıldığı 2021-ci il noyabrın 25-dən 2022-ci il noyabrın 30-na kimi Fonda 17 mindən çox müraciət daxil olub.

Təkcə 2022-2023-cü tədris ilinin payız semestri üzrə 7 mindən çox tələbə kreditdən ötrü müraciət edib, onlardan 4 min 265 tələbənin müraciəti rəsmiləşdirilib. 1 min 641 nəfər sosial (illik 2 faiz), 2 min 624 nəfər isə standart (6 faiz) tələbə təhsil kreditindən yararlanıb.

F.MustafaF.Mustafa

“Qanun bunu mütləq nəzərə almalıdır”

Milli Məclisin deputatı Fazil Mustafa “Turan”a bildirib ki, təhsil kreditlərinin verilməsinin təhsil haqqı ödəyən tələbələrin vəziyyətinə təsirindən danışmaq, hələlik, çətindir: “Ona görə ki, bu, təzə tətbiq olunan prosedurlardır. Buna nə dərəcədə əməl edildiyi, nə dərəcədə əlçatanlığı müzakirə olunmalıdır. Bunun üçün geniş bir statistik bilgilər olmalıdır və sosial araşdırmalar aparılmalıdır”.

Deputat hesab edir ki, tələbələrin təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəbdən uzaqlaşdırılması yolverilməzdir: “Tələbə ancaq biliksizliyə görə universitetdən kənarlaşdırıla bilər. Dövlət burada mütləq hansısa bir mexanizmlərlə məsələyə əl qoymalıdır. Yəni, imkansızlığa görə oxumama faktı heç bir modern cəmiyyətdə ola bilməz”.

F.Mustafanın sözlərinə görə, “Ali təhsil haqqında” Qanun hələ ki, komitələrdə müzakirə olunur: “Rəylər toplanır. Çox güman ki, bu məsələ daha təkmilləşmiş formada üzə çıxmalıdır. Hər bir təhsilli adam həm də cəmiyyətin aydınlanması üçün vacib olan bir yükü çiyninə götürəcək bir insandır. Biz buna dəstək verməliyik. Qanun da bunu mütləq nəzərə almalıdır”.

“Azərbaycanda tələbənin istedadı deyil, pulu maraqlıdır”

“Tələbə Güc Mərkəzi” təşkilatının sədri Fərid İmanov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda tələbənin istedadı deyil, pulu maraqlıdır: “Təhsil Azərbaycanda dövlətin kommersiya məqsədlərinin alətinə çevrilib. Bunu 150 bal toplayan gəncin sırf ödəniş ödəyir deyə, ciddi ixtisaslara qəbul olmasına şərait yaradılması da sübut edir. Budur istedada önəm verən dövlət?! Potensiallı olmasa da, sırf pulu var deyə, qəbuluna şərait yarat, amma təhsil haqqını ödəməyəni imtahana buraxma, hətta universitetdən xaric et”.

F.İmanov hesab edir ki, dövlət universitetlərində təhsil pulsuz olmalıdır: “Bunun uğurlu olduğu ölkələr var. Bizim ölkəmizdə də dövlətin buna ayıracaq pulu vardır. Bu olan halda, potensiallı tələbələrin problemləri azalacaq və xaric edilmə halları baş verməyəcək. Üstəlik, dövlət universitetləri pulsuz təhsilə keçid etdikdə qəbul kriteriyaları artırılacaq və 150 bal toplayan sırf pulu var deyə, təhsil almağa çalışmayacaq. Həmin tələbənin də peşə məktəbləri və kolleclərə yönlənməsi üçün bu müəssisələrin də əhəmiyyəti artırılmalı, qəbul üçün stimul verilməlidir”.

Onun sözlərinə görə, Azərbaycanda tələbə kreditlərinin verilməsində kriteriyalar da çoxdur: “71 ortalama, kəsrin olmaması və mənasız bir-iki əngəl… Bu, həm də böyük bir borclu kütlə yaradır. 10 il sonra bunun ciddi fəsadlarını görəcəyik”.

F.İmanovun dilə gətirdiyi fikirləri rəsmi qurumlardan, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

скачать dle 12.1
Xəbər lenti