Avropa yenidən Türkiyəyə tərəf dönür?

21-10-2015, 23:05
0
Avropa yenidən Türkiyəyə tərəf dönür?
Almaniyanın kansleri A.Merkelin Türkiyəyə səfəri təkcə onun tıxaca düşməsi ilə yadda qalmadı, kansleri elə Türkiyəyə səfər etməyə vadar edən əsas səbəb də az maraq kəsb etmirdi: Avropa ərəb ölkələrindən olan qaçqınların qarşısını elə Türkiyədə kəsmək istəyir...
Yəqin ki, bunun maliyyə-iqtisadi tərəfləri də olacaq - avropalılar üçün ərəb ölkələrindən gələn qaçqın selindən qurtulmaq üçün bir neçə milyard dollardan keçmək elə bir problem  deyil və yada salsaq ki, Avropa böhran keçirən Yunanıstana nə az, nə də çox, düz 86 milyard dollar ayırdı, Qoca Dünyanın maliyyə imkanları haqqında dürüst təsəvvür əldə etmiş olarıq...
Bəs Türkiyənin buna cavabı necə olacaq? Hələlik bu haqda birmənalı söz demək elə də asan deyil, amma böyük ehtimalla razılaşacaqlar, çünki minnətçi düşən təkcə Almaniya deyil, bütün Avropa Birliyi israrla xahiş edir...
 
Amma biz istəməzdik ki, Türkiyə bununla razılaşsın. Bu, təkcə Avropanın bu ölkəyə münasibətdə yürütdüyü ikiüzlü siyasətlə bağlı deyil - çətin vaxtlarda hər an Türkiyəni yada salan Avropa açıq qərəz ucbatından bu ölkəni öz sıralarına qəbul etmədi...
Amma Türkiyədə bunun kinini saxlamırlar. Elə biz də kinli deyilik. Bizi daha çox Türkiyəyə pənah gətirmiş insanların etnik, dini və siyasi tərkibi maraqlandırır. Qaçqınlar despotik ərəb ölkələrindəndir. Bu isə o deməkdir ki, onların kifayət qədər demokratik vərdişləri, dünyəvi və demokratik ölkədə yaşamaq təcrübəsi yoxdur. Həm də bu insanların çoxu radikal dini təriqətlərin təsirinə məruz qalmış olurlar. Heç kim təminat verə bilməz ki, bu adamlar Türkiyənin kriminal durumuna öz töhfələrini verməyəcəklər. Avropaya həmin bu insanları öz içində “əritmək” elə də problem deyil - on milyonlarla insanın içində bir neçə yüz min adam nə edə bilər ki?!
Amma Türkiyənin öz problemləri az deyil. Burada PKK-çılardan tutmuş dini radikallara qədər hər cür adam var...
Elə bu səbəbdən istməzdik ki, Türkiyə qaçqınların “sonuncu sığınacağı” missiyasını öz üzərinə götürmüş olsun. Burada həm də diqqəti cəlb edən əsas səbəb nədir?
Çəkinmədən deyərdik ki, Avropa siyasətinin qeyri-səmimiliyi! Bircə anlığa qardaş Türkiyəni unudaq, öz Azərbaycanımızı yada salaq. Neçə illərdir ki, biz bir milyona yaxın qaçqının və məcburi köçkünün problemlərini həll etməyə çalışırıq. Avropa isə bu müddət ərzində bizimlə “əylənmək”lə məşğul olub, hər dəfə əzbərlədikləri iki-üç cümləni bizim az qala sifətimizə çırpmaqla belə zənn ediblər ki, vəzifələrini yerinə yetiriblər...
Bunları yazmaqla təbii ki, Avropanı gözdən salmaq niyyətində deyilik, amma inciklik yardan məqamları da arabir söyləmək lazımdır...
Bəli, avropalılar öz rahat həyatları ilə risk etmək istəmirlər. Amma insanlar hər yerdə rahatlıq istəyir və tələb edirlər. O cümlədən də qardaş Türkiyədə. Bu da aydındır ki, avropalıları qaçqınların yarada biləcəyi problemlərin maddi tərəfləri az maraqlandırır, onlar öz cəmiyyətlərinin sosial palitrasının dəyişə bilməsindən, ölkədə müsəlmanların arta bilməsindən ehtiyat edirlər...
Amma bir daha qeyd edirik ki, eyni problemlər Türkiyəni də təhdid edir. Təbii ki, qaçqınların müsəlman olması Türkiyə üçün problem deyil, əksinə həmin bu adamların türk cəmiyyətinə inteqrasiyasını asanlaşdıra bilən amildir. Di gəl ki, bir az əvvəldə bir problemi qeyd etdik: ərəb ölkələrinin insanlarında dünyəvi, sekulyar cəmiyyətlərdə yaşamaq vərdişləri zəifdir, onların yaşadığı ölkələr həmişə ciddi dini qarşıdurmalarla seçilib. Onlar bu “təcrübə”ni Türkiyəyə də transfer edə bilərlər. Bizi də ilk növbədə qorxudan da elə məhz budur və güman edirik ki, bizim narahatlığımızı Türkiyə cəmiyyətinin üzvləri də bölüşərlər...
Qərəz, növbəti dəfə Avropa eqoizminin təzahürlərilə rastlaşdıq. Toxlar özlərinin tox həyatları üçün narahatdırlar. Amma digər ölkələrdə, elə Türkiyədə yaşayan insanların eyni narahatlığı keçirməyə haqqı yoxdurmu? Bir qədər əvvəldə Avropa Birliyinin illərlə Türkiyəni kandarda saxlamasını da qeyd etdik. Bir daha buna qayıtmaq istərdik. Nədən Türkiyə AB-nin üzvü ola bilmədi? Doğrudanmı bu ölkənin iqtisadi durumu Birliyə qəbul edilmiş şərqi Avropa ölkələrindəkindən zəif idi?
Qətiyyən belə düşünmürük. Ümumilikdə götürəndə AB ilə işləmək Türkiyə üçün faydalı oldu. Amma Türkiyə AB-yə üzv ola bilmədi. Səbəb isə Avropa adlı bir məkanın eqoizmi idi, bəli, sadəcə, eqoizmi...
скачать dle 12.1