Venera, Yupiter və Yer arasındakı qorxu

24-10-2015, 11:25
0
Venera, Yupiter və Yer arasındakı qorxu

Bu günlərdə NASA yenə həyəcanlı bir xəbər yayıb. Kosmik Agentliyin açıqlamasına görə, dünya 15 gün qaranlığa qərq olacaq. Venera ilə Yupiter planetləri arasında baş verəcək astronomik hadisə nəticəsində noyabrın 15-29-u arasında yer qaranlıqlaşacaq. Alimlər bəyan edib ki, hadisə dünyaya hər hansı ciddi təhlükə yaratmayacaq. Ona görə də təşvişə düşmək üçün elə bir əsas yoxdur. Xatırlayırsınızsa, dünyada üç il əvvəl də bənzər panika yaşanmışdı. Biriləri Maya təqviminin proqnozunu ortaya atıb yaymışdılar ki, 2012-ci ilin 21 dekabr tarixi dünyanın sonu – qiyamət günü olacaq. Çoxları da buna inanıb böyük səksəkə içində həmin tarixin ötəcəyi günü gözləmişdi…

Görünür, kosmik agentlik adamların o zamankı vahiməsini diqqətə alıb və indi hamını sakitləşdirəcək açıqlama yayıb. Unutmamısınız hər halda, insanlar həmin tarixdə güclü kataklizmlərin baş verəcəyini, dünyada enerjinin kəsiləcəyini, Yer kürəsinin zülmətə qərq olacağını iddia edirdilər. Böyük bir kəsim inanmışdı ki, o gün tufan qopacaq, yerə nəhəng meteorit və ya asteroid düşəcək, ulduz partlayışları baş verəcək, vulkanlar püskürəcək, daha nələr, nələr… Hələ bu uydurmaya inanıb “qiyamətə” makaron, konserv, suxarı “tədarük” görənlər də vardı…

Indi də yan-yörədə NASA-nın bu xəbərini vahimə ilə müzakirə edənlərə təəccüblənirəm. Ay adamlar, nədən qorxursunuz axı? Guya həyatınız günlü-günəşli, güllü-gülüstan içindədir ki, qaranlıqdan bu qədər təşvişə düşmüsünüz? 22 ildir məchula aparan bir qaranlıqda qaxılıb qalmısınız, cınqırınız çıxmır, guya 15 gün günəşin üzü tutulsa nə olacaq ki? Guya hansı lüksünüz pozulacaq, hansı səyahətiniz təxirə düşəcək, hansı bayramınız yarımçıq qalacaq, hansı qazancınızdan geri düşəcəksiniz ki? Doğrudanmı, uzun illərdir yaşadığınız qaranlığın fərqində deyilsiniz? Doğrudanmı, sabahlar yuxudan sağ oyanıb, axşama kimi bekarçılıqdan gün saymağı bir həyat hesab edirsiniz? Gün boyunca yerli telekanalların düşük şou-proqramlarını izləməyi, vaxt öldürmək üçün saatlarla telefona asılıb dost-tanışla qeybət qırmağı, çayxanaları dolaşmağı yaşamaqmı sanırsınız? Çevrənizdə nələr baş verdiyinin fərqindəmisiniz heç? Ölkənin başının üstündə dolanan təhlükənin fərqindəmisiniz? Bu talanı, bu yalanı, bu oğurluğu, bu qarəti görə bilirsinizmi? Görmürsünüz əlbət. Sizin baxdığınız şou kanallarında onları göstərmirlər axı. Orda sizə göstərilən yalnız işin qaranlıq tərəfidir və sizin o qaranlıqdan xəbəriniz yox ki. Xəbəriniz yox ki, o ekranlara asılmış yalan pərdəsini azacıq aralayıb, arxada nə böyük yalanlar gizləndiyini görə bilərsiniz. O yalanların həyatınızı necə qaraltdığını, gələcəyinizi necə zəhərlədiyini, haqqınızı necə oğurladığını anlardınız. Baxsaydınız, görsəydiniz. anlasaydınız keşkə…

Deyəsən biz beynimizi “göydən bəla gələr” uydurmasına kodlaşdırdığımızdan, zamanla yerdəki bəlaları ciddiyə almamışıq. Bununla, həmin bəlaları böyüdə-böyüdə başımıza dərd etmişik. Biz qəribə məxluqlarıq, doğrudan da. Venera ilə Yupiter planetləri arasında baş verə biləcək astronomik hadisənin təhlükəsindən yayınmaq üçün çıxış yolları arayırıq. Amma burda yaşadığımız planetdə burnumuzun ucuna gəlib çıxan təhlükələri görməzdən gəlirik. Bir şeyi unuduruq ki, görməzdən gəlməklə heç nə dəyişmir. Başımıza ən böyük bəlalar da burdakı o görməzlikdən gələcək, göylərdən deyil…

Səadət Cahangir

скачать dle 12.1