Min illik mübarizənin düsturu olan təşkilat

11-07-2014, 02:08
0
Min illik mübarizənin düsturu olan təşkilat

Xalq Cəbhəsi Azərbaycanın mənəvi sahibidir

Xalq Cəbhəsinin necə yarandığını yaxşı xatırlayıram. Xalq Cəbhəsi rəsmən elan edilməzdən əvvəl də var idi kimi düşür yadıma. Çox ağır və gərgin zamanlar idi. Parçalanmaqda olan böyük bir imperiya, bu imperiyanın Azərbaycan da daxil olmaqla bütün ucqarlardakı qəddar və yaltaq icraçıları ölkədəki həyatı daha da dözülməz etmək üçün əllərindən gələni edirdilər. İndiki gəncliyin xatırlamayacağı, amma təxmin edə biləcəyi ağır zamanlar idi. Heç bir ideyası olmayan yerli hökumət idarəçiləri dağılmaqda olan imperiyanın fəsadlarının Azərbaycanın üzərindən əskik olmaması üçün hər şeyi etməyə hazır idilər. Çünki bu adamların və komandanın imperiyaya qulluq göstərməklə qazanmaqdan başqa təsəvvür edəcəkləri format yox idi. Bakı Dövlət Universitetinin professorlarından biri isə hətta belə bir söz demişdi: “Bunlar deyirlər ki, SSRİ-dən ayrılaq. SSRİ-dən ayrılsaq, Moskvaya necə gedəcəyik?”. Bu, tamamilə ciddi bir sitatdır. O zamanlar ölkədə kütləvi şüurun həzm edə biləcəyi vətəndaş cəmiyyəti, siyasi fəaliyyət, seçki azadlığı, alternativ mətbuat kimi anlayışlar yox idi. Siyasi partiya qurmaq barədə mülahizələr isə ümumiyyətlə, küfrə bənzər düşüncələr hesab edilirdi. Dağılmaqda olan imperiyanın mərkəzi hökuməti çox nadir hallarda hökumət saydığı yerli hökumətləri daha artıq sıxmaqda, yerli hökumət isə bu təzyiqləri bəhanə edib daha artıq quduzlaşmaqda idi. Xalq Cəbhəsinin üzvləri belə bir zamana meydan oxudular və meydanlara atıldılar.

Totalitarizmə qənim olanlar

O günləri yaxşı xatırlayıram və indiki günlərin də şahidiyəm. Böyük bir fərqin olmadığını deyə bilərəmmi? Bir çox baxımdan oxşarlıqlar var. Totalitar hakimiyyət mexanizmi ölümünü hiss edib daha da aqressivləşmişdi. İndiki totalitar hakimiyyət hər gün bu səksəkə içindədir və buna görə də hər gün daha aqressiv olur. O zamankı hakimiyyət Stalinizmin seyrəltdiyi, durğunluq çağının yuxuya verdiyi cəmiyyətin birdən-birə etiraz etdiyini görüb şaşırmışdı. İndiki Azərbaycan hökuməti hər gün Stalinizmlə durğunluq çağlarının simbiozunu təqdim edir cəmiyyətə. Amma indi Xalq Cəbhəsinin üzvləri var. Xalq Cəbhəsinin üzvləri var olduqca totalitarizm səksəkə içində olaraq qalacaq. Özünün labüd sonluğuna qədər. Cəmiyyəti tamamilə ram edə biməyən totalitariizmlə cəmiyyəti hələ tamamilə səfərbər edə bilməyən Xalq Cəbhəsinin mübarizəsi gedir bizim günlərdə. Ağır və gərgin, hərdən hətta, intəhasız görünəcək qədər bezdirici bir savaş.

Fərarilər həmişə aqressiv olurlar

Buna görədir ki, Xalq Cəbhəsinin sıralarında bu gərgin savaşı davam etdirə bilməyənlər bu savaşı davam etdirənlərə çox acıqlı olurlar. Fərarilər həmişə aqressiv olurlar. Fərarilərin heç də hamısı əks cəbhəyə keçmir. Onların çoxu özlərini neytral zonada təqdim edib fərarilik etməyənlərin ictimai missiyasına qarşı ictimai həqarəti səfərbər etməyə girişirlər. Amma bu, məzmunsuz və nəticəsiz bir məşğuliyyətdir. Çünki Xalq Cəbhəsinin üzvləri fərariləri nəzərə almadan, onlara diqqət yetirmədən mübarizəni davam etdirənlərdir. Onlar üçün mövcudluğun missiyası toplumu bir neçə fərariyə və ya sosial tullantıya görə dəyərləndirməkdən ibarət deyil. Onların missiyası millətin gizli, qapalı potensialını Vətən və vətəndaşlar naminə gerçəkləşdirməkdən ibarətdir. Yaranışı elan edildiyi gündən Xalq Cəbhəsinin üzvlərinin simasını bu keyfiyyət müəyyən edir.

Cəbhəçilik mübarizə örnəyi yaratmaq deməkdir

Bu təşkilatın tarixini araşdıran hər bir araşdırmaçı Xalq Cəbhəsi üzvünün daşıdığı vətəndaşlıq dəyərlərinin məcmusuna və sahib olduğu mübarizə enerjisinə hər zaman qibtə, heyrət edəcək. Azərbaycan Xalq Cəbhəsinin üzvü millətin strateji məqsədlər naminə siyasi mübarizə örnəyidir. İndi bütün qəbildən olan mediada ölkədə baş verənlərə görə Xalq Cəbhəsini qınayanları, tənqid edənləri, bu təşkilatın bütövlükdə və ayrı-ayrı hadisələrlə bağlı fəaliyyətini, yanaşmasını təftiş edənlərə çox rast gələrsiniz. İqtidarda olmayan bir təşkilatın ölkədə baş verənlərlə bağlı bu qədər sorumlu sayılması da kimsəni təəccübləndirməz. Motivindən asılı olmayaraq, bütün tənqidçilərin içində hətta, ola bilsin, etiraf etmədikləri bir duyğu var ki, Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın mənəvi sahibidir. Zatən, Xalq Cəbhəsi üzvü bu sorumluluğu bildiyi üçün iradları təbii qəbul edir. Azərbaycan totalitarizminin Xalq Cəbhəsinə qarşı ən amansız üsullarla savaşının bir mühüm səbəbi də budur: ölkənin sərvətlərini, var-dövlətini oğurlayaraq mənimsəyən hakimiyyət Azərbaycanın mənəvi sahibliyinə heç zaman yüksələ bilməyəcəyini dərk edir. Buna görə də həm Xalq Cəbhəsinə qarşı, həm də ölkədəki mənəvi dəyərləri ləğv etmək uğrunda bütün vasitələrlə savaş aparır. Vaxtı ilə bu dəyərin hökmünü Sovet imperiyasının qırğıları da anlamışdılar. Bakıya qoşun yeridərkən “Biz Xalq Cəbhəsinin strukturlarını dağıtmaq üçün gəldik” demişdi SSRİ Müdafiə naziri Dmitri Yazov. O zaman Əbülfəz Elçibəy “Bu biçarələr anlamırlar ki, Xalq Cəbhəsi azərbaycanlıların qəlbindədir” demişdi.

Böyük iddia böyük missiya demək deyil

İndi də hökumət Xalq Cəbhəsinin strukturlarını dağıtmaq hikkəsi ilə, onu şüurlardan silmək, Azərbaycan insanının təhtəlşüurunda olan dirəniş anlayışının simvolu olan bu təşkilatı yox etmək hirsi ilə alışıb yanır. Amma Sovet İmperiyasının anlamadığı həqiqəti sovetin tör-töküntüləri də anlamaz. Xalq Cəbhəsinin hər bir üzvü bir partiyadır, bir təşkilatdır, bir sosial media fenomenidir. Bu təşkilatı yox etmək mümkün deyil. Totalitarizm Azərbaycana rəhbərlik etmiş Ayaz Mütəllibovu belə əzdi, sındırdı, şil-küt elədi, onu illərlə didərgin salan, onun mücərrəd hakimiyyət iddialarının qurbanı olaraq öldürülən, həbslərdə çürüdülən tərəfdarlarını da ayaqlayaraq rejimin ideya məzarı önündə baş əyməyə məcbur etdi. Amma Xalq Cəbhəsinin üzvü bütün məhrumiyyətlərə mətanətlə sinə gərir, təşkilatını yaşadır, Vətənin və millətin onun boynuna qoyduğu, bir çox zamanlarda isə ona, hətta, məsuliyyətsizcəsinə arxayın olduğu əmanəti- azadlıqlar uğrunda savaş ənənəsi adlı əmanəti şərəflə daşımaqdadır.

Xalq Cəbhəsinin üzvü olmaq şərtdir!

25 ildir ki, bu əmanət etibarlı əllərdədir. Repressiyalarla, təqiblərlə, siyasi qətllərlə, həbslərlə yorulmuş kimi görünən, mübarizə əzmi deyil, mübarizə səfi pozulan millətin tək ümid yeri olan Xalq Cəbhəsi üzvlərinin mövcudluq faktoru Azərbaycanın köləlikdən xilas kodudur. Heç bir haqqın tanınmadığı, hüququn tapdaq olduğu bir ölkədə bu əmanəti qorumaq, onu hər gün millətin başı üzərində dalğalandırmaq, bəzən hətta köləliyin idbar hala saldığı epizodların təhqiramiz hücumları qarşısında bu əmanəti qürurla daşıdığını bəyan etmək olduqca böyük cəsarət nümunəsidir və olduqca şərəfli bir missiyadır. Xırdalıqların, totalitarizmin ikrah doğuracaq hala gətirdiyi rəzil mahiyyətli çoxlarının anlamayacağı qədər böyük bir missiyadır. Xalq Cəbhəsi zatən totalitarizmin bu görsənişlərini də sağaltmaq, millət və Vətən üçün faydalı hala gətirməkdən yana vardır. Bu, bir vəzifədir. Xalq Cəbhəsi üzvü olmaq vəzifəsi. Bu vəzifəni daşımaq üçün bəzən Xalq Cəbhəsininin rəsmi üzvü olmağa ehtiyac yoxdur, deyənlər də olur. Amma Xalq Cəbhəsinin üzvü olmadan bu missiyanı daşımaq mümkün deyil. Çünki Xalq Cəbhəsi örtülü oyunları sevməz, açıq mübarizənin təşkilatıdır. Qaranlıqlar işıqla dağıdılır, çünki... 
Xalq Cəbhəsinin 25 illik yubileyi, sadəcə olaraq, təşkilatın bayramı deyil. Min illər ərzində Azərbaycanda aparılan azadlıq və ləyaqət mübarizəsinin bayram günüdür. 25 illik tarixi ilə min illərin mübarizə formulunu-düsturunu yaratmaq və onu daşımaq hər oğulun hünəri deyil. Xalq Cəbhəsi on minlərlə belə insanı birləşdirən təşkilatdır və onu məğlub etmək mümkünsüzdür. Xalq Cəbhəsinin üzvlərini bu böyük gün münasibətilə təbrik edirəm! Xalq Cəbhəsinin siyasətinə rəhbərlik edən fədakar insanları təbrik edirəm! Xalq Cəbhəsinin lideri Əli Kərimlini təbrik edirəm!

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1