Həbsxana yadımdan çıxdı...

3-10-2012, 23:46
0
Həbsxana yadımdan çıxdı...

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar...

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir...

Əvvəli ötən saylarımızda

Uşaqlar təkid edirdilər ki, getməyim və Novruz bayramını burada onlarla bir yerdə keçirim. Amma “Novruz burda qalır, bayramdan sonra gedəcək”, deyib zarafatla onları başımdan edirdim. Azər də yazıqlaşırdı. Daha gündə bir neçə dənə “Diklofenak” da onun ağrılarını kəsmirdi: gündə ən azı, 4-5 dənəsini vurmaq lazım gəlirdi. Bir az sonra öləcəkdi və gözümün qabağında ölməsini də istəmirdim. Deyə bilməzdim ki, ona alışmışdım. Sadəcə, yazığım gəlirdi. Bu arada birtəhər çalışıb onun atasını buraya gətizdirə bilmişdim. Atasını bir qırağa çəkib dişimin dibindən çıxanı demişdim ki, insan çıxılmaz vəziyyətə düşəndə onu bu şəkildə atmaq vicdanlı hərəkət deyil. Mənim anladığıma və Azərin özünün ucundan-qulağından dediyinə görə, onun həyat yoldaşı ilə valideynlərinin arasında hansısa narazılıq vardı. Hətta onun ürəyinə də nəsə dammışdı: “Mən ölüb-eləsəm, evimin kimə qalacağı barədə toqquşmaları olub, deyəsən... Amma onların hamısının acığına ölməyəcəm. Buradan çıxıb hamısını yerində otuzduracam. Mənim hesabıma adam olub ortalığa çıxan o qohumların hamısının üstündən xətt çəkəcəm...”
Azərin böyük imkanları varmış. Yəni, bir oliqarx-filan olmayıb, amma Aqil Əliyevin özəl mühafizə şirkətində ikinci-üçüncü adamlardan olmaq Daxili Işlər Nazirliyində yekə bir vəzifə tutmaq kimi bir şeydir. Bu ranqa uyğun da maddi və başqa imkanları olub. Amma daha heç nəyi yoxdur. Onu diriykən dəfn ediblər, yaddan çıxarıblar, öləcəyi günü, ölüm xəbərini gözləyirlər ki, özlərini onunla bağlayan xatirə qırıqlarını da birdəfəlik haradasa torpağa basdırsınlar. Onların bu xəbəri alacağı günə çox qalmamışdı...
Oturub baş həkimə ərizə yazdım və qeyd etdim ki, artıq müalicə prosesi başa çatdığı üçün “zon”a qayıtmaq istəyirəm. Axşam yoxlamasında səhər “etap”ını elan etdilər və mənim də adım çəkildiyi üçün yır-yığış edib, sonra Quran oxumağa davam etdim. Quranı üçüncü dəfə xətm etməyimə lap az, bir neçə surə qalmışdı və onu da oxuyub başa çatdım. Kitabı qatlayıb bir qırağa qoydum və “Quranı üçüncü dəfə xətm etdim”, deyərək uşaqlara məlumat verdim. Bir neçə dəqiqə sonra isə buraya kor bağırsağından əməliyyat üçün gətirilən və əməliyyatdan iki gün əvvəl çıxıb hələ qasığını tuta-tuta yeriyən bir “Xələc dustağı” bizim qapıdan içəri əyildi və dedi: “Televizorda siyahı oxudular. Sənin də adını oxudular. Hazırlaş, yəqin bir azdan buraxarlar”, - dedi. Hamı qaçıb televizor otağına getdi, amma oraya qaçmağın bir adı yoxdu. Çünki xəbər oxunmuşdusa, oxunmuşdu və AzTV-nin diktoru burada - “sentral”da beş-altı dustağın televizor otağına qaçmasından xəbər tuta bilməzdi, tutsa da, həmin xəbəri yenidən oxuya bilməzdi. Içəridə tək qalmışdım. Süleyman başını içəri soxub: “Hacı, o Atabəy kim idi, deyirdin? O, gəldi deyəsən...”, - deyib özünü tamamilə içəri saldı. Bir azdan məni təbrik etmək üçün otağa çoxlu adam doluşdu.
Səhəri gün 17-ci “zon”a qayıtmalı idim, amma deyəsən, qayıdası olmadım. Açığı, ora qayıdıb nə iş görəcəyimi də bilmirdim. Mənə çatan xəbərə görə, Eyvaz müəllim Rövşənə əsəbiləşib kupedən mənim stolumu da yığışdırmaq barədə əmr vermişdi. O stolu yerinə qaytarmaq çətin olardı. Hamı fikirləşərdi ki, bu adam buradan gedən kimi rəis stolu götüzdürdü, qayıdan kimi də qaytardı. Onun yerinə mən də olsam, o stolu yerinə qaytarmazdım...
Mürsəl Əhmədov məni Idarəyə çağırdı, təbrik etdi və telefonu göstərib dedi: “Evə zəng vur, sabah səhər saat 8-də çıxacağını de. Həm də mümkünsə, elə özləri gəlsinlər”.
Buradan özümlə nə aparacağımı müəyyənləşdirdim. Iri, qara, təkərli və dartıb uzadıla bilən dəmir qulplu “sakvoyaj”ımı ortalığa qoydum. Burada mənə məxsus olan xeyli predmet vardı: üstündə iri çobanyastığı gülləri olan və çox xoşladığım döşəkağı dəstindən tutmuş, bir cüt ehtiyat qış çəkməsinə qədər... 17-ci “zon”da aldığım və bütün bu müddətdə görüb yadımda saxlaya bildiyim yuxuları yazdığım qəhvəyi rəngli qalın dəftəri çantaya tulladım. Bir qədər də fikirləşdim və çantanın ağzını bağlayıb Azərə dedim: “Burada qalan nə varsa onları özün yerbəyer edərsən, kimə istəsən, ver!”
Səhəri gün isə mənə üstünə fotoşəklim yapışdırılmış bir kağız verdilər: 10 noyabr 2007-ci ildən 17 mart 2010-cu ilə qədər həbsxanada olub...
Bu kağızı cibimə qoydum, içində bloknotum olan çantanı arxamca sürütləyə-sürütləyə küçəyə, məni gözləyənlərin qarşısına çıxdım və... Həbsxana yadımdan çıxdı...

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1